Prezident İlham Əliyev: Bu ilin sonunda Macarıstana qaz təchizatını həyata keçirmək niyyətindəyik

Bu ilin sonunda Macarıstana qaz təchizatını həyata keçirmək niyyətindəyik.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev Berlində Almaniya Kansleri Olaf Şoltsla birgə mətbuat konfransı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Biz Avropa məkanına təbii qazı iki ildən bir qədər çox zaman kəsiyində ixrac edirik və ildən-ilə bu rəqəmlər artır. Rusiya-Ukrayna müharibəsindən sonra bizə Avropanın 10 ölkəsindən, ən azı 10 ölkəsindən sifarişlər gəldi. Təkliflər gəldi ki, biz o ölkələrə də qaz təchizatını təmin edək, ya da ki, artıq qaz təchiz etdiyimiz ölkələrdə qaz həcmini artıraq. Biz keçən il Avropa İttifaqı ilə imzalanmış Anlaşma Memorandumuna əsasən, 2027-ci ilə qədər 20 milyard kubmetr təbii qazı Avropa məkanına çatdırmağı planlaşdırırıq. Onu da bildirməliyəm ki, bizim qaz ixracatımız təkcə Avropa məkanı ilə məhdudlaşmır. Biz, eyni zamanda, bizim üçün ən böyük bazar olan Türkiyəyə və Gürcüstana da qaz ixrac edirik. Ona görə gələcəkdə qazın ixracatını Avropa məkanına çatdırmaq üçün əlbəttə ki, yeni kontraktlar imzalanmalıdır. Hazırda Azərbaycan qazı Türkiyə, Gürcüstan, Bolqarıstan, Yunanıstan və İtaliyaya çatdırılır. Bu ildən Rumıniyaya çatdırılmağa başlanmışdır. Bu ilin sonunda Macarıstana ilk qaz təchizatını həyata keçirmək fikrindəyik. Biz hazırda Albaniya hökuməti ilə Albaniyanın qaz təchizat şəbəkəsinin yaradılması və gələcəkdə Albaniyaya da qaz ixracatını təmin etmək üçün danışıqlara başlamışıq. Bizə sifariş edən ölkələr sırasında, eyni zamanda, Çex Respublikası, Monteneqro, Bosniya və Herseqovina, Xorvatiya və digər ölkələr var. Təbii ki, Avropada yaranmaqda olan interkonnektorlar da çox mühüm rol oynayır. Nə qədər çox interkonnektor olarsa, bir o qədər də bizim Avropa məkanında qaz ixracat coğrafiyası genişləndirilə bilər. Təbii ki, uzunmüddətli kontraktlar imzalanmalıdır. Çünki yaxşı bilirik ki, Avropada yaşıl keçidə meyillər çox yüksəkdir və biz uzunmüddətli kontraktlarda maraqlıyıq. Ümid edirəm ki, biz bu məsələləri bir-biri ilə uzlaşdıra bilərik. Eyni zamanda, Azərbaycanda bərpaolunan enerji növlərinə qoyulan sərmayəni nəzərə alsaq, hazırda elektrik enerjisinin istehsalına sərf olunan təbii qaz da Avropaya ixrac edilə bilər və beləliklə, gələcəkdə bizim nəzərdə tutduğumuzdan daha böyük rəqəmlə bizim ixracatımız ölçülə bilər".