USAİD-in Gürcüstanda planlaşdırdığı inqilab – Eyni ssenarini Azərbaycanda təkrarlamaq istəyiblər

Müəllif: Elvin Səxavətoğlu
Son dövrlər Gürcüstan ətrafında qalmaqallı proseslər yaşanmaqdadır. Məlumdur ki, ölkənin Dövlət Təhlükəsizliyi Xidməti oktyabr-dekabr aylarında Gürcüstanda dövlət çevrilişinə cəhdin olacağı ilə bağlı məlumat yayıb.
Məlumatda deyilir: "İctimaiyyətə xatırlatmaq istərdik ki, özəyi "Otpor" təşkilatı olan CANVAS təşkilatı bu ilin oktyabr-dekabr aylarında Gürcüstanda planlaşdırılan inqilabi ssenariyə gənclər qruplarını hazırlamaq üçün istifadə olunur. Sözügedən təşkilatların xarici ölkələrdəki inqilabi proseslərdə iştirak etməkdə və zorakı etiraz aksiyalarının təşkili üzrə təlimlərdə müəyyən praktiki təcrübəsi var".
Bu bəyanatdan əvvəl Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) brifinqi keçirilib və orada bildirilib ki, Şərq-Qərb İdarəetmə İnstitutunun dəvəti ilə USAID proqramı çərçivəsində Serbiyanın CANVAS (Tətbiqi Qeyri-zorakı Fəaliyyət və Strategiyalar Mərkəzi) qeyri-hökumət təşkilatının nümayəndələri Gürcüstanda olublar.
DTX-nin məlumatına görə, Serbiya vətəndaşları Sinişa Sikman, Yelena Stoyşiç və Slobodan Cinoviç sentyabrın 25-də Gürcüstana gəliblər. Ötən cümə günü onlar DTX-yə dindirilməyə çağırılıblar. Onlara qarşı heç bir ittiham irəli sürülməyib və sentyabrın 30-da Serbiya vətəndaşları Gürcüstan ərazisini tərk ediblər.
Niyə məhz oktyabr-dekabr ayları seçilib?
Rəsmi məlumatda bildirilir ki, bu aylarda Gürcüstanın Aİ-yə namizəd statusu almaq üçün tövsiyələrin yerinə yetirilməsini qiymətləndirən Avropa Komissiyasının aralıq və yekun hesabatları dərc edilməlidir.
Deməli, əgər tövsiyələrlə bağlı mənfi rəy verilərsə, narazı kütlə küçələrə çıxacaq və bununla da inqilab ssenarisi üçün düyməyə basılacaq.
İnqilabi prosesin əsas maliyyəçisi isə USAID-dır (ABŞ Beynəlxalq İnkişaf Agentliyi).
Xatırladaq ki, USAİD 2023-2025-ci illərdə müxtəlif ölkələrdə "vətəndaş cəmiyyəti" quruculuğuna 10 milyard dollara yaxın vəsait ayırıb.
Görünür, ilk hədəf Gürcüstandır. Ölkə parlamentinin sədri Şalva Papuaşvili deyib ki, Amerika xalqının pulu Gürcüstanda inqilabi proseslərin planlaşdırılmasına sərf olunur.
"Bu, Amerikanın Gürcüstana yardımı tarixində qara gündür. USAID (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) Amerika xalqının pullarının niyə başqa ölkəyə iğtişaşları qızışdırmaq, iğtişaşlar planlaşdıran və zorakılıq törədən qrupları hazırlamaq üçün getdiyini izah etməlidir".
Göründüyü kimi, ABŞ köhnə "xaos ssenarisi"ni indi də Gürcüstanda işə salıb və ölkədə qarşıdakı aylarda xaos yaratmaq üçün sistemli iş aparılır.
ABŞ-ın köhnə "xaos ssenarisi"nin hədəfləri
Məlumdur ki, İkinci Dünya Müharibəsindən sonra ABŞ-ın artan qlobal nüfuzu fonunda rəsmi Vaşinqton dövlətlərin daxili işlərinə müdaxilə etməyə başlamışdı. ABŞ bu prosesdə müxtəlif siyasi təşkilatların, nəzarəti altına aldığı medianın və maliyyə qurumlarının köməyindən gen-bol istifadə edirdi.
Yəni hansı dövlətin rəhbərliyi ABŞ-ın maraqlarına uyğun siyasət yürütmürdüsə, "demokratiya prinsipləri" ortaya atılırdı. Daha sonra hakimiyyətə sistemli təzyiqlər olunur və güzəştlər tələb edilirdi. Hədəfdəki ölkənin siyasi hakimiyyəti ABŞ-ın tələblərini yerinə yetirməyəndə isə əvvəlcədən yazılan ssenari üzrə "xaos ssenarisi"nə start verilirdi.
Vaşinqtonun "soyuq müharibə" dövründəki qlobal hədəflərinin əsas icraçılarından biri ABŞ hökumətinin xarici yardım təşkilatı - yəni USAİD olub.
Əslində USAİD niyə yaradılmışdı?
USAİD İkinci Dünya Müharibəsindən sonra yaradılıb. Həmin dövrdə ABŞ Avropanın yenidən qurulması üçün qitədə Marşal planı həyata keçirirdi.
1961-ci ildə plana dəstək vermək məqsədi ilə ABŞ Konqresinin qəbul etdiyi Xarici Yardım Aktı əsasında Agentliyin yaradılması gündəmə gətirilmişdi. Həmin Agentlik əsasən iqtisadi yardım proqramları - kənd təsərrüfatı, ticarət, səhiyyə və humanitar yardımları idarə etmək üçün fəaliyyət göstərməli idi.
Qəbul olunmuş akta uyğun olaraq 3 noyabr 1961-ci ildə prezident Con Kennedi USAİD-in təsis edilməsi haqqında sənəd imzalamışdı.
Bəs, USİAD ötən dövr ərzində nə işlə məşğul olub?
Faktlar sübut edir ki, ABŞ hökumətinin xarici yardım təşkilatı rəsmi Vaşinqtonun tapşırığı əsasında dövlətlərin daxili işlərinə müdaxiləni qarşısına əsas hədəf qoyub.
Məsələn, USİAD nümayəndələri 2005-ci ildə Eritreyada daxili qarışıqlıq yaratmaq məqsədi ilə fəaliyyət göstərdiyi üçün ölkədən qovulub. Təşkilatın pozuculuq fəaliyyəti bununla da bitmir. Son 5 il ərzində USİAD-ın Rusiya, Belarus və Efiopiyadakı ofisləri bağlanıb.
Səbəb isə eynidir...
Bir sözlə, USAİD və onun nəzarətində olan təşkilatlar dolayı yollarla ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə tabe olan, məqsədlərini pərdələyən və İdarənin birbaşa müdaxilə edə bilmədiyi dövlətlərdə pozucu fəaliyyətlə məşğul olan qurumdur.
Həmin təşkilatlar müxalif qruplarla əlaqələyə girib, onları pulla ələ almaqla hakimiyyətlərin devrilməsi üçün əməkdaşlıq edirlər.
USAİD-ın qışa dönən "Ərəb Baharı"
Ötən dövr ərzində bu təşkilatların dəstəyi ilə keçmiş postsovet ölkələri - Gürcüstan, Ukrayna, Qırğızıstan və Ermənistanda rəngli inqilablar baş tutub. Həmçinin Qazaxıstan, Rusiya, Belarus və Özbəkistanda genişmiqyaslı ixtişaşlar təşkil olunub. Amma nəticə əldə edə bilməyiblər.
Bundan başqa, milyonlarla insanın ölümünə və qaçqın düşməsinə səbəb olan "ərəb baharı"da Qərb fondlarının "əl işidir". Tunis, Liviya, Misir, Yəmən, Suriya və digər bir çox Yaxın Şərq ölkəsini əhatə edən xaos layihəsi öz "uğurlu" nəticəsini verib.
"Ərəb Baharı"nın da əsas icraçıları özəyi "Otpor" təşkilatı olan CANVAS təşkilatı idi. Tapşırıqları isə USAID-dan alırdılar.
Ərəb ölkələrindəki qanlı prosesin detallarına diqqət etsək görərik ki, proses çox incəliklə təşkil olunub.
İlk növbədə inqilabi prosesin başlaması üçün bir bəhanə lazım olur. Məsələn, Tunisdə qarışıqlıq yaratmağa bəhanə 18 dekabr 2010-cu ildə işsiz bir universitet məzunu olan Məhəmməd Buəzizi özünü yandırması oldu. Bu hadisədən sonra ölkədə genişmiqyaslı aksiyalar başlamışdı.
Suriya, Misir, Liviya və digər ərəb ölkələrində də qarışıqlığın yaradılması üçün hər hansı bir bəhanə tapıldı və ölkə uzun müddət çıxa bilməyəcəyi bataqlığa sürükləndi.
Gürcüstanda qarışıqlığın yaradılmasına bəhanə yuxarıda da qeyd olunduğu kimi, Avropa Komissiyasının aralıq və yekun hesabatlarındakı mənfi rəy ola bilər.
CANVAS-ın aksiyalarının təşkilində işlətdiyi aldatıcı taktikalar
Xüsusilə vurğulanmalıdır ki, ərəb ölkələrindəki aksiyaların əsas təşkilatçıları CANVAS-ın təlimlərində iştirak etmiş şəxslər idi.
Məsələn, təşkilatçılar ərəb olsalar da, ingiliscə çox mükəmməl danışmaq bacarığına malik idilər.
Suriyada 2011-ci ildə başlayan aksiyalar zamanı yeniyetmə qızın xalqı küçələrə əvvəlcə ərəb, sonra isə ana dili kimi mükəmməl danışdığı ingilis dilində çağırması diqqət çəkmişdi.
Həmçinin Misir və Suriyada keçirilən aksiyalarda əsas təşkilatçıların geyimləri də xüsusi seçilirdi. Onların geyimi, müsəlman qızların rəngli hicabı aksiya iştirakçılarına xoş təsir bağışlamalı, diqqətlərini çəkməli idi. Bu məqamlar aksiyalara qoşulanların sayına müsbət təsir edirdi.
Əsas diqqətçəkən məqam isə aksiyaya gələn şəxslərin gedərkən mitinq meydanını təmizləmələri ilə bağlı tapşırıq almalarıdır. Burada əsas hədəf mitinqlərin zorakı deyil, qeyri-zorakı məqsədlərinin olduğunu cəmiyyətin bütün kəsimlərinin diqqətinə çatdırmaq və növbəti aksiyalara daha çox etirazçının gəlməsinə nail olmaq idi.
CANVAS-çıların əsas silahlarından biri də Qərbyönümlü mediadır. Onlar əvvəlcə Qərbyönümlü medianın köməyi ilə ölkədəki mənfi hadisələri, sosial problemləri sürətlə tirajlayırlar. Başqa sözlə, xalqı hakimiyyətə qarşı çıxmağa sövq edirlər. İnqilabi proses başladıqdan sonra isə aksiyaları insanlara elə təqdim edir ki, sanki bu nümayişlərdə iştirak etməsələr, ölkənin uğurlu yoluna xəyanət etmiş olacaqlar.
Hazırda oxşar taktikanın Gürcüstanda həyata keçirilməsi planlaşdılır. Gürcüstan DTX-nin yaydığı məlumata görə, 26-29 sentyabr 2023-cü il tarixləri arasında Tbilisidəki IBIS hotelində hökumətin zorla devrilməsi proseslərinə yenidən hazırlıq keçirilib. Bu şəxslərə hədəf qruplara, yəni hakimiyyət orqanlarına, kilsəyə, Dövlət Təhlükəsizliyi Xidmətinə və digər idarələrə qarşı necə hərəkət etməli olduqları, həmçinin piketlərin və süni tıxacların yaradılması yolları, inzibati binalara girişin qarşısında çadırların qurulması üsulları, dövlət strukturlarında gərginlik yaradılması yolları öyrədilib.
USAİD-in uzun illərdir Azərbaycanda icra edə bilmədiyi inqilab planı
Azərbaycan müstəqillik qazandıqdan sonra Qərbin bir çox siyasi və iqtisadi təsisatları ilə bərabərhüquqlu münasibətlər qurdu. Bu təsisatlar sırasına ABŞ və Avropanın siyasi institutları, maliyyə fondları, həmçinin hüquq-müdafiə təşkilatları var. Düzdür, bu qurumların bəziləri Azərbaycanla şəffaf əməkdaşlıqda maraqlı olsalarda, bir çoxu "demokratik dəyərlər" adı altında maskalanıblar.
Məsələn, başda USAİD olmaqla, NED, Fridrix Nauman, Marşall, İREX kimi Qərb təşkilatları "demokratik dəyərlər" maskası altında gizlənərək Azərbaycandakı fəaliyyətlərinin ilk dövrlərindən təxribatçı planlar qurmaqla məşğul olublar.
Bir sözlə, həmin qurumlar müxalifəti və media orqanları ələ almaqla, region ölkələrində təşkil etdikləri rəngli inqilabları, xaosu Azərbaycana ixrac etməyə çalışıblar.
Bunun üçün Azərbaycanda müxtəlif dövrlərdə NİDA və "Dalğa" kimi xarici dairələrin təsiri altında olan gənclərin toplaşdığı təşkilatları maliyyələşdiriblər. Adıçəkilən qurumlar bir zamanlar Bakıda keçirilən qanunsuz etiraz aksiyalarının əsas icraçıları idilər.
Planlarını həyata keçirmək üçün xarici təsir altına düşən gənclərlə yanaşı, ölkənin maraqlarını beş-on manata satan media orqanları ilə də əməkdaşlıq ediblər. Məsələn, USAİD 2014-cü ildə Azərbaycanda "müstəqil medianın inkişafı" üçün 2,4 milyon dollar məbləğində qrant elan edib. Bu həmin dövr üçün fantastik rəqəm idi və qrant müsabiqəsində iştirak sərbəst deyildi. Müsabiqəyə yalnız USAİD-in tapşırıqlarına uyğun davranan media orqanları buraxılırdı.
Təbii ki, Azərbaycan bütün dövrlərdə daxili sabitliyin pozulmaması üçün xarici qüvvələrin maliyyələşdirdiyi siyasi layihələrə qarşı sərt mövqe sərgiləyib. Prosesə müdaxilə edən rəsmi Bakı, QHT-lərin və siyasi partiyaların xaricdən maliyyələşməsinin qarşısını almaq üçün müxtəlif qadağalar tətbiq etmişdi. Buna baxmayaraq, Qərb təşkilatları öz niyyətlərini Gürcüstan vasitəsi ilə həyata keçirməyə cəhd göstərdi. Amma əsas təşkilatçılar həbs olundu və cəhd baş tutmadı.
Bundan başqa, illər əvvəl müxalifyönlü gənclərin ABŞ-ın National Democratic Institute - NDİ (Milli Demokratiya İnstitunu) tərəfindən maliyyələşdirilməsi, qurumun Azərbaycandakı nümayəndəsinin 2 milyon dolları bu məqsədlərə xərcləməsi barədə faktlar aşkarlanmışdı. Bu qalmaqaldan sonra NDİ-ın Azərbaycandakı nümayəndəliyi ölkədən çıxarılmışdı. Amma buna baxmayaraq, USAİD müxtəlif yollarla Azərbaycan cəmiyyətinə təsir etməyə, gəncləri zərərli fikirləri ilə zəhərləməyə cəhd göstərir.
Məsələn, son dövrlər Azərbaycanda bəzi gənclər "NoWar" - yəni "Müharibəyə yox" şüarları ilə gündəmə gəlməyə çalışırlar.
Guya onlar həm Azərbaycan, həm də Erməni xalqının təəssübünü çəkirlər, insanların ölməsinə qarşıdırlar.
Əslində isə hədəf nədir?
Həmin qüvvələr Azərbaycandakı vətənpərvər gənclərin beyinlərini zəhərləyərək, Qarabağ uğrunda aparılan mübarizənin effektini sıfıra endirməyi planlaşdırırdılar. İstəyirdilər ki, status-kvonun olduğu kimi saxlanılsın. Bu səbəbdən, "NoWar"-çulara daha çox maliyyə ayırmağa başlamışdılar ki, cəmiyyətdəki vətənpərvərlik hisslərini məhv etsinlər. Nəticədə Qarabağ üçün döyüşmək istəyən olmasın. Son illər bu cür çağırışlara tez-tez rast gəlinir. Amma USAİD və ondan törəyən təşkilatların ölkədə həyata keçirmək istədiyi inqilab planlarına müqaviməti, həm də Qarabağla bağlı əldə etdiyimiz uğurlar göstərirk ki, ABŞ qurumları Azərbaycanda heç vaxt hədəflərinə çata bilməyiblər.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре