Qərbin Qafqazdakı qanlı niyyəti

Müəllif: Elvin Səxavətoğlu

Bir il yarımdan çoxdur davam edən Rusiya-Ukrayna müharibəsində qalib tərəf hələ də müəyyənləşməyib. Amma müharibə nəticəsində milyonlara insan qaçqın düşüb, yüz minlərlə ukraynalı həyatını itirib.

Ukraynanın əhalisinin sayı 20 milyon nəfərə düşüb. Həmçinin ölkənin şəhərlərinin infrastrukturu darmadağın edilib.

Qərbin müharibə bataqlığı 

Rusiya-Ukrayna müharibəsi dünyanın ərzaq təhlükəsizliyinə ciddi təhdidlər yaranıb. Çünki Ukraynadan taxıl ixacına maneələrin yaranması qiymətlərdə ciddi artımlara səbəb olub. ABŞ-ın rəhbərliyi altında kollektiv Qərb Ukraynaya külli miqdarda hərbi və humanitar yardımlar ayırsa da, bu yardımlar Rusiyaya qalib gəlmək üçün kifayət etmir.

İndi Qərb ölkələri Rusiyaya tarixin ən ağır sanksiyalarını tətbiq edir. ABŞ və müttəfiqləri sanksiyalarla da Kremlin iqtisadi, siyasi və hərbi manevrlərini məhdudlaşdıra bilmir.

Ukraynanı fəlakətə sürükləyən Qərbin başı yeni bəlaya qarışıb. Daha doğrusu Qərb başını indi də Yaxın Şərqdə bəlaya salıb. Hazırda davam edən İsrail-HƏMAS qarşıdurmasını ABŞ və müttəfiqləri üçün ikinci cəbhə hesab etmək olar.

Kiyevi müharibəyə sürükləyənlər uzun müddət çalışdılar ki, Rusiya üçün ikinci cəbhə açsınlar. Bəlkə də Qərbdə bu cəhbənin Cənubi Qafqazda açılacağına inananlar da var idi. Amma bu plan baş tutmadı. Hazırda isə İsrail-HƏMAS qarşıdurması uzandıqca, Qərb iki cəbhədə vuruşmaq məcbudiyyətində qalır.

Təbii ki, Təl-Əvivin maraqları Qərb üçün daha önəmlidir.

Bu səbəbdən, ABŞ və müttəfiqləri artıq Ukrayna xalqına xəyanət etməyə başlayıblar. Proseslər göstərir ki, Qərb dövlətləri beynəlxalq müharibələri maliyyələşdirməklə bağlı ciddi çətinliklərlə üzləşəcək. Çünki iki cəbhədə müharibə aparmaq üçün çox böyük maliyyə və hərbi resurs olmalıdır. 

Çox ehtimal, ABŞ və Avropa İttifaqı dövlətləri İsrail-HƏMAS qarşıdurması fonunda Rusiya ilə gizli danışıqlara başlayacaq və ya artıq başlayıb.

Buna paralel olaraq, Qərb müharibədəki uğursuzluqları Ukraynanın üzərinə atmağa çalışır. Artıq qitənin tədqiqat mərkəzlərində və mediasında bu mövzuda məqalələr dərc olunur.

Ukraynanın parçalanma planı işə salınır

Müharibə yeni başlayanda iddia olunurdu ki, Ukrayna Koreya modeli əsasında iki hissəyə bölündükdən sonra hərbi əməliyyatlar dayanacaq. Hadisələrin gedişi göstərir ki, Qərb Ukraynanın parçalanması planı üzərində sürətli iş aparır. Çox ehtimal, ölkə Dnepr çayının şərq və qərb sahili olmaqla iki hissəyə bölünəcək.

Qərb sahilinə ABŞ və müttəfiqlərinin tərəfində olan Polşa iddia edəcək.Yəni millətçilərin üstünlük təşkil etdiyi Qərbi Ukrayna Polşanın (dolayısı ilə Qərbin - red. ), Rusiyayönümlülərin üstünlük təşkil etdiyi Şərqi Ukrayna isə Rusiyanın nəzarətinə keçə bilər.

Aydın olur ki, Qərb dövlətləri qədimdə olduğu kimi, hazırda da "Parçala və hökm sür" strategiyası ilə siyasət həyata keçirirlər. XXI əsrdə bu strategiya ilk dəfə deyil ki, həyata keçirilir.

Məsələn, 2008-ci ildə Gürcüstan da Ukraynanın taleyini yaşamaq üzrə idi. Rusiya-Gürcüstan müharibəsini Qərb alovlandırsa da, aktiv hərbi əməliyyatlar başladıqdan sonra Tbilisini yalnız buraxmışdılar. Nəticədə Gürcüstan ərazisi itkisi ilə üzləşmişdi.

Ermənistanın sürükləndiyi müharibə bataqlığı 

Proseslər göstərir ki, Gürcüstan və Ukrayna  fəlakətindən sonra kollektiv Qərbin növbəti hədəfi Ermənistandır.

Hazırda Azərbaycanla sülh müqaviləsi bağlamaq üzrə olan Ermənistan Qərbdəki havadarları tərəfində silahlandırılır. Maraqlıdır ki, əgər iki ölkə arasında sülh müqaviləsi imzalanacaqsa, Qərb dövlətləri Ermənistanı niyə silahlandırır?

Demək ki, kollektiv Qərbin Cənubi Qafqazda heç bir sülhpərvər niyyəti yoxdur. Onlar Ermənistanı ikinci Ukraynaya çevirmək istəyirlər. Bunun üçün isə İrəvanı silahlandırıb revanşa həvəsləndirirlər və Azərbaycanla üz-üzə qoyurlar.

1994-cü ildə atəşkəs imzalandıqdan sonrakı tarixə nəzər salsaq görərik ki, Ermənistan Azərbaycanla girdiyi heç bir hərbi toqquşmadan qalib ayrılmayıb.

İkinci Qarabağ Müharibəsində isə ordusu darmadağın edilib.

Ermənistan Qərbə güvənib Azərbaycanla yeni hərbi toqquşmaya gedərsə də, eyni vəziyyətlə üzləşəcəyini əvvəlcədən proqnozlaşdırmaq olar.

Gürcüstan və Ukrayna ssenariləri göstərir ki, ABŞ və müttəfiqləri Ermənistanı yalnız buraxacaq. Nəticədə Cənubi Qafqazda yeni gərginlik ocağı yaran və kollektiv Qərb bu ocaqdan qidalanmağa çalışacaq. Necə ki, bunu Suriyada, İraqda, Liviyada, Gürcüstanda, Ukraynada, Əfqanıstanda və dünyanın digər qaynar nöqtələrində edir.

Ümumilikdə belə bir nəticəyə gəlmək olar ki, Qərb güvəniləcək tərəf deyil. Verdiyi vədlərə əməl etmir və hər an sözündən dönə bilər. Yuxarıda sadalanan nümunələr buna əyani sübutdur.