Balıqdan keçir, ölümcüldür - ST 283 ştammı NƏDİR?
Çinin Honq-Konq bölgəsində 90-dan çox sakin B qrupu streptokok bakteriyalarının səbəb olduğu infeksiyaya yoluxub, nəticədə 4 nəfər ölüb.
Day.Az "Yeni Müsavat"-a istinadən xəbər verir ki, bu barədə yerli səhiyyə departamenti məlumat yayıb.
Hazırda mikroba yoluxanların ümumi sayının 91 nəfər olduğu, onlardan 40 nəfərin artıq evə buraxıldığı, 43 nəfərin vəziyyətinin stabil, daha 4 nəfərin vəziyyətinin isə ağır olduğu deyilir. Dörd nəfər ölüb.
İnfeksiyaya ST 283 ştammının səbəb olduğu bildirilir. Epidemioloji analiz göstərib ki, 75 xəstə simptomlar başlamazdan əvvəl emal edilməmiş şirin su balıqları ilə təmasda olub. Xəstələr Honq-Konqun müxtəlif yerlərinin sakinləridir və 18 rayonda yerləşən 47 bazardan balıq alıblar.
Yerli səhiyyə məmurlar sakinlərə emal olunmamış şirin su balıqları ilə işləyərkən əlcək taxmağı, onu çiy yeməkdən çəkinməyi və yara iltihabı və qızdırma əlamətləri görünən kimi dərhal həkimə müraciət etməyi tövsiyə ediblər.
Qeyd edək ki, B qrupu streptokoklar (Streptococcus agalactiae) sağlam sağlam kişilərin 10-35%-nin bağırsaqlarında, sağlam qadınların isə 10-35%-nin daxili cinsi orqanlarında yaşayan mikroorqanizmlərdir. Bu bakteriyalar orqanizmin mikroflorasının təbii tərkib hissəsidir və adətən heç bir fəsad törətmir. Ancaq xüsusi hallarda onlar ciddi yoluxucu xəstəliklərə səbəb ola bilərlər.
Bəs bu infeksiya nə dərəcədə təhlükəlidir? Çiy balıqla təmas doğrudanmı xəstəliyə səbəb ola bilər?
Yada salaq ki, koronavirus da ilk dəfə Çində yayılmışdı və bundan sonra dünyaya yayılaraq pandemiyaya səbəb olmuşdu.
Son zamanlarda ölkəmizdə müxtəlif viruslar yayılıb, insanlar arasında yayılan virusun təkcə qrip olmadığı deyilir. Çünki havaların soyuması özü ilə bərabər müxtəlif növ virusların yayılmasına da səbəb olub. Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib ki, hazırda havaların bir qədər soyumasına baxmayaraq, ölkəmizdə koronavirusla bağlı epidemioloji vəziyyət sabitdir. O bildirib ki, ara-sıra kiçik dalğalanmalar müşahidə olunsa da, yeni yoluxma halları minimaldır: "Xəstəlik əksərən yüngül, yuxarı tənəffüs yollarının zədələnmə əlamətləri ilə keçir və fəsadsız ötüşür. Ağır və fəsadlaşmış hallar əsasən risk qrupları arasında təsadüf edir".
Qeyd edək ki, B qrupu streptokok bəzi kişilərdə və bəzi qadınlarda, həzm sistemində və ya hətta uşaqlıqda (vaginada) tapılan bir bakteriyadır. Bu mikroorqanizm heç bir simptomlara səbəb olmadan normal mikroflora kimi orqanizmdə mövcuddur. Streptococcus B qadınların ən azı 15%-də vaginal florada asimptomatik olaraq aşkar edilir. Hamiləlik dövründə qadınların 5-40%-ində aşkar olunur. Ancaq uşaqlığı kolonize etməsi faktı və bu bakteriyanın olması doğuş zamanı körpənin infeksiyaya yoluxmasına səbəb ola bilər. Daşıyıcı olan qadında, ümumiyyətlə, zərərsiz olsa da, bu mikrob anadan uşağa, əksər hallarda doğuş zamanı keçə bilər.
B qrupu streptokoklar neonatal sepsisin və yenidoğulmuşların meningitinin ən çox yayılmış törədicilərindən biri kimi tanınır. Müxtəlif mənbələrə görə, yeni doğulmuş uşaqlar arasında streptokok infeksiyası (B qrupu) 1-5%, bu halda ölüm ehtimalı isə 22-80% təşkil edir. Bunu nəzərə alaraq, neonatal fəsadların qarşısını almaq üçün hamilə qadınların daha gec həftələrdə (35 həftə) müayinə olunması tövsiyə olunur.
Analiz nə üçün istifadə olunur: dölün infeksiyasının qarşısını almaq üçün "Streptococcus agalactiae"nin erkən diaqnozu məqsədilə, perinatal S. agalactiae infeksiyasından xəstələnmə və ölümü azaltmaq məqsədilə, yaşlılar və immun çatışmazlığı olanlar arasında infeksiyanın aşkarlanması üçün.
Analiz nə vaxt təyin olunur: hamiləliyə hazırlıq müddətində; hamiləliyin 35-37 həftəsində, doğuş öncəsi müddətdə; yaşlılarda və immun çatışmazlığı olanlarda dəri və yumşaq toxuma infeksiyaları, pnevmoniya, osteomielit, sidik yollarının infeksiyaları, nekrotizan fasiit, miyozit, sepsis, artrit, prostatit kimi müxtəlif xəstəliklər müşahidə olunduqda, nəticələr interpretasiyası:
Pozitiv nəticə B qrupu hemolitik streptokokla infeksiyanı göstərir. Neqativ nəticə Streptococcus agalactiae infeksiyasının olmaması deməkdir.
İnfeksionist Nilufər Məmmədova mövzu ilə bağlı "Yeni Müsavat"a fikirlərini bölüşüb: "B qrup streptokoklar normal mikrofloranın bir hissəsi olsa da, xüsusi hallarda ciddi infeksiyalara səbəb ola bilir. Honq-Konqda bu baş verən yoluxma ST 283 ştammına aiddir. Bu da müəyyən coğrafi bölgələrdə fərqli epidemiyalar yarada bilən xüsusi bir ştammdır. Şirin su balıqlarının infeksiyaya səbəb olması da elmi cəhətdən belə əsaslandırıla bilər. Çünki bəzi qidalar və heyvanlar bakteriyaların ötürülmə mənbəyi ola bilər. Burada əsas məqam infeksiyanın ST 283-ün təsiri ilə meydana gəlməsidir. Onun şirin su balıqları ilə əlaqələndirilməsidir. Ümumiyyətlə, epidemiyaların yaranması üçün qidalanma, ekologiya böyük rol oynayır. Xüsusilə də qidanın emal olunmamış vəziyyətdə qəbul olunması zamanı biz bunları görə bilərik. ST 283 ştammı barəsində onu deyə bilərəm ki, bu Asiya bölgəsində yayılmış bir ştammdır. Digər ştammlara nisbətən daha ciddi fəsadlara səbəb ola bilir. Burada şirin su balıqları ilə təmas, həmçinin çiy şəkildə yeyilmənin yoluxmaya səbəb ola biləcəyi və bunun əhaliyə risk yaratmasını nəzərə almalıyıq. Bunu nəzərə alaraq insanlara tövsiyə olunur ki, emal olunmamış qidalardan uzaq olsunlar. Əl gigiyenasına riayət etsinlər və zədələnmiş dərilərlə bu tip qidaların təması zamanı xüsusilə ehtiyatlı olmaq lazımdır. Vaxtında diaqnoz qoyulduqda və müvafiq antibiotiklərlə müalicə apardıqda xəstəlik sağalma ilə nəticələnir. Bu bizim bölgə üçün xas olan xəstəlik deyil. Ona görə də narahatlığa əsas yoxdur".
İnfeksionist əlavə edib ki, ST 283 ştammı virus deyil: "Bu, bir bakteriyadır. Bu tip bakteriyaların pandemiyaya səbəb olma ehtimalı yoxdur. Ona görə təşviş üçün əsas yoxdur".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре