COP for Hope: COP29-da əldə olunan nailiyyətlər açıqlandı
COP29 çərçivəsində Trend BİA "COP for Hope" adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə - siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.
Budəfəki müsahibimiz COP29-un baş danışıqçısı, Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyevdir.
Yalçın Rəfiyev Trend-ə açıqlamasında bildirib ki, ən böyük nailiyyət konfransın ilk günü COP-un gündəliyinin qəbul edilməsidir.
O qeyd edib ki, təxminən 20 saata yaxın davam edən danışıqlar prosesinin nəticəsində gündəliyin qəbul edilməsinə nail olunub:
"Artıq COP29-un 4-cü günündəyik. Ən böyük nailiyyət konfransın ilk günü COP-un gündəliyinin qəbul edilməsidir. Normalda, təcrübəyə əsasən, gündəlik çox ağır danışıqlar prosesindən keçməklə qəbul olunur.
Təxminən 20 saata yaxın davam edən danışıqlar prosesinin nəticəsində onu qəbul etməyə nail ola bildik.
Eyni zamanda, ilk gün vacib qərarlardan biri Paris Sazişinin 6-cı maddəsinin 4-cü bəndi ilə bağlı karbon ticarəti bazarlarını tənzimləyən standarlar haqqında qərar qəbul olundu.
Bu, ona görə önəmli idi ki, 10 ildən artıq idi ki, qəbul edilə bilmirdi. Son üç COP-da bununla bağlı cəhdlər olsa da, alınmamışdı. Biz isə bunu ilk gündəcə qəbul etdirməyə nail olduq. Bunun əsas əhəmiyyəti ondan ibarətdir ki, nəinki ilk gün bunu qəbul etdirdik, həm də bu, ilk gündən etibarən danışıqlar otaqlarında konstruktiv bir mühitin yaranmasına xidmət etdi.
Əlavə böyük nailiyyət, məncə, çoxtərəfli inkişaf bankları - Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Valyuta Fondu və digərlərinin bir ortaq bəyanatı oldu. Azərbaycan tərəfi ilin əvvəlindən etibarən bu banklara müraciət edirdi ki, iqlimlə bağlı məbləği, etdikləri yardımı və investisiyanı artırsınlar.
Nəticədə, 75 milyarddan 170 milyarda qaldırıldı. Bu, çox böyük əhəmiyyətli rəqəmdir. Artıq dünəndən etibarən beynəlxalq mediada bu məsələ barədə kifayət qədər ətraflı şəkildə yazılar dərc olunur".
"Digər bir irəliləyiş kimi onu qeyd etmək olar ki, Azərbaycandan ən böyük gözlənti Şarm Əl-Şeyx COP-unda təmsil edilmiş İtki və Zərər Fondunun fəaliyyətə keçməsini təmin etmək idi. Biz burada Filippin hökuməti ilə onun ev sahibliyi haqqında sazişi imzaladıq. Dünya Bankı ilə həmin vaxta qədərki ev sahibliyi haqqında saziş imzalandı, onun icraçı direktoru ilk dəfə təyin olunmuş halda çıxış etdi. Nəhayət, İsveç tərəfi Fonda 19 milyon ABŞ dolları töhvəsini elan etdi. Bunları ilk üç gün üçün əsas nailiyyətlər hesab etmək olar", - deyə Y.Rəfiyev vurğulayıb.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре