COP29-un Yaşıl Zonasında “Liderlik edən qadınlar: Dayanıqlı gələcək üçün iqlim çempionları” mövzusunda panel sessiyası keçirilib - FOTO
Bakıda davam etməkdə olan COP29 beynəlxalq iqlim konfransının yeddinci günündə Yaşıl Zona proqramı üzrə müxtəlif tədbirlər keçirilib və bu tədbirlər çərçivəsində iştirakçılar iqlim fəaliyyəti, dayanıqlı gələcəklə bağlı təşəbbüsləri müzakirə etmək üçün bir araya gəliblər. 17 noyabr tarixində Yaşıl Zonada COP29 Azərbaycan Əməliyyat Şirkəti və COP29-un telekommunikasiya tərəfdaşı "Azercell Telekom" MMC tərəfindən birgə panel sessiyası da baş tutub.
Əməliyyat Şirkətindən Day.Az-a verilən məlumata görə, "Azercell Telekom"un hüquq və məlumat strategiyası üzrə baş mütəxəssisi Şirin Əliyevanın moderatorluğu ilə keçirilən "Liderlik edən qadınlar: Dayanıqlı gələcək üçün iqlim çempionları" panel sessiyası iqlim dəyişmələrinə qarşı mübarizədə transformativ dəyişikliyə təkan verən aparıcı qadın mütəxəssisləri və iqlim liderlərini bir araya gətirib. Panel sessiyasında Macarıstanın Energetika Nazirliyində iqlim üzrə xüsusi tapşırıqlar səfiri Barbara Botos, "onepoint5"in təsisçi tərəfdaşı və baş direktoru eyni zamanda UNFCCC-nin sabiq icraçı katibi (2016-2022) Patrisia Espinoza və "Unison Group"un təsisçisi və prezidenti Nurzat Abdirasulova iştirak edib.
Panel müzakirəsində iqlim dəyişmələrinə qarşı mübarizədə gender inklüzivliyinin rolu diqqət mərkəzində olub, qadınların iqlim dayanıqlılığı və ətraf mühitin qorunması sahəsindəki fəaliyyətlərinin necə genişləndirməsi ətrafında fikir mübadiləsi aparılıb və həmçinin bu sahədəki gender əsaslı çağırışlara dair təkliflər irəli sürülüb. İştirakçılar iqlim dəyişmələrinə qarşı mübarizənin qlobal səviyyədə daha effektiv olması üçün qadınların səsi və təşəbbüslərinin əhəmiyyətinin artırılmasını vurğulayıblar. Müzakirə zamanı qadınların iqlim fəaliyyətlərinin bütün səviyyələrində, xüsusilə də qərar qəbul etmə proseslərində iştirakının təşviq edilməsinə diqqət çəkilib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре