Donor lazım olanda hara müraciət etmək lazımdır? - AÇIQLAMA

Donorluq insanların həyatını xilas etmək və ya onların sağlamlığını bərpa etmək məqsədilə könüllü olaraq bədənlərinin müəyyən hissələrini digər insanlara verməsidir. Ən çox rast gəlinən donor növləri qan, orqan və ya digər bədən orqanları ilə bağlı olur. Qan donoru olmaq həyat qurtarmağın və insanların sağ qalmasına kömək etməyin ən sadə və effektiv yollarından biridir. Azərbaycan da daxil olmaqla, bir çox ölkələrdə qan donoru olmaq həm dövlət, həm də qeyri-hökumət təşkilatları tərəfindən təşviq edilir. Kiminsə qan ehtiyacı olduğu zaman donorlar öz könüllü yardımları ilə bu ehtiyacı qarşılayır və insanların həyatına dəyərli bir təsir göstərirlər.
Bəs Azərbaycanda donorlarla bağlı vəziyyət necədi?
Day.Az xəbər verir ki, Milli.Az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Respublika Qan Bankından bildirildi ki, son illər ərzində Azərbaycan qan donorluğu sisteminin inkişafı sahəsində bir sıra mühüm işlər görülüb. Dövlət qurumlarının, tibb müəssisələrinin, ictimai təşkilatların dəstəyi ilə donor hərəkatı daha təşkilatlanıb və geniş miqyaslı xarakter alıb.
"Bu prosesdə əsas rolu Respublika Qan Bankının nəzdində fəaliyyət göstərən Mobil Qan Xidməti oynayır. Bununla yanaşı, səhiyyə sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları ilə birgə keçirilən aksiyalar da mühüm rol oynayır. Müntəzəm olaraq dövlət qurumları, universitetlər və özəl sektor da daxil olmaqla könüllü qanvermə kampaniyaları keçirilir. Bu tədbirlər əhali arasında könüllü və ödənişsiz donorluq mədəniyyətinin formalaşmasına töhfə verir.
Qanunvericilik səviyyəsində donorluq prosesi Azərbaycan Respublikasının müvafiq qanunu ilə tənzimlənir. Bu qanun donor qanının və onun komponentlərinin toplanması, saxlanması, istifadəsində təhlükəsizlik və şəffaflığı təmin edir. Ölkə üzrə qan banklarında texniki bazanın modernləşdirilməsi və müasir keyfiyyət standartlarının tətbiqi istiqamətində də fəal işlər görülür. Müsbət tendensiyalardan biri də gənc donorların sayının artmasıdır ki, bu da cəmiyyətin maariflənmə səviyyəsinin və səhiyyə sisteminə olan etimadın artmasından xəbər verir. Əhali arasında məlumatlandırma kampaniyaları donorluqla bağlı miflərin dağıdılmasına və vətəndaşların daimi donor olmağa təşviq edilməsinə xidmət edir"
Kiməsə donor lazım olanda hara müraciət edə bilər?
"Qan donorluğu könüllülük prinsipiləri əsasında həyata keçirilir və hazırlanan qan komponentləri ehtiyacı olan xəstələrə buraxılır. Qan qrupu, xəstənin adı və yerləşdiyi xəstəxana barədə məlumatla birbaşa Respublika Qan Bankına müraciət etmək olar. Xəstənin yerləşdiyi xəstəxananın qan köçürmə bölməsi ilə Respublika Qan Bankı arasında əlaqə yaradılır".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре