ABŞ-də “Mədəniyyətlərarası körpü: Azərbaycandan Amerikaya" adlı tədbir keçirilib - FOTO

ABŞ-nin Viskonsin-Medison Universitetində fəaliyyət göstərən Azərbaycan Tələbə Assosiasiyasının (AZSA) təşəbbüsü ilə "Mədəniyyətlərarası körpü: Azərbaycandan Amerikaya" adlı tədbir keçirilib.
Day.Az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, tədbirin əsas məqsədi Azərbaycanın zəngin mədəni irsini, adət-ənənələrini və milli dəyərlərini geniş auditoriyaya tanıtmaq və müxtəlif mədəniyyətlər arasında körpü yaratmaq olub. Universitetin professor-müəllim heyəti, Viskonsin və İllinoys ştatlarında yaşayan Azərbaycan icmasının üzvləri də daxil olmaqla, 100-dən çox adam bu tədbirdə bir araya gəlib. Qonaqlar Azərbaycan musiqisi, rəqsləri və sənət nümunələri ilə yaxından tanış olub, maarifləndirici videolar izləyiblər. Azərbaycan guşəsində milli geyimlər, sənət nümunələri, suvenirlər və ölkəmizin zəngin mədəniyyəti haqqında məlumatlar nümayiş etdirilib.
Əvvəldə Azərbaycan və ABŞ-nin Dövlət himnləri səsləndirilib.
Açılış nitqində AZSA-nın rəhbəri İbrahim Əhmədli Viskonsin ştatında ölkəmizin təbliğ olunmasının əhəmiyyətindən danışıb və tələbə birliyinin bu istiqamətdə gördüyü işləri diqqətə çatdırıb.
Daha sonra tədbirin aparıcısı, AZSA-nın nümayəndəsi Eltac Sadıqova çıxışında belə tədbirlərin Azərbaycan ruhunu dünyaya tanıtmaq baxımından önəmli olduğunu vurğulayıb və gələcəkdə də oxşar layihələrin həyata keçirilməsinin planlaşdırıldığını bildirib.
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Zaur Salmanov çıxışında Azərbaycanın tolerant, multikultural bir ölkə olmasından, ABŞ-dəki Azərbaycan diaspor təşkilatlarının mədəniyyətlərarası körpülərin gücləndirilməsi istiqamətində həyata keçirdiyi layihələrdən, komitənin xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması və mədəniyyətimizin tanıdılması istiqamətində gördüyü işlərdən bəhs edib.
Azərbaycan Respublikasının ABŞ-dəki Səfirliyinin nümayəndəsi Toğrul Əliyev tədbirə onlayn qoşularaq bu cür tədbirlərin ikitərəfli münasibətlərin inkişafına verdiyi töhfələrdən danışıb.
AZSA üzvlərinin Üzeyir Hacıbəyovun "Arşın mal alan" və "O olmasın, bu olsun" operettalarından səhnələri ingilis dilində təqdim etməsi qonaqların böyük alqış və marağı ilə qarşılanıb. Həmçinin, iştirakçılar üçün interaktiv oyunlar da təşkil olunub.
Qeyd edək ki, diaspor təşkilatlarının və fəallarının mütəmadi olaraq təşkil etdiyi və ya qatıldığı bu cür tədbirlər Azərbaycan mədəniyyətinin zənginliklərinin dünyada təbliği baxımından olduqca əhəmiyyətlidir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре