Təhsildə Yeni Çağırışlar VI Beynəlxalq Forumu keçirilir

Bakı Slavyan Universitetində Təhsildə Yeni Çağırışlar VI Beynəlxalq Forumu keçirilib.

Day.Az xəbər verir ki, tədbirdə Elm və Təhsil Nazirliyinin əməkdaşları və təhsil nümayəndələri iştirak edib.

"Konstitusiya və Suverenlik İli"nə həsr edilən Beynəlxalq Forum "Daha təhsilli gələcək" devizi ilə reallaşıb.

Forumda İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının təhsil və bacarıqlar üzrə direktoru Andreas Şleyxer, Baltaş Qrupun rəhbəri, tanınmış türkiyəli psixoloq Acar Baltaş, Britaniya Təhsil Təchizatçıları Assosiasiyasının baş direktoru Kəralayn Rayt, Riqa Klassik Dövlət Gimnaziyasının direktoru Roman Əliyev, Baltaş Qrupunun qurucusu, tanınmış türkiyəli psixoloq Zuhal Baltaş təcrübələrini bölüşüblər.

Forumun əsas mövzusu təhsildə emosional və süni zəkanın balansı, təhsil prosesinin bütün tərəflərini özünün ən yaxşı versiyası olmaq prosesi ətrafında müzakirələr aparılıb.

Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev çıxışında qeyd edib ki, bu gün Azərbaycanda təhsil həm də Qarabağa Qayıdıb.

Rektor əlavə edib ki, təhsil müəssisələrində, həmçinin Bakı Slavyan Universiteti də müasir əmək bazarı üçün kadrların hazırlanması üzrə işlər aparılır:

"Təhsildə inklüzivliyin təşkili əsas hədəflərdəndir".

Elm və təhsil nazirinin müavini İdris İsayev isə öz növbəsində vurğulayıb ki, UNESCO təhsil sisteminə görə Azərbaycanda savadlılıq 100%-ə yaxındır.

O bildirib ki, təhsil cəmiyyətin inkişafında əsas rol oynayır.

"Ölkəmizinin sosial sahədə inkişafının biri də insan kaptalının inkişafıdır. Təhsil hər bir dövlərin iqtisadiyyatının formalaşmasına, milli-mənəvi dəyərlərin qorunmasına xidmət edir. Bir sıra sahələrdə islahatlar aparılmışdır ki, bunlardan biri də təhsil sahəsidir. Bu sahədə bir sıra addımlar atılıb və işlər görülüb, görülməkdə də davam edir. Bu gün təhsildə də yeni çağırışlar formalaşıb. Gənclərdən də bu tələblərə uyğunlaşmaq tələb olunur. Digər ölkələr kimi bizə də rəqəmsal iqtisadiyyatın qurulmasına çalışılır. Bu yerdə də gənclərin rəqəmsal inkişafına ehtiyac var. Təhsildə bəzi bacarıqların əldə edilməsində süni intellektdən bir alət kimi istifadə olunur".

OECD Təhsil və Bacarıqlar Departamentinin direktoru Andreas Şleyxer qeyd edib ki, müəllimlərin birgə fəaliyyət imkanları artdıqca, onların öz peşəkar bacarıqlarına olan inamı da yüksəlir: "Əməkdaşlıq edən müəllimlər daha çox öyrənir, paylaşır və daha çox təsir göstərir. Məktəbdə birlikdə qərar vermək və məsuliyyət daşımaq mədəniyyətini formalaşdırmaq lazımdır".

Onun sözlərinə görə, süni intellektin təhsil sisteminə inteqrasiyası müəllimlərin rolunu azaltmamalı, əksinə onların yaradıcılığını ön plana çıxarmalıdır.

Forum müzakirələrlə davam etdirilib.