Dünya Bankı Cənubi Qafqaz ölkələrinin ÜDM artımı ilə bağlı proqnozlarını yeniləyib

Dünya Bankı Cənubi Qafqaz regionunda ÜDM-in sabit artımını növbəti üç il ərzində proqnozlaşdırır.

Trend xəbər verir ki, Dünya Bankının 2025-ci il üzrə oktyabr buraxılışlı hesabatına əsasən, regionun real ÜDM artımının 2025-ci ildə 3,7%, 2026-cı ildə 3,3% və 2027-ci ildə 3,1% olacağı gözlənilir.

Hesabatda həmçinin 2025-ci ilin iyun proqnozları ilə müqayisədə cüzi düzəlişlər qeyd olunur: 2025-ci il üçün +0,1 faiz bəndi, 2026-cı il üçün −0,1 faiz bəndi və 2027-ci il üçün −0,3 faiz bəndi.

Məlumat üçün qeyd edək ki, regionda ÜDM artımı əvvəlki illərdə belə olub: 2022-ci ildə 7,3%, 2023-cü ildə 3,8% və 2024-cü ildə 5,7%.

 

"Cənubi Qafqaz ölkələrində artımın 2025-ci ildə 3,7% səviyyəsində olacağı proqnozlaşdırılır ki, bu da ötən ilki 5,7% göstəricisi ilə müqayisədə azalmadır. Bu, Azərbaycanda karbohidrogen hasilatının azalması ilə bağlıdır - 2025-ci ilin birinci yarısında neft hasilatı təxminən 5% azalıb", - deyə Dünya Bankının ekspertləri bildirirlər.

Dünya Bankının analitikləri həmçinin qeyd edirlər ki, 2022-2023-cü illərdə kəskin artımdan sonra Rusiyadan gələn pul köçürmələrinin normallaşmasına baxmayaraq, regionda pul köçürmələrinin artımı davam edir. Belə ki, Ermənistana daxil olan köçürmələr 2025-ci ilin yanvar-iyul aylarında illik ifadədə 9,2% artıb, Gürcüstana isə 5% artım qeydə alınıb. Rusiyadan gələn köçürmələrin azalması (Gürcüstan üçün təxminən 30%) Avropa İttifaqı və ABŞ-dan göndərilən vəsaitlərin artması ilə kompensasiya olunub.

Hesabatda bildirilir ki, Cənubi Qafqaz ölkələri bərpa olunan enerji və rəqəmsal ixrac xidmətləri sahəsində imkanları ilə fərqlənir. Regionun Orta Dəhlizdəki mövqeyi həmçinin nəqliyyat və logistika xidmətlərinin artımı üçün platforma yaradır.