Təzəbinə kəndinə köçən sakinlərə evlərinin açarları təqdim edilib

Noyabrın 25-də Xocalı rayonunun Təzəbinə kəndinə növbəti köç olub.

Day.Az xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, ümumilikdə 66 nəfərdən ibarət 16 ailə yenidən bərpa edilən evlərə yerləşdirilib.

Sakinlər doğma yurdunda qarşılandıqdan sonra, onlara açarları Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorunun müavini Mahmud Əfəndiyev təqdim edib. O, sakinləri təbrik edərək, onların yeni evlərdə sağlam, xoşbəxt və təhlükəsiz yaşamalarını arzulayıb.

M. Əfəndiyev çıxışında qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və tikinti işləri uğurla davam etdirilir. Bu işlər həm regionda həyatın normallaşmasına, həm də sakinlərin öz doğma torpaqlarına geri dönməsinə xidmət edir.

Yeni məskunlaşan ailələr təhvil verilən evlərin bütün şəraitlə təmin olunduğunu bildirərək, göstərilən diqqət və qayğıya görə təşəkkürlərini çatdırıblar.

14:09

xxx

Xocalı rayonunun Təzəbinə və Xanyurdu kəndlərinə yola salınan ailələr mənzil başına çatıb.

Day.Az xəbər verir ki, bu gün Ağdamın Dördyol adlanan ərazisindən yola salınan növbəti köç karvanları mənzil başına çatıb.

Ailələrə sahib olduqları mənzillərin açarları təqdim ediləcək.

13:10

xxx

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Day.Az Trend-ə istinadən xəbər verir ki, Xocalı rayonunun Təzəbinə və Xanyurdu kəndlərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Xocalının Təzəbinə kəndinə 16 ailə - 66 nəfər, Xanyurdu kəndinə isə 11 ailə - 38 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.