Bakıdan Qarabağa - Azərbaycanın şəhərsalma və memarlıq uğurları
Prezident İlham Əliyevin Sərəncamı ilə 2026-cı ilin Azərbaycanda "Şəhərsalma və Memarlıq İli" elan edilməsi ölkənin uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Bu qərar şəhərsalma, memarlıq, infrastruktur və ərazi planlaşdırılması sahələrində son illər həyata keçirilən genişmiqyaslı islahatların və əldə olunan nailiyyətlərin məntiqi davamı kimi qiymətləndirilir. Eyni zamanda, bu il ölkəmizin dayanıqlı inkişaf modelinin, müasir urbanizasiya yanaşmalarının və milli memarlıq irsinin qorunaraq müasir tələblərə uyğunlaşdırılmasının beynəlxalq müstəvidə təqdim olunması baxımından xüsusi əhəmiyyət daşıyır.
Ümumilikdə Azərbaycan Qarabağın və Şərqi Zəngəzurun bərpasına qədər bir neçə böyük tikinti layihəsi həyata keçirib və bu istiqamətdə geniş təcrübəyə malikdir.
Ölkəmizin həyata keçirdiyi böyük tikinti layihələrindən Day.Az-a danışan daşınmaz əmlak və tikinti üzrə ekspert Elnur Azadov bildirib ki, son 25-30 il ərzində Azərbaycan dünya səviyyəsində investisiya və tikinti-investisiya layihələrinin icrasında iki çox böyük, qlobal miqyaslı işi uğurla tamamlayıb.
"Bunlardan birincisi Bakı-Tbilisi-Ceyhan neft kəmərinin inşasıdır ki, bu layihə dünya miqyasında tanınan, regionda ən böyük investisiya yatırımı olan beynəlxalq layihələrdən biri hesab olunur. İkinci böyük layihə isə Bakı şəhərinin, ümumilikdə ölkənin sosial-iqtisadi inkişafı nəticəsində həyata keçirilən nəhəng quruculuq və infrastruktur layihələridir. Bu proses çərçivəsində Bakı bulvarının genişləndirilməsi, Bakı şəhərinin simasının tamamilə yenilənməsi, su və kanalizasiya infrastrukturunun tam şəkildə yenidən qurulması, yol infrastrukturunun çəkilməsi və yenilənməsi həyata keçirilib. Eyni zamanda, bu işlər təkcə Bakı şəhəri ilə məhdudlaşmayıb, ölkənin bir çox regionlarında yol, infrastruktur, tikinti, daşınmaz əmlak və sənaye sektorlarında çox mühüm layihələr icra olunub. Xüsusilə Bakı şəhərində aparılan bu işlər daha çox diqqət çəkir və dünya miqyasında nadir nümunələr sırasında yer alır."

Ekspert bildirib ki, Azərbaycan hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı yenidənqurma və bərpa işləri aparır.
"Bu, Azərbaycanın həyata keçirdiyi üçüncü böyük tikinti layihəsidir. Layihə çərçivəsində bir çox şəhərlərin baş planları yenilənir, tamamilə dağıdılmış və məhv edilmiş şəhərlər sıfırdan bərpa olunur, yüzlərlə kənd və yaşayış məntəqəsi yenidən salınaraq qəsəbələrə birləşdirilir. Bu qədər genişmiqyaslı işlərin aparılması və gələcəkdə digər sahələrin də memarlıq çərçivəsində inkişaf etdirilməsi olduqca böyük göstəricidir. Belə nəhəng layihələrin həyata keçirilməsi eyni zamanda Azərbaycanın milli memarlıq və arxitektura üslubunun dünya miqyasında tanınmasına mühüm töhfə verir."
Elnur Azadov deyib ki, Azərbaycanın coğrafi baxımdan Qərblə Şərqin kəsişməsində yerləşməsi ölkəmizə məxsus milli və sintez xarakterli memarlıq üslubunun formalaşmasına səbəb olub.
"Bu memarlıq üslubunun dünyaya tanıdılması xüsusi əhəmiyyət daşıyır. Hazırda ölkədə tikinti və quruculuq işlərinin bu qədər böyük həcmdə aparılması bir çox dünyaca məşhur memarlıq şirkətləri və bu sahədə tanınmış mütəxəssislər üçün Azərbaycanı cəlbedici məkana çevirir. Bu baxımdan, Azərbaycanın memarlıq üslubunun və ölkədə aparılan yenidənqurma işlərinin dünyaya tanıdılması məqsədilə ilin məhz "Şəhərsalma və Memarlıq İli" adlandırılması, eyni zamanda bu çərçivədə müvafiq tədbirlərin keçirilməsi olduqca qənaətbəxş və məqsədəuyğundur. Bununla yanaşı, bu sektorun inkişafı və Azərbaycana investisiya yatırımlarının cəlb olunması üçün də belə tədbirlərin keçirilməsi və ilin elan olunması mühüm əhəmiyyət kəsb edir."
Ekspert Azərbaycana yatırılan investisiyaların ölkənin daha sağlam və dayanıqlı iqtisadi sistemə malik olmasına şərait yaratdığını deyib.

O bildirib ki, xüsusilə qeyd etmək lazımdır ki, artıq Ermənistanla diplomatik münasibətlərin normallaşdırılması prosesi başlayıb və müharibə şəraitinin aradan qalxması Azərbaycanın beynəlxalq investorlar və şirkətlər üçün daha perspektivli ölkəyə çevrilməsinə imkan yaradır.
"Nəzərə almaq lazımdır ki, Qarabağ iqtisadi zonasında, eləcə də bütün işğaldan azad olunmuş ərazilərdə gələcəkdə turizmin inkişafı üçün çox böyük potensial mövcuddur. Bu potensialdan həm dövlət, həm də özəl sektor, o cümlədən iş adamları yararlana biləcəklər. Eyni zamanda, Azərbaycanda bir çox şəhərlərin yenidən qurulması, Bakı şəhərinin baş planının 2024-cü ildən etibarən mərhələli şəkildə icra olunması olduqca nəhəng və strateji əhəmiyyətli layihələrdir. Bu layihələr çərçivəsində müvafiq infrastrukturun və sənaye sahələrinin inkişafı da nəzərdə tutulur. Xüsusilə vurğulanmalı məsələ ölkədə turizmin inkişafıdır. Memarlıq layihələrinin həyata keçirilməsi birbaşa olaraq Azərbaycanın qeyri-neft sektorunun inkişafına ciddi töhfə verir. Bu baxımdan, yeni layihələrin icrası gələcəkdə Azərbaycanda turizmin inkişafı, ölkənin dünya səviyyəsində tanınması və beynəlxalq layihələrdə fəal iştirakı üçün son dərəcə mühüm addım hesab olunur."
Elvin Səxavətoğlu
Day.Az
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре