Azərbaycanın ərazi bütövlüyü və suverenliyi yalnız hərbi yolla bərpa edilə bilərdi - Nizami Səfərov
Müəllif: Nizami Səfərov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 5 yanvar 2026-cı il tarixində yerli televiziya kanallarına verdiyi müsahibəsində xüsusi olaraq qeyd etmişdir ki, əvvəllər işğal altında olmuş torpaqlarımızın qaytarılması, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsində hərbi variantın labüd olması ilə bağlı heç bir şübhə qalmamışdı.
Azərbaycan tarixə qovuşan münaqişənin diplomatik yollarla həll olunması istiqamətində zəruri səylər göstərsə də, təəssüf ki, onlar nəticəsiz qalmışdır. İstər beynəlxalq təşkilatlar, istərsə də aparıcı dövlətlər Ermənistanın ərazi iddialarından qaynaqlanan Qarabağ probleminin həllində ədalətli, beynəlxalq hüquqa uyğun mövqe tutmayaraq, de facto ermənilərin işğalçılıq siyasətinə, separatçılığa açıq və ya gizli dəstək verirdilər və Azərbaycanı heç bir halda qane etməyən status quonun saxlanılmasına çalışırdılar. Hətta 2020-ci ilin 27 sentyabr tarixindən başlayan Azərbaycan Ordusunun əks-hücum əməliyyatları aparılarkən fəaliyyətinə son qoyulan Minsk Qrupunun həmsədrləri münaqişənin həlli üçün qarşılıqlı kompromislərin zəruriliyi haqqında mənasız çağırışlar edirdilər. Belə bir məntiqsiz yanaşmaya qətiyyətli cavab Azərbaycan Respublikasının Prezidenti tərəfindən verilmişdir - Azərbaycanın ərazi bütövlüyü ümumiyyətlə müzakirə mövzusu deyil və biz işğalçı Ermənistanla heç bir kompromisə getməyəcəyik. Dövlətimizin döyüş meydanında BMT-nin Təhlükəsizlik Şurasının Qarabağla əlaqədar qəbul etdiyi qətnamələrini icra etməsi, Ermənistanın kapitulyasiya aktına imza atması, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpası əyani formada nümayiş etdirdi ki, beynəlxalq münasibətlərdə hərbi güc faktoru beynəlxalq hüququn və beynəlxalq ədalətin bərpasında həlledici rol oynayır.
Əldə edilən böyük Zəfər nəticəsində artıq biz sülh şəraitində yaşayırıq. Ancaq Dövlət Başçısının qeyd etdiyi kimi, biz hər an ayıq olmalıyıq, öz torpağımızı müdafiə etmək üçün güclü olmalıyıq, hazır olmalıyıq.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре