Təqsirsizilik prezumpsiyası hüququnun pozulmasının mülki məsuliyyəti açıqlandı
Təqsirsizlik prezumpsiyası şəxsin barəsində qanuni qüvvəyə minmiş ittihamedici hökm olmadan onun təqsirliliyinə dair təsdiqedici ifadələrin işlədilməsi və ya məlumatların yayılmasını qadağan edir. Bu qadağa ibtidai istintaq və məhkəmə istintaqının aparıldığı dövrü də əhatə edir.
Bu barədə Day.Az-a Ali Məhkəmədən bildirilib.
Qeyd edilib ki, bu o deməkdir ki, yalnız şəxsin məhkum edilməsi barədə məhkəmənin hökmü varsa və həmin hökm qanuni qüvvəsini almışsa şəxs cinayət əməlini törətməkdə təqsirli bilinir.
Azərbaycan Respublikası Ali Məhkəməsi ilk dəfə olaraq təqsirsizlik prezumpsiyası hüququnun pozulması ilə bağlı mühüm məqamları "Şəxsiyyət hüquqlarının müdafiəsi" haqqında Plenum Qərarında açıqlayıb.
Təqsirsizlik prezumpsiyasının əsas məqsədi cinayət mühakiməsi üzrə icraatı həyata keçirən şəxslərə (təhqiqatçı, müstəntiq, prokuror, hakim) əsassız təzyiq və təsirin qarşısının alınmasına, şəxsin obyektiv şəkildə mühakimə olunmasına nail olmaqdır.
Bu baxımdan, xüsusən mediada yazılar dərc ediləndə bu məsələyə diqqət yetirilməli, şəxsin təqsirliliyinə dair qanuni qüvvəsini almış hökm olmadan onun tərəfindən hər hansı cinayətin törədilməsi ilə bağlı təsdiqedici ifadələrdən çəkinilməlidir.
Konstitusiyanın 63-cü maddəsi ilə təminat altına alınmış təqsirsizlik prezumpsiyasının pozulması 2 halın eyni anda mövcudluğu ilə şərtləndirilir: şəxsin barəsində qanuni qüvvəyə minmiş ittihamedici hökmün olmaması; şəxsin cinayət əməlinin törədilməsində təqsirliliyinə dair təsdiqedici ifadələrin işlədilməsi və ya məlumatların yayılması
Məsələn. Mediada "A adlı şəxsin B şəxsinə münasibətdə dələduzluq edərək, onun 10.000 manat məbləğində vəsaitini talamışdır." və ya "A adlı vəzifəli şəxs B adlı şəxsin işlə təmin edilməsi məqsədi ilə ondan 100.000 manat məbləğində rüşvət almaqla, korrupsiya cinayətini törətmişdir." məzmunda məqalənin dərc edilməsi, "A" adlı şəxs barəsində qanuni qüvvəyə minmiş məhkəmənin ittihamedici hökmü yoxdursa, onun təqsirsizlik prezumpsiyasını pozur.
Təqsirsizlik prezumpsiyası hüququna qanunsuz müdaxilə edilmiş şəxs həm bu hüququn müdafiəsi üsullarının tətbiqi, həm də bu hüququn pozulmasından irəli gələn mənəvi zərərin kompensasiyası tələblərini irəli sürə bilər.
Təqsirsizlik prezumpsiyası hüququnun pozulması şəxsin şərəfinin, ləyaqətinin və işgüzar nüfuzunun ləkələnməsi ilə nəticələndiyindən, onun müdafiəsi üsullarını da şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi üsulları (biri və ya bir neçəsi tətbiq oluna bilər) təşkil edir: pozuntunun təsbit edilməsi; pozuntunun qarşısının alınması (məlumatın yayılmasının qarşısının alınması, qadağan edilməsi); pozuntunun aradan qaldırılması (yayılmış məlumatların təkzib edilməsi, silinməsi, onlara düzəliş edilməsi və ya cavabın verilməsi, üzr istənilməsi, hüquq pozuntusu barədə məhkəmə qərarının mediada dərc edilməsi və s.); digər üsullar. (məsələn, şərəf, ləyaqət, şəxsi və işgüzar nüfuzu ləkələyən məlumatları yaymış şəxsin, yəni cavabdehin müəyyən edilməsi mümkün olmadıqda hüquq pozuntusu barədə məhkəmə qərarının mediada dərc edilməsi üsulu).
Şəxs, təqsirsizlik prezumpsiyası pozulduğu andan sadalanan tələbləri irəli sürə bilər. Şəxs barəsində sonradan ittihamedici hökm çıxarılaraq qanuni qüvvəsini alsa belə, tələb hüququ aradan qalxmır. Çünki, cinayət əməlinin törədilməsi ilə bağlı təsdiqedici ifadələrin işlədildiyi və ya məlumatların yayıldığı vaxt qanuni qüvvəyə minmiş hökm mövcud olmamışdır.
Təqsirsizlik prezumpsiyası hüququnun cinayət mühakiməsi icraatının hansı mərhələsində pozulması isə vurulmuş mənəvi zərərin həcmi baxımından əhəmiyyətlidir. Məsələn, ibtidai araşdırma mərhələsi ilə müqayisədə cinayət işi üzrə birinci instansiya məhkəməsində ittiham hökmünün çıxarılmasından sonra şəxsin cinayəti törətməsinə dair təsdiqedici məlumatların yayılması ona daha az həcmdə mənəvi zərərin vurulmasına səbəb olacaqdır.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре