Əraqçi Ceyhun Bayramova Naxçıvan ərazisinə dron hücumları ilə bağlı narahatlığını ifadə edib
5 mart 2026-cı il tarixində İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.
Day.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Telefon danışığı zamanı, nazir Ceyhun Bayramov, İran İslam Respublikası tərəfindən Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisinə edilmiş dron hücumlarını qətiyyətlə pisləyib, bu hücumlarla bağlı qəti etirazını bildirib. Azərbaycan ərazisinə bu hücumların beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğu, regionda gərginliyin artmasına xidmət etdiyini vurğulayıb.
İran naziri Naxçıvan Muxtar Respublikası ərazisinə dron hücumları ilə bağlı narahatlığını ifadə edib. İran tərəfinin və hərbçilərin bu hadisə ilə bağlı araşdırma başladığını bildirib. İran naziri yaralanan mülki şəxslərə şəfa diləyib.
İran tərəfindən hücumla bağlı üzr istənilməsini, araşdırmaların nəticələrinə dair qısa müddət ərzində izahat verilməsini, bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri tədbirlər görülməsini gözlədiyimiz diqqətə çatdırılıb.
Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu olub. İran ərazisindən uçan dron aeroportun binasına və Babək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb.
Hadisə nəticəsində 4 mülki şəxs xəsarət alıb. Azərbaycan Xarici İşlər Nazirliyinin hadisə ilə bağlı bəyanat yayaraq İran İslam Respublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyə aydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görməyi tələb edib.
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlər Nazirliyinə çağırılıb. İran tərəfinə kəskin etiraz bildirilib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре