İrandan Azərbaycana ümumilikdə 3040 nəfər təxliyə edilib

İrandan həm Azərbaycan, həm də digər ölkələrin vətəndaşlarının təxliyəsi davam etdirilir.

Day.Az xəbər verir ki, 28 fevral 8.00-dan - 27 mart saat 10:00-dək İrandan müxtəlif ölkələrin vətəndaşları olmaqla ümumilikdə 3040 nəfər təxliyə olunub.

Belə ki, bu müddətdə Azərbaycan vasitəsilə 723 Çin, 516 Azərbaycan, 343 Rusiya, 198 Banqladeş, 187 Tacikistan, 184 Hindistan, 148 Pakistan, 80 Oman, 68 İndoneziya, 57 İran, 44 İtaliya, 30 Əlcəzair, 26 İspaniya, 24 Kanada, 24 Almaniya, 19 Fransa, 19 Gürcüstan, 18 Səudiyyə Ərəbistanı, 18 Yaponiya, 16 Özbəkistan, 13 Polşa, 13 İsveçrə, 13 Nigeriya, 13 Qazaxıstan, 12 Macarıstan, 12 Bəhreyn, 11 Meksika, 11 ABŞ, 10 Böyük Britaniya, 10 Belarus, 10 Bolqarıstan, 10 Konqo Demokratik Respublikası, 8 Braziliya, 8 Sudan, 7 Venesuela vətəndaşı təxliyə edilib.

Bundan başqa BƏƏ, Slovakiya, Belçika və Rumıniyanın 6, Türkiyə, Serbiya, Çexiya, İsveç, Əfqanıstan, Avstraliya, Avstriya, Yunanıstan, Vyetnam və Qırğızıstanın 5, İordaniya, Filippin, Ukrayna, Şri Lanka, Küveyt, Finlandiya və Niderlandın 4, Qətər, Xorvatiya, Danimarka və Norveçin 3, Nepal, Livan, Yəmən, Myanma, Kipr və Sloveniyanın 2, Tunis, Cənubi Afrika, Maldiv Adaları, Kuba, Vatikan, Argentina, Bosniya və Herseqovina, Latviya, Misir, Beliz və Dominikanın isə 1 vətəndaşı təxliyə edilib.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum edib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali Lideri seçib.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın Şərqin müxtəlif ölkələrini əhatə edib.

ABŞ tərəfinin itkisinin 8 ölü, 140-dan çox yaralı olduğu bildirilib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə çağırıb.