“Azərxalça” ASC – nin “Uçan xalçalar” kolleksiyası Estoniyada nümayiş olundu - FOTO
Strasburq, Brüssel, Berlin, Madrid, Vyana, Riqa, Leapaya şəhərlərindən sonra "Uçan xalçalar" kolleksiyası Tallində nümayiş olundu.
Azərbaycanın zəngin mədəni irsi, milli mənəvi sərvətimiz hesab olunan xalçaçılıq sənəti və məktəblərinin Avropada tanıdılması məqsədilə "Azərxalça" ASC - nin növbəti sərgisi oktyabr ayının 8-də Tallin şəhərində baş tutub.
Sərgi Azərbaycan Respublikasının Estoniyadakı Səfirliyinin dəstəyi, "Azərxalça" ASC-nin və Tallində fəaliyyət göstərən Karyera Təhsil Akademiyasının (Haridus Akadeemia Karjäär) təşkilatçılığı ilə paytaxt Tallin şəhərinin mərkəzində yerləşən məşhur "Hopneri Maya" (Hopneri Maja) muzeyində baş tutub.
Tədbirdə açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikasının Estoniyadakı fövqəladə və səlahiyyətli səfiri Anar Məhərrəmov sərginin, iki ölkə arasında mədəni əlaqələrin inkişafına xidmət edəcəyini, eston ziyarətçilərinin ölkəmizin mədəni irsi hesab olunan - xalçaçılıq sənəti ilə yaxından tanış olmağa imkan yaradacağını bildirdi. Xüsusi olaraq vurğulanmışdır ki, Azərbaycanın öz suverenliyini tam bərpa etdikdən sonra, Qarabağ xalçaçılıq məktəbinə aid olan xalçalar, bu gün hər yerdə daha da qürurla tamaşaçılara nümayiş olunur.
"Azərxalça" ASC İdarə Heyətinin sədri, Əməkdar İncəsənət xadimi Emin Məmmədov da tədbirdə çıxış edərək, "Azərxalça" ASC-nin tarixindən söz açaraq bildirib ki, 20-ci əsrin birinci yarısından fəaliyyət göstərən "Azərxalça" 2016-cı ildə Prezident İlham Əliyevin Sərəncamı ilə yenidən strukturlaşdırılıb. Azərbaycan xalq-tətbiqi sənəti və onun bir qolu olan xalçaçılıq xalqın milli mədəniyyəti tarixində özünəməxsus yer tutduğunu vurğulayaraq sərgidə nümayiş olunan bütün xalçaçılıq məktəblərinə aid xalçalar və Qarabağ, Qazax, Naxçıvan, Şirvan məktəblərindən söz açıb. "Azərxalça" ASC -nin əsas məqsədinin xalçaçılıq ənənəsinin qorunub saxlanması və bu sənətin daha da inkişaf etdirilməsi olduğunu deyib. Cəmiyyətin istehsal etdiyi xalçaların ərsəyə gəlməsində yerli və xarici rəssamlarla, eləcə də dizaynerlərlə əməkdaşlıq çərçivəsində ənənəvi xalçalara istinadla müasir xalçalar yaradıldığını və beləliklə, xalça sənətinin daim inkişaf etdiyini diqqətə çatdırıb. "Azərxalça" ASC - nin xalçaların istehsalı ilə yanaşı xalçaçılıq sənətinin qorunub saxlanılması, inkişaf etdirilərək gələcək nəsillərə ötürülməsi, bu sahəyə xüsusilə regionlarda yaşayan toxucu xanımların cəlb olunması, işlə təmin olunması məsələlərində atdığı önəmli addımlardan söz açıb.
"Hopneri Maya" muzeyinin rəhbəri xanım Katrin Tuuksam Azərbaycan milli xalçalarının estoniyanın tarixində xüsusi yerə malik olan muzeydə ilk dəfə sərgilənməsini ölkəsinin mədəni həyatında əlamətdar hadisə kimi qiymətləndirərək, Azərbaycan mədəniyyətini daha yaxından tanımağa şərait yaratdığını bildirdi. Xanım K.Tuuksam, sərginin iki ölkənin xalqları arasında münasibətlərin yaxınlaşmasına xidmət edəcəyini qeyd etdi.
Tədbirin rəsmi açılışından sonra izləyicilərə iki xalça kolleksiyasından nümunələr təqdim olunub. "Uçan xalçalar" kolleksiyasına müxtəlif ölçülü, fərqli xalçaçılıq məktəblərinə aid həm müasir, həm də klassik üslubda toxunmuş 11 yun xalça daxildir. Vətən müharibəsinin ildönümü və Azərbaycanın ənənəvi xalçaçılıq sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilməsinin 11-ci ildönümü münasibətilə hazırlanmış "Qarabağ xalçalarına yeni baxış" və ya "44" xalça kolleksiyasından isə 2 xalça nümayiş olundu.
Sərgini izləməklə yanaşı tədbir iştirakçıları klassik Qarabağ xalçasının toxunmasında iştirak edib, "Azərxalça" ASC -nin toxucusu ilmə atmaq istəyən hər kəsə bu işdə köməkçi olub.
Xalça sərgisinin əsas hədəfi nümayiş etdirilən xalçaların bənzərsiz və canlı xüsusiyyətlərə məxsus olduğunu, ənənələrə əsaslanan bu sənətin yüksək qiymətləndirildiyini və onun qorunmalı olduğunu, Azərbaycan xalqının öz milli dəyərlərinə necə qiymət verdiyini bildirməkdən ibarətdir.
Tədbirdə Estoniya Hökumətinin və Parlamentinin üzvləri, Estoniyadakı diplomatik nümayəndəliklərin rəhbərləri, bu ölkənin yerli ictimaiyyətin və Estoniyada yaşayan Azərbaycan icmasının üzvləri, yerli mətbuat dairələrin nümayəndələri iştirak ediblər.
Tallində təşkil olunan sərginin qapıları bir ay ərzində ölkə vətəndaşları, ölkəyə səyahət edənlər və bütün xalça sevərlər üçün açıq olacaq, burada maraqlananlara həmçinin Azərbaycan xalçaçılıq sənəti və məktəbləri barədə məlumat veriləcəkdir. Xalçalarla yanaşı, Azərbaycanın xalçaçılıq sənətinə həsr olunmuş foto sərgi də ziyarətçilərə təqdim olunacaq.
"Uçan xalçalar" adlı sərgi bundan öncə Strasburq, Brüssel, Berlin, Madrid, Vyana, Riqa və 2024 -cü il Avropanın mədəniyyət paytaxtı Liepaya şəhərlərində nümayiş olunmuşdu.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре