Ələkbər əminin vəfatının ildönümüdür

Day.Az представляет новость на азербайджанском языке.
Uşaqlıq dövrü ötən əsrin 90-cı illərinə təsadüf edən şəxslərin sevimli aktyoru Ələkbər Hüseynovun dünyadan köçməsindən bu gün 6 il ötür. Milli.Az xəbər verir ki, hamının Ələkbər əmi kimi tanıdığı aktyor 2007-ci il, avqust ayının 2-də dünyasını dəyişib.
Ələkbər Adıgözəl oğlu Hüseynov Azərbaycanın əməkdar artisti, Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru (2006), "Humay" və "Qızıl Dərviş" mükafatları laureatı olub. Uşaqların sevimlisi "Ələkbər əmi" kimi tanınan aktyor uzun müddət Dövlət Televiziyasında uşaq verilişlərinin aparıcısı olub.
Ələkbər Adıgözəl oğlu Hüseynov 1961-ci ildə Bakıda anadan olub. Ə. Hüseynov 1978-1982-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu" fakültəsində təhsil alıb.
Bir müddət təyinatla Şəki Dövlət Dram Teatrında işlədikdən sonra, o, 1988-ci ildə A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında aktyor vəzifəsində çalışmağa başlayır. Teatrın səhnəsində Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu" əsərində Qurban, H.X.Andersenin "Bülbül" nağılında Nağılçı və Çin imperatoru, N.Bədəlovun "Qara rəngin nağılı"nda Aydın, R.Əlizadənin "Tıq-tıq xanım"ında dirijor, Qoca və Müğənni, A.Ostrovskinin "Qar qız"da Lel, R.Əlizadənin "Keçəlin toyu"nda Keçəl rollarını oynayıb.
Ə.Hüseynovun səhnələşdirdiyi "Səadət quşu" və "Möcüzəli tamaşa" pyeslərini Azərbaycan Dövlət Kukla Teatrının rus bölməsində özü də tamaşaya hazırlayıb. Aktyor "Keçəlin toyu" tamaşasındakı Keçəl rolu ilə İstanbulda, "Bülbül" tamaşası ilə İranda, Türkmənistanda keçirilən beynəlxalq festivalların laureatı olub.
2006-cı ildə Ələkbər Hüseynov Dövlət Kukla Teatrının baş rejissoru vəzifəsinə təyin olunub.
2000-ci ildə Ə. Hüseynov Əməkdar Artist fəxri adına layiq görülüb. Ə.Hüseynov bir sıra digər festivalların da iştirakçısı və mükafatçısıdır. Sənətdə qazandığı nailiyyətlərə görə "Humay" və "Qızıl Dərviş" mükafatları laureatıdır. Beynəlxalq Festivallarda iştirak edib. Polşanın "Təbəssüm Ordeni" mükafatına (2007) layiq görülüb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре