Azərbaycanı "hədəf"ə alıb özlərini vururlar
Day.Az представляет новость на азербайджанском языке
MDB Parlamentlәrarası Assambleyasının müşahidә missiyasının rәhbәri Leonid Slutski noyabrın 1-də Azərbaycanda keçirilmiş parlament seçkisini yüksək dəyərləndirib.
O, seçkilərin normal, demokratik şəraitdə keçdiyini deyib.
Ən önəmlisi isə L.Slutski Qərbin bu seçkilərə münasibətindən danışıb və dəqiq diaqnozu xatırladaq açıqlama verib: "İlkin nәticә o oldu ki, "Azərbaycanda kimsә kimisә sıxışdırır" kimi Qәrbin qiymәtlәndirmәsi hәqiqәti әks etdirmir. Bunu müxalif partiyaların nümayәndәlәri dә qeyd etdilər. Yüz dәfә eşitmәkdәnsә, bir dәfә görmәk lazımdır. Ona görә dә Azәrbaycanda demokratiyanın kütlәvi pozulması barәdә uydurmaların araşdırılması zamanı saxtarkarlıq üzə çıxıb".

Rusiya Dövlət Dumasının Federal Məclisinin MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə komitəsinin sədri Leonid Slutski siyasətçi olduğundan bir sıra aşkar məqamlara üstüörtülü şəkildə toxunub.
O məqamlarsa əyan, açıq və aydındır.
L.Slutski oktyabrın 27-də keçirdiyi mətbuat konfransında söyləmişdi: "İdmanda olduğu kimi, seçki praktikasında da özünü kiminləsə yox, bir neçə il əvvəlki vəziyyətinlə müqayisə etmək gərəkdir. Təhlilə varsaq - MDB-nin Parlamentlərarası Assambelyasında isə seçkilərin monitorinqini aparan, demokratiya problemlərini araşdıran xüsusi institut yaradıb və Azərbaycanda uzunmüddətli missiyanı həyata keçirərək seçkiləri müşahidə edir - bəlli olar ki, ən yeni postsovet tariximizdə Azərbaycan seçki texnologiyaları, sistemi və praktikasında çox irəliləmiş, inkişaf etmiş ölkədir".
Konkret açıqlama
Dünən Azərbaycanda keçirilmiş parlament seçkiləri ilə bağlı ATƏT və Avropa Birliyinin bir sıra qurumları ilə yanaşı, Bakını illərdən bəri hədəfə alaraq buradakı siyasi prosesləri az qala zərrəbinlə izləyən, amma həmişə ağı-qara təqdim edən "siyasi ekspertlər və analitik"lər, həmçinin ölkədə perspektivsizlik, potensial yoxluğu və ümidsizlikdən radikallığın aşağı ekstremumuna enmiş zavallı "radikallar"ın açıqlamalarına nəzər salsaq, bəlli olur ki, sən demə, Azərbaycanda, ümumiyyətlə, seçkilər olmayıb, kimsə seçilməyib və kimisə seçməyiblər.
Halbuki, seçkilərin nəticəsi Azərbaycanda cəmiyyətin hakimiyyət və xüsusilə də dövlət başçısının kursunun ətrafında daha da sıx konsolidasiyası ilə yanaşı, seçkilərin məhz seçicilər üçün rahat prosesə çevrilməsini, seçimlərin mexanikasının intensivləşməsini, ümumiyyətlə, vətəndaşların ölkənin ali qanunverici orqanına mandat qazanmaq istəyən namizədlər arasında seçim etmələrinin beynəlxalq-hüquqi standartlara cavab verməsini göstərdi.
Seçkilərin bir nəticəsi, bəlkə də ən əsası ölkə vətəndaşlarının dövlət başçısı İlham Əliyevin yürütdüyü siyasətin, kursunun dəstəklənməsi idi. Reallıq budur ki, onlar bu və digər namizədlərə yox, ölkədəki duruma, hakimiyyətin praktikaya döndərdiyi proqramlarına, reallaşdırılan layihələrə, planlaşdırılan işlərə səs verdilər.

20 ildən bəri ən yaxşı halda yerində sayan, əksər mövqelərdə isə tam geriləyən və seçicilərin nəzərində oxunmuş kitaba, eşidilmiş səsə dönən müxalifətin son parlament seçkilərindəki məğlubiyyəti, daha doğrusu, fiaskosu da özlərini "qarşı tərəf" adlandıranların iqtidarın fəaliyyət proqramına və planlar konsepsiyasına qarşı real, konkret heç nə ortaya qoymaması ilə bağlıdır.
Qlobal maliyyə-iqtisadi böhrana rəğmən dövldət büdcəsində profisiti qoruyan, xərclərin gəlirləri üstələməsinə imkan verməyərək gəlirləri artıran, iqtisadiyyatın qeyri-neft sektorunu sürətlə inkişaf etdirən hakimiyyət kiçik və orta sahibkarlığın hüquqlarının tam qorunması, əsassız yoxlamalara və təftişlərə son qoyulması, biznesin stimullaşdırılması istiqamətində əhəmiyyətli addımlar atmaqla yanaşı, rüşvətxorluq və korrupsiyanın ən effektiv "zərdab"ına çevrilmiş "ASAN Xidmət"i sürətlə inkişaf etdirir, vətəndaşların yaşamını daha da rahatlaşdıran həmin strukturun əhatə miqyasını və səlahiyyətlərini artırır.
Eyni zamanda, ölkənin enerji və ərzaq təhlükəsizliyinin təminatı, yoxsulluq səviyyəsinin aşağı salınması, işsizliyinin azaldılması, Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda işğalçı Ermənistanın terrorçu niyyətlərinə və provokasiyalarına ağır zərbələrin vurulması - bütün bunlar əhalinin rifah halının və ölkənin mövqelərinin gücləndirilməsinə yönəlmiş böyük proqramın tərkib hissəsidir.
Həmin proqramın təminatçısı və rəhbəri isə dövlət başçısı İlham Əliyev olduğundan, seçkilərdə seçicilər, əslində, namizədlərə yox, məhz İlham Əliyevin siyasətinə səs verdilər.
Dəstəklədilər, prezidentin yanında olduğunu göstərdilər.
Müşahidəçiləri müşahidə edərkən
ATƏT-in Demokratik Təşkilatlar və İnsan Haqları Bürosu (DTİHB) Azərbaycandakı parlament seçkilərinə müşahidəçilərini yollamadı və hətta seçkilərdən iki ay əvvəl "nəticələrlə bağlı açıqlamalar"la çıxış etdi.
Halbuki, seçkilər praktikasının ən yaxşı nəticələrinin təhlili və ümumiləşdirilərək ortaq məxrəcin çıxarılması istənilən prosesi, strukturu, o cümlədən seçkiləri təkmilləşdirməyə, aşkarlanan nöqsanları aradan qaldırmağa imkan verir.
DTİHB isə ATƏT və Avropa Şurasının nizamnamələrini, habelə bir neçə beynəlxalq razılaşmaları pozaraq tabe olduğu strukturların rəhbərliyini xəbərdar etmədən özbaşına qərar qəbul edir, Azərbaycana müşahidəçilər yollamır, bunu "demokratik qərar" kimi qələmə verməyə çalışır.
İlk baxışdan qəribə addımdır.

Amma proseslərə bələd olan ekspertlər yaxşı bilirlər ki, indiyədək çox dövlət tərəfindən qərəzdə, subyektivlikdə və siyasi anqajə olunmaqda suçlanmış DTİHB Azərbaycandakı parlament seçkiləri ilə bağlı qərarını verməzdən əvvəl "zəruri məsləhətləşmə"lər aparıb, müvafiq "mülayim göstəriş"lər alandan sonra qərarını açıqlayıb.
Həmin qərar isə məlum ssenarinin bir hissəsidir.
Azərbaycanda siyasi məhbuslar, ölkənin daxili siyasət səhnəsində "sağlam olmayan təmayüllər", "seçkilər ərəfəsindəki qeyri-demokratik şərait" və s. kimi az qala refrenə çevrilmiş ittihamların kökündə ölkə rəhbərliyinin yürütdüyü müstəqil siyasətin Qərbdə bəlli dairələri qıcıqlandırmaları, onları narazı salmasıdır.
Azərbaycan hakimiyyətinin tənqidçiləri olan "ekspert"lər, "analitik"lər, "ictimai fəallar" və hətta səfirlər faktiki olaraq ölkəmizin opponentlərinə çevrilmələrinin fərqində deyillər, deyəsən.
Belə qeyri-obyektiv, destruktiv mövqe və davranış noyabrın 1-dəki parlament seçkilərindən xeyli əvvəl "nəticələr məlumdur" tipli açıqlamaları şərtləndirmişdi.
Azərbaycanın Cənubi Qafqaz və Xəzər bölgəsində Qərbin ən önəmli tərəfdaşlarından birinə çevrilməsi, ölkənin geosiyasi çəkisinin artması, ən nəhayət, Avropa Birliyinin enerjidaşıyıcılarla təminatda alternativ marşrutlar və təminatçıların axtarışı probleminin həllində Bakının bir çox problemlərin çözümünü təklif etməsi də bu başabəla "analitik"ləri sakitləşdirmir, onları reallığa qaytarmır.
Azərbaycanda dünən keçirilmiş parlament seçkilərində DTİHB aradığı, arzuladığı, gözlədiyi neqativləri görə bilmədi. Bəlkə elə buna görə də DTİHB neqativ azlığını təxminlədiyindən seçkilərə müşahidəçilər yollamamışdı.
Çünki olmayan yerdə problemi "aşkarlamaq" çətindir.
Eynən qara otaqda olmayan qara pişiyi tapmaq təki...
Sözsüz, seçkilərdə nöqsanlar da olub, şikayətlər də var. Amma bu, ayrı-ayrı hallar olduğundan ümumi mənzərini əks etdirən amillər sayıla bilməz və seçkilərin monitorinqi ilə məşğul olmuş yüzlərlə əcnəbi müşahidəçi də bunu dedi.
DTİHB indi özünə, renomesinə, imicinə qarşı işləyir.

Azərbaycan isə Qərbdəki müxtəlif siyasi təmayüllərə, sifarişlərə, təlimatlara və əmrlərə tabe olmayan müstəqil siyasət yürütdüyündən DTİHB siyasi məğlubiyyətə uğrayıb.
Postsovet məkanında bu qurumun müşahidəçilərini səbirsizliklə gözləyən ölkələrin sayının nə qədər azaldığını təxminləmək də çətin deyil.
DTİHB normal təşkilat kimi ATƏT tərkibində çalışmaq, funksional struktur təsiri bağışlamaq istəyirsə, dəyişməli, subyektivizm, yalançılıq və qərəzdən qurtulmalı, işini müxtəlif siyasi sifarişlər əsasında qurmamalıdır.
Seçkilər Azərbaycanın demokratiya yolunda irəliləyişi, ciddi niyyətinin və iradəsinin izharı oldu.

Neqativ arayaraq yalanları həqiqət kimi qələmə verənlər və siyasi faytinqlə məşğul olmağa çalışanlar isə məzhun təsir bağışlayırlar.
Bunu etiraf etmək istəməsələr də...
milli.az
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре