Baloğlan Əşrəfov: "Mənim o müğənnilərdən acığım gəlir ki..."

Day.Az представляет вниманию читателей интервью на азербайджанском языке.
Müğənni Baloğlan Əşrəfovun Milli.Az xəbər portalına müsahibəsi.
Haradasa, 26-27 ilin söhbətidir. Onda biz Müşviqabada yenicə köçmüşdük. Orada işıqlar tez-tez sönürdü. Bu səbəbdən atam televizoru və bir-iki lampanı işlədən balaca generator almışdı. Bir dəfə yenə işıqlar söndü, təbii ki, atam generatoru qoşdu. O zamanlar Müşviqabadda 20-30 ev vardı. Az keçmişdi ki, qonşular bir-bir qapını döyüb atamdan televizora baxmağa icazə istədilər. Çünki həmin gün Baloğlan Əşrəfovun konserti vardı... Uşaq olsam da, mən insanların ona necə məhəbbət bəsləməsinin şahidi olmuşam. O, xəstələnib Türkiyəyə gedəndə, insanlar burada ona öz qaraciyərlərini vermək üçün növbəyə dayandılar. Bu səbəbdən onu ən bəxtəvər müğənni adlandırmaq olar...
- Baloğlan müəllim, sizinlə həmyaş sənətçilərin sənətdə bəxtləri gətirmədi. Nəticədə onlar rəqabətdə gənclərə uduzdular. Bir çoxları sənətdən uzaqlaşdı. Lakin bununla belə, onlardan bizə 4-5 sənətçi qaldı ki, biri də sizsiniz. Baloğlan Əşrəfov bunu necə bacardı və müasir musiqi aləmində sambalı saxlamaq üçün hansı işləri görür?
- Bəli, iyirmi il əvvəl mənimlə yanaşı gözəl səsə, ifaçılıq qabiliyyətinə malik, şanlı-şöhrətli müğənnilər çox idi. Elələri vardı ki, onların səsinə, oxumağına həsəd aparırdım. Lakin bir çoxları keçid dövründə ilişib qaldılar, bu günə gəlib çatmadılar. Müğənnilərin bir çoxu öz istedadlarına arxayın olub, gözlədilər ki, bəlkə də SSRİ geri qayıtdı. Bir çoxları yeni quruluşla razılaşa bilməyib, pessimizmə qapıldılar. Lakin bu çətinliklərə dözüb öz samballarını saxlamağı bacaranlar da oldu. Bunun üçün sənətçidən ilk növbədə tələb olunan keyfiyyət inadkarlıqdır. Sonra həvəs, istək və təbii ki, savad lazım idi. Müğənninin savadı olmasa, hansı səs tembrinə və diapazonuna malik olmasından asılı olmayaraq sənətdə irəliləyə bilməz.
Müğənnilərin bəziləri öyrəşmişdilər ki, o dövr üçün tələb olunan mahnılar oxusunlar. Elə bir dövr gəldi ki, onların oxuduğu mahnıya qulaq asmadılar. O ərəfələrdə mən televiziyada qəribə bir konsert hazırladım. Bu konsertdə "cem" alətindən istifadə etdim. Bu alətdə şərq musiqisi gözəl səslənir. Bu konsert mənə böyük uğurlar gətirdi. SSRİ-nin vaxtında bizim efirdə hər mahnını oxumağa ixtiyarımız yox idi. Mətbuatda bizi tez-tez qınayırdılar ki, konsertlərdə "yar-yar" deyirik. Məqalələrə də belə başlıq vururdular ki, "hamı yar-yar deyir..." Əslində düzgün etmirdilər. Çünki insanlar pul verib konsertə gəlirdilər, biz də bunun əvəzində "kolxoz, sovxoz" mahnıları oxumamalıydıq axı. Onlar da dincəlməyə gəliblər də. Bizi az qala asmağa hazır idilər ki, nə üçün partiyanı tərənnüm edən, əmək qəhrəmanlarını, neftçini, çobanı, pambıqçını tərənnüm edən mahnılar oxumuruq.
Əslində, oxuyurduq, amma hər dəfə yox. Mən sizə bir həqiqəti demək istəyirəm. Bizim nəsil sənətçiləri yalnız toylar məşhurlaşdırıb. Çünki biz ürəyimizi yalnız toylarda boşalda bilirdik, burada bizə qadağa qoyan yox idi. Adam vardı, məni öz oğlunun toyuna çağırırdı, öz mahnılarımı oxutdururdu, amma efirə buraxmırdı ki, "Baloğlan toyxana müğənnisidir". Əslində, sovet hakimiyyətini tərənnüm edən mahnılar yazan bəstəkarları qınamaq da olmaz. Çünki onlar buna görə ev, maşın, orden, fəxri ad, gözəl güzəran əldə edirdilər. Bu mahnılar da toyda getmirdi. Allaha şükürlər olsun ki, mənim 30-35 il bundan əvvəl oxuduğum mahnıları bu gün də xalq sevə-sevə dinləyir. "Uçan quşlar" mahnısına ilk günlərdə insanlar necə qulaq asırdılarsa, indi də elə zövqlə dinləyirlər.
- Bu mahnı sizindirmi?
- Xeyr, mənim o müğənnilərdən acığım gəlir ki, yaxşı ifa etdikləri mahnını öz adlarına çıxırlar. Bu mahnının müəllifi cənublu qardaşımız Peymandır. Mən onun adını sonradan oğluma qoydum. Bu mahnını elə o müğənni də Azərbaycan dilində oxuyub.
- O dövrdə Peymanın ifasını haradan əldə etmişdiniz?
- O dövrdə Peymanın kassetlərini İrandan gizli yolla Azərbaycana keçirirdilər. Və yaxud bizim lentləri də İrana. O, ifamı eşidəndən sonra mənə salam göndərmişdi. O dövrdə məni çox qınadılar ki, Baloğlan fars mahnısı oxuyur. Çünki bizdə çox vaxt Cənubi Azərbaycanla İranı qarışdırdıqları kimi, farslarla da cənublu soydaşlarımızı qarışdırırılar. 32 milyonluq azərbaycanlı məgər ölüb? Niyə öz millətimin mahnısını başqalarının adına yazmalıyıq ki? Mən heç bir fars mahnısı oxumamışam, cənubda yaşayan xalqımın mahnısını oxumuşam. Məni buna görə qınayanlara yazığım gədir. Onlar Sovet hokumətinin xiffətini çəkən insanlardırlar.
Sonradan mənə dedilər ki, əslində bu mahnıların çoxu Kərkükdə yaşayan soydaşlarımızın bəstələridir. Peymanın özü heç farsca oxumadı. Bir dəfə İbrahim Tatlısəsin ifasında bir mahnıya qulaq asdım, "Mənim gözəl yaylığım var...", çox xoşuma gəldi, oxudum. Sonra İraqa gedəndə öyrəndim ki, sən demə, bu mahnı elə orada yaşayan azərbaycanlıların - Kərkük türkmənlərinin mahnısıdır.
- Zəmanə ilə birlikdə insanların musiqi ilə bağlı zövqləri də dəyişdi. Adamlar bu gün əsasən çox yüngül musiqiyə qulaq asmağa meyllidirlər. Bu tələb və təklifi necə nizamlayırsınız?
- Mən həmişə öz əqidəmə sadiq qalmışam. Müstəqilliyi qazanandan sonra çox yaxşı şeylər əldə etmişik. Lakin əvvəlki savad qalmayıb. Bir məsələ var ki, sovetlər dövründə bəstəkarlar hər sözə mahnı bəstələməyə həvəs göstərmirdilər. Çünki əks halda, ən azından, Bədii Şuradan keçməzdi. Amma indi mahnıların sözlərinə diqqət yetirsəniz, görərsiniz ki, kimin ağzına nə gəlir, onu da yazır, qəribədir ki, ağıllı insanlar olan bəstəkarlar da buna musiqi bəstələyirlər. Mən özüm Bakı Dövlət Universitetinin "filologiya" fakültəsini bitirmişəm. Ona görə də həmişə oxuduğum mahnının sözlərinə diqqət yetirmişəm, ona görə də mənim oxuduğum mahnılar xalq tərəfindən qəbul olunur.
- Bu gün müğənnilərin sayı həddindən artıqdır, günü-gündən də artır. Bir məsələ də var ki, kəmiyyət qalxdıqca, keyfiyyət mütləq aşağı düşür. Kəmiyyətin çoxluğu sizin də bazara təsir edirmi?
- Bu məsələnin mənə heç dəxli yoxdur. Doğrudur, bu gün insanlar kimə gəldi pul xərcləyirlər. Hörmətli bəstəkarımız Cavanşir Quliyevin gözəl sözü var: "Unu ələdikcə, kəpəkdən necə ayrılırsa, bu müğənnilər də zamanın süzgəcindən keçəndə həmin situasiya ilə üzləşəcəklər". Özlərinə nə qədər maya qoysalar da xeyri yoxdur...
- Axı bunların bəzisi artıq süzgəcin gözünü tutublar...
- Bizim xalq həmişə yaxşını pisdən ayırmağı, əsl sənətkara qiymət verməyi bacarıb. Baxmayaraq ki, televizorlar hər gün keyfiyyətsiz müğənniləri xalqa həzm etdirməyə çalışır. Bizim nəslin nümayəndələri indi də fəxrlə deyir ki, toylarımızda İslam Rzayev, Arif Babayev kimi sənətkarlar oxuyub. Mənim indiki nəslə yazığım gəlir, sabah öz toylarının video yazısına baxıb xəcalət çəkəcəklər. Əsl sənətkar ölənədək öz şəxsiyyətini qorumalıdır.
- "Toylar kralı"ndan niyə getdiniz?
- Mənim bu müsabiqəni keçirən telekanala böyük hörmətim var. Və müsabiqənin təşkilatçılarına da böyük minnətdarlığımı bildirirəm. Sadəcə olaraq, özüm bu verilişdən getdim. Çünki toylarımla üst-üstə düşürdü. Mən xalqın içində böyüyən müğənniyəm. Bir neçə toyum verilişlə eyni günə düşdüyünə görə imtina etdim. Gördüm ki, xalq məndən inciyir. Doğrudur, mən bu müsabiqədən uzaqlaşandan sonra çoxlu söz-söhbətlər yaydılar. Ona görə də telekanalın rəhbərliyi məni canlı yayıma dəvət etdi, bütün həqiqət ortalığa çıxdı.
- Səhhətiniz necədir? Qaraciyəri artıq özününküləşdirə bilmisinizmi?
- Hazırda özümü çox əla hiss edirəm. Artıq qaraciyərim də özümünkünə çevrilib. Heç bir qram da olsun məni narahat etmir. Bu gün bəzi insanlar var ki, qarşılarında 5 saat canlı oxusam da, onların təsəvvürlərində Baloğlan xəstə kimi qalıb. Bunlara başa salmaq olmur ki, özünə yeni orqan köçürtdürən o qədər adam var ki. "Barselona"da bu gün bir futbolçu var, adı yadımdan çıxıb, onun da ciyərini dəyişdirdilər. Amma indi əvvəlkindən əla oyun göstərir. Burada nə var ki? Artıq hamıya çatdırmaq istəyirəm ki, məndə qaraciyərlə bağlı problem yoxdur, bu ciyər artıq özümündür. Elələri var ki, kimsə məni toyuna dəvət etmək istəyirsə, onlara mane olur ki, əşi Baloğlan xəstədir, toyda bu qədər oxuya bilməz. Mən belələrinə çoxdan sübut etmişəm ki, yeri gəlsə toyda 10 saat ayaqüstə durub oxuya bilirəm.
- Biz sizin anşlaqla keçən bir çox konsertlərinizdə iştirak etmişik. Çoxdandır bu konsertlərin səsi-sorağı gəlmir.
- Konsert edən müğənni hər dəfə yeni repertuar hazırlamalıdır. Millətini sevən sənətkar 6 ay əvvəl keçirilən konsertdə oxuduqlarını bu konsertdə oxumamalıdır. Elə müğənni var ki, bunun fərqinə varmır, amma mən belə bacarmıram. Düşünürəm ki, konsertlərdə yeni mahnılar oxunmalıdır. Bu il Yaşıl Teatrdan konsert keçirməyim üçün çox israr etdilər, razılıq vermədim. Çünki yeni repertuarım hələ hazır deyil. Digər tərəfdən, başım bəzi məişət qayğıları ilə məşğuldur. Rayonda təzə ev tikdirirəm. Bundan başqa, sentyabrda inşallah, sonuncu övladımın toyunu etmək arzusundayam. Bəzi məkanlarda qapalı konsertlərim olub, amma bu barədə mətbuatın xəbəri olmayıb. Yəni tanınmış bir şirkətin dəvəti ilə onun işçiləri üçün konsert vermişəm.
- Baloğlan Əşrəfov necə babadır?
- Hamı kimi, təbii ki, mən də nəvəmi boynuma mindirib gəzdirirəm, onlarla oynayıram. Bir balaca nəvəm var, elə çoxbilmişdir ki. Saqqızımı necə oğurlayıbsa, mənə hər şey aldırır...
- Adınızı daşıyırmı?
- Xeyr, adımı sonbeşiyə saxlamışam...
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре