Safura: "Bizdə nə mənim səsimə uyğun reper var, nə də qadın müğənni" - FOTOSESSİYA
Day.Az представляет вниманию читателей интервью на азербайджанском языке.
"Eurovision 2010" təmsilçimiz Safura Əlizadənin anası Nailə Əlizadə ilə birgə Milli.Az xəbər portalına müsahibəsi.
- Kifayət qədər cəsarətli geyimləriniz var. Həmkarlarından kimsə sizin kimi geyinəndə qalmaqala səbəb olur. Sizcə, bu, niyə sizdə normal qarşılanır?
Safura Əlizadə (S.A.): Müğənninin öz imici olmalıdır. Mən səhnəyə çıxandan imicim belədir. Cavan qızam, gizlətməli, utanmalı yerim yoxdur. Həm də, insanın özündən, davranışından da çox şey asılıdır. Elə sənətçilər var ki, səhnəyə daima bağlı geyinib, tamaşaçı da belə öyrənib. Sonra birdən-birə açıq-saçıq geyinəndə bu yaxşı qarşılanmır. Məsələn, mənim menecerim mənə danışmışdı ki, əvvəllər Britni Spirs məktəbli qız imicində idi. Sonra birdən birə seksi geyimlərə keçdi və fanatlarını itirdi. Sonra 2-3 ilə başqa pərəstişkarlar topladı.
Bir sözlə, müğənni fanatlardan asılıdır. Bizdə bəzi müğənnilər birdən-birə soyunmaqda düzgün hərəkət etmirlər. Əgər imicini dəyişmək istəyirsən, çalış bunu gözəl və yavaş-yavaş et. Mən əvvəldən insanları belə öyrəşdirdim. Çalışıram davranışımla, danışığımla çirkin görünməyim.
Nailə Əlizadə (N.Ə.): Safuranın açıq-saçıq geyimi yoxdur. Peşəkar baletlə, gimnastika ilə məşğul olub. Bədəni bu geyimlərə imkan verir. Mən də həmişə nəzarət etmişəm ki, paltarları ona yaraşsın, fiqurasına uygun olsun. Yaraşmasa elə geyinməyə icazə vermərəm.
- Əvvəllər qızlar oxumağa başlayanda valideynləri ondan imtina da edirdi. İndi isə əksinədir. Siz uşaqlıqdan qızınızın yanındasınız.
N.Ə: Mən görsəm ki, Safurada səhnə üçün nəsə çatışmır, onda deyərdim ki bu işi at. Deyərdim rəssam ol. Çünki, atasından ona yaxşı rəssamlıq bacarığı keçib. Şəkillər çəkir... Vizajını da özü edir. Artıq saçlarını da özü düzəltməyə başlayıb. Birdə ki, müğənnilik pisdir ki? Rəssam əli ilə sənət yaradırsa, müğənni də səsi ilə sənət yaradır. Allah ona bu istedadı veribsə, mənim etiraz etməyim qəddarlıq olar.
- Safura, ananız dedi ki, rəssamlığınız var, vizajınızı özünüz edirsiniz...
S.Ə.: Uşaq vaxtı boş vaxtlarımda atamın yanında, emalatxanada çoxlu şəkil çəkirdim. Müğənni olmasam rəssam olardım. Vizaja gəlincə, eurovision vaxtı kim məni makiyaj edirdisə çalışırdım ən yaxşı ştrixləri yadda saxlayım, sabah özüm də elə edim. Amerikada Madonnaya vizaj edən vizajist var ki, yarımfinalda makiyajımı o etmişdi. Final günü isə üzümdə allergiya var idi. Dedim ki, makiyajımı özüm etmək istəyirəm. Hazırlaşıb gəldim. O məni görəndə təəccübləndi, yanındakılara dedi ki, bu qız müğənni olmasa vizajist olacaqdı. İndi isə artıq özümü heç kimin əlinə vermirəm. Vizajımı özüm edirəm.
- Azərbaycandakı həmkarlarından kimin hansı hərəkətinə, davranışına baxanda sizə gülməli gəlir?
N.Ə: Bilirsiniz nə gülməli gəlir? Hərdən müğənnilər özünü çox yuxarıdan aparır. Səs yox, özlərini apara bilmirlər. Bir iki klip çəkdirib. Elə klipdən neçəsini Safuraya çəkdirərəm. İnsanı sadəliyinə görə çox istəyirlər. Adamın qanından gələn bir tərbiyə var. Safuranın babası, psixologiya elmləri doktoru, professor Əbdül Əlizadənin 80 yaşı var, indiyə qədər özünü uşaq kimi aparır. Uşağa da birinci o salam verir ki, qoy mən onu tərbiyələndirirəm. Safura da onun nəvəsidir, deməli başqa cür davranmalıdır.
S.Ə.: Avropada bir müğənni var idi. Adını çəkməyəcəm. Hamının sevimlisi idi, kraliça adlandırılırdı. Bir dəfə ondan çılğınlıq edən fanatlarla bağlıı soruşanda deyib ki, onları xəstəxanaya qoymaq lazımdır. Əslində, o heç kimi təhqir etmək məqsədi ilə yox, kömək üçün belə desə də, səhv başa düşüldü və bütün fanatlarını itirdi. Nifrət qazandı. Bu sənətdə sadəlik, səmimiyyət çox önəmlidir. Başa düşdük, super müğənnisən. Heç super olma, səsin də olmasın, birinci insan olmalısan ki, səni buna görə sevsinlər.
- İştirakçılarımız arasında təkcə siz Eurovision səhnəsində solo ifa etmisiniz. Bundan sonra duet oxusanız, kiminlə oxumaq istəyərdiniz?
S.Ə.: Bu haqda hələ düşünməmişəm. Duet sevmirəm. Uşaqlıqdan solo oxuyuram, elə də davam etmək istəyirəm. Özümə güvənirəm və səhnədə bütün cavabdehliyi özüm hiss etmək istəyirəm. Səhnədə tək olmağa, daha bacarıqlı görünməyə çalışıram. Amma duet oxusam çalışacam ki, səhnədə seçilməyək, bu artıq komanda işi olacaq. Nə vaxtsa ya, belə duet edəcəm, ya da etməyəcəm.
- Kumirin Beyons kimi reperlə, ya Şakira kimi qızla duet oxumaq istəyərsiniz?
S.Ə.: Mahnıdan çox şey asılıdır. Gözəl ritm olsa qadınla oxuyardım, çəkinməzdim, rəqs qurardım, şou göstərərdim. Repi də çox sevirəm...
- Bizdə sizin səsinizə uyğun reper var?
S.Ə.: Mən deyərdim ki, bizdə nə mənim səsimə uyğun reper var, nə də qadın müğənni. Mənim stilim də fərqlidir. Şou göstərməyi sevirəm. Avropada çıxışlarım var deyə xarici mahnılarım çoxdur... Duetdə səslərin uyğunlaşması çox vacibdir. Elələri var ki, duet oxuyur, amma heç fikir vermirlər ki, bu iki səs bir yerdə qulağı deşir.
- Məşhur markalarla aranız necədir?
S.Ə.: Mənim üçün markalar yox, rahatlıq əsasdır. Fikir versəniz, Avropada, Amerikada da aktyorlar səhnədə makiyajda, bahalı geyimlərdə olurlar, kənarda hətta ugi də geyinirlər. Səhnədə istəmirəm elə geyinim ki, desinlər bax firmadan geyinib, istəyirəm çıxışıma baxsınlar, rəqsimi göstərə bilim. Rəqs üçün də rahat geyimdə olmalısan deyə səhnəyə çıxanda brendə baxmıram. Amma qarderobumda məşhur firmanın paltarı var. Elə yerlər var ki, ora geyinirəm. Parfümdə çox şirin və limonlu qoxuları, kosmetikaya gələndə isə, gündəlik makiyajı sevmirəm.
- Arzuladığınız avtomobil hansıdır?
S.Ə.: Uşaqlıqdan ən çox sevdiyim "Audi" avtomobilidir. İkinci yerdə "BMW", üçüncü yerdə isə "Volkswagen" gəlir. Uşaqlıqda "Hummer" istəyirdim, indi də istəyirəm. Çünki hərdən kimsə yolda qaydaları elə pozur ki, hirslənib deyirəm ki, "Hummer"im olsa, onu vurub, qaçıb gedərdim.
N.Ə.: Mənim 1 milyonum olsa da onu maşına vermərəm. Maşın mənim üçün prestij deyil. Mənim üçün prestij odur ki, o məbləği qızımın sənətinə xərcləyim, kliplər çəkdirim.
S.Ə.: Pulum çox olsa daha rahat maşın alardım. Müğənniyə elə maşın lazımdır ki, maşında hər şey hazır olsun. Bəzən elə tədbir olur ki, paltar dəyişməlisən və s.
- Evdən çıxanda özünüzlə əsas nələri götürürsünüz?
S.Ə.: Telefon, eynək, maşının açarı. "Kosmetika" isə maşında olur.
N.Ə.: Birdə anası...
Нажмите на фотографии для увеличения:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре