Rüfət Axundov: "Toy müğənnisi elə ən böyük məktəbdir"

Day.Az представляет новость на азербайджанском языке.

Müğənni Rüfət Axundovun Milli.Az-a müsahibəsi.

- Rüfət Axundov neçə ildir ki, səhnədədir?

- Professional səhnədən söhbət gedirsə, 13-14 yaşından bu səhnədəyəm. Bədii rəhbər Bəxtiyar Nurməmmədovun rəhbərliyi ilə "Mahur" instrumental ansamblının solisti olmuşam. O vaxt "Payız" müsabiqələri var idi. "Qızıl açar" müsabiqəsinin qalibi olmuşam, yəni artıq 15 ildir ki, bu sənətdəyəm.

- İlk dəfə harada səhnəyə çıxmısınız?

- Neftçilərin mədəniyyət sarayında ilk çıxışım olub. "Ay qız, sən oynayınca incə bel oynasın" mahnısını ifa etmişəm, yadıma gəlir.

- Nəyə görə sizinlə qalmaqal edən yoxdur? Bu həmkarlarınıza sərf etmir, yoxsa siz qalmaqaldan uzaq birisiz?

- Mən qalmaqallı insan deyiləm, həm həyatda, həm səhnədə mən qalmaqaldan uzağam. Kiməsə sözüm varsa, özünü tapıb deyirəm, ya da telefonla deyirəm. Bir zamanlar mənə də bəzi həmkarlarım təklif edirdilər ki, gəl qalmaqal edək, bir dəb halını almışdı. Dedilər, sən mənə söz at, mən sənə cavab verim. Amma mən, təbii ki, razılaşmadım. Bu həmkarlarım arasında kişi də var idi, qadın da.

- Gündəmdə qalmaq üçün nə etmək lazımdır?

- İndi maşallah, elə bir zəmanədir ki, radio efirləri, televiziya efirləri çoxdur. Yəni mahnı, yeni klip təqdim etmək yetərlidir ki, sən yaddaşlarda qalasan, gündəmdə olasan. Daha mənasız qalmaqallarla yox.

- Toya gedirsiz, bu gün, sizin fikrinizcə, toylarda hansı müğənnilərə ehtiyac daha çoxdur?

- Toyda ifa edən müğənni daha peşəkar olur, o, həm toyu idarə etməyi bacarır, həm gələn qonaqların zövqünü oxşayacaq mahnılar ifa edir. Bunu da hər müğənni bacarmır. Toy müğənnisi deyib keçirlər, amma toyu idarə edə bilirlər bəziləri? Xeyr, hər insan toyu ələ ala bilmir. Toyda bir çox həmkarlarımla rastlaşıram. Əvvəllər çox rastlaşırdım, toylar bir şou-proqram kimi keçirdi. Amma indi tam başqadır, sms yarışmaları olandan hər bir ailənin öz oxuyanı var. Yəni gənc ifaçılar daha çox yer alırlar toylarda.

- Sizi bəzi həmkarlarınız "toy müğənnisi" adlandırırlar? Razısınız?

- Niyə də razı olmayım, toy müğənnisi elə ən böyük məktəbdir. Vaxt var idi, hətta ad da qoymuşdular ki, "bozbaş" müğənnilər. Həmin o "Bozbaş" adlandırdıqları müğənnilər indi gündəmdədir, sevilir. Mənə də deyirdilər, amma onlara xatırlatmaq istəyirəm ki, mən 6-cı sinfə qədər rus məktəbində oxumuşam. Mən rusdilli insanam. Savadım da var. Musiqidən bir çoxlarından yaxşı başım çıxır. Mən hər janrda oxuyuram - estrada, milli, xarici. Elə mahnılar ifa edərəm ki, o mahnıları oxumağa özünü "nömrə bir" adlandıran bəzi müğənnilər oxuya bilməzlər. Qaldı ki "toy müğənnisi" demələrinə, qoy desinlər, mən fəxr edirəm. Bütün özünü tərifləyən müğənnilər mənim "Bağdagül" mahnımı toylarda ifa edə-edə pul qazanıblar.

- Neçə ildir ki, səhnədəsiz, nəyə görə konsert vermirsiz?

- Bölgələrdə konsertlərim olub. Gəncədə, Qubada. Amma Bakıda hələ ki, yox, olmayıb. Solo-konsertim olmasa da, qala-konsertlərdə mən tez-tez yer alıram. Təkliflər almışam, nə bilim, 8 Mart bayramı ilə əlaqədar, Sevgililər Günü ilə əlaqədar konsertlər verməyi, amma razılaşmamışam. Hələ ki, belə bir istəyim yoxdur, inşallah, nə zamansa konsert verərəm.

- Rüfət Axundovun titulu var?

- Yox, titulum yoxdur, fəxrlə daşıdığım adım və soyadım var. Heç istəmirəm də titulum olsun. "Prins Rüfət", "Şah Rüfət" bir az gülməli səslənər mənə görə (gülür).

- Bəzi müğənnilər çalışırlar ki, bahalı avtomobil idarə etsinlər, sizcə, bahalı avtomobil idarə etmək o müğənnini "bahalı" edir?

- Bahalı avtomobil sürmək o demək deyil ki, sən "bahalı" müğənnisən. Bəziləri var, sürürlər, bəziləri o sürənlərin acığına kredit də olsa, gedib alır, sürürlər (gülür), yəni bunlar önəm kəsb eləmir. Mənim də avtomobilim var, bilmirəm bahalı hesab etmək olar, ya yox. 13-14 yaşımdan idarə etmişəm avtomobil. İndi idarə etdiyim avtomobil son model BMW-dir.

- Kimləri dinləyirsiz?

- Mən radioda mahnıları səslənən hər kəsi dinləyirəm. Səslərini bəyəndiklərim isə Teymur Əmrah, İlqar Muradov, Abbas Bağırov, Röya, Xatirə.

- Xarici müğənnilərdən kimlərlə duet ifa etmək istərdiz?

- Eros Ramazottini çox bəyənirəm. Uitni Hyustonu dinləyəndə ağlayıram. Maykl Ceksonu dinləyəndə heyran oluram ona, amma duet istəyim yoxdur. Mənim xaricilərdən pərəstiş etdiyim bir insan var, o da Robert de Nirodur. Onunla bir filmdə rol almaq istəyərdim, bu arzumdur. Ən azı, 5 dəqiqəlik bir söhbət edə bilsəydim Robert de Niro ilə, arzuma çatardım.

- Yaşar Nuri sizin qohumunuz idi?

- Yaşar Nuri mənim doğma dayım idi. Çox gözəl münasibətimiz var idi, Allah ona rəhmət eləsin.

- Səsinizi bəyənirdi?

- Bəli, bəyənirdi, mən universitetə daxil olma ərəfəsində mənə çox kömək olub. İstedadıma inanırdı, toy idarə etməyimi də çox bəyənirdi. Yaxın dostlarının, ümumiyyətlə yaxınlarımızın toylarını mənim idarə etməyimi istəyirdi.

- Nicat Rəhimov necə bir aktyordur?

- Nicat da mənim qohumumdur, həm də dostumdur. İstedadlı aktyordur, "Bozbaş Pictures"i və "Bacanaqlar" serialını Nicatsız təsəvvür etmirəm, baxıram və çox gülürəm.

- Bildiyimizə görə, yaxşı yumor hissiniz var, özünüzü aktyor kimi sınamaq istəmirsiz?

- Mən çəkilmişəm filmə. "Bomba" adlı yumoristik filmə çəkilmişəm. Rafael və Coşqunla birgə oynamışam. Bir çox televiziya tamaşalarına çəkilmişəm. Bu yaxınlarda "Bozbaş Pictures"ə çəkilmişəm, Yeni il buraxılışına. Yəni dəvət alanda özümü aktyor kimi sınayıram.

Milli.Az