“Ağası gülüm olanın başına külüm olar”

Day.Az представляет новость на азербайджанском языке
Azərbaycan şou-biznesində müğənni-prodüser münasibətləri illərdir öz axarını tapa bilmir
Azərbaycan şou-biznesinin elə Azərbaycansayağı gedişatları var ki, adam çaş-baş qalır. Məlumdur ki, şou-biznes meydanında hər adam at oynada bilmir. Tanınmaq üçün isə bir neçə vasitədən istifadə edilir. Kimisi sponsor, kimisi qalmaqal, kimisi hit mahnılarla, bəziləri isə soyunmaqla və ya prodüser gücünə tanınmağa çalışır.
Dəfələrlə müğənnilərin Azərbaycanda güclü prodüserlər olmadığını deyərək onlardan narazılıqlarının şahidinə çevrilmişik. "Həftə səkkiz, mən doqquz" onlar arasında çaxnaşma yaranır və vəziyyət o yerə gəlib çatır ki, problemləri efirə gəlib çıxır. Məhz bu səbəbdəndir ki, əksər müğənnilər prodüserə ehtiyac duymur. Yerli şou-biznesimizdə bir çox müğənnilər də var ki, heç kimə etibar etməyib öz qohumlarına üz tuturlar. Bu işin mahiyyətini bilməyən qohum-əqrəba da prodüserliyin toylar danışıb, gələn zənglərə cavab verməkdən başqa bir şey olmadığını düşünür. Bir az pulu olan müğənnilər isə qazanclarının yarı faizini verməyə razılaşaraq, bahalı prodüseri seçirlər. Bir-iki ildən sonra isə onların münasibəti dostluğa, ailə münasibətlərinə, axırda da dava-qırğına çevrilir. Prodüserliyin təkcə disk daşımaqdan ibarət olduğunu düşünən "qohumlar" isə bu sənətə xələl gətirir. Daha sonrakı vəziyyət də göz qabağındadır.
Biz də müğənnilərlə əlaqə saxlayıb prodüserləri ilə aralarındakı problemlərin yaranma səbəblərini xəbər aldıq. Kimisi prodüserindən narazılıq etdi, kimisi də işlərini qohumlarından başqasına etibar edə bilməyəcəyini dedi. Prodüserlər isə müğənnilərin fikirlərini yalanladı. Onlar işlərinin çətinliyindən şikayətlənərək müğənniləri qınaq atəşinə tutdular.
Prodüserim özünə dükan açıb
Ötən həftə televiziyaların birində qonaq olan xalq artisti Ağadadaş Ağayev öz prodüserindən bolluca gileyləndi və bunu efirdə səsləndirməkdən çəkinmədi: "Prodüser müğənnidən elə faydalanmalıdır ki, onun başqa yerdə gözü olmasın. Mənim prodüserim Əzizağa, görünür, məndən yaxşı istifadə edə bilmir deyə özünə dükan açıb, arada mənim işlərimlə də məşğul olur. Məsələn, mən bu gün bura orkestrimlə gəlməli, canlı oxumalıydım. Bunu da o təşkil etməliydi. Prodüser peşəkar yanaşma tərzi ortaya qoyaraq müğənninin oxumağından tutmuş, onun geyimi, davranışınadək hər bir amilə fikir verməlidir".
İşlərimi qohumuma həvalə etmişəm
İfaçı Xatirə İslam digər müğənnilərin prodüserlərindən xəbərsiz olduğunu, öz prodüserindən isə kifayət qədər razı qaldığını bildirdi. Razılığının da səbəbini açıqladı: "Həmkarlarımın işlərinə qarışmıram. Mənim köməkçim var, o da qohumumdur. O mənim ailəmin bir üzvüdür. Onunla iş münasibətində sözümüzün çəp gəldiyi anlar da olub. O da səhv edə bilər, mən də. Biz bir-birimizi yola verməliyik".
Axı haradansa başlamalıdırlar
Gənc ifaçı Sevinc Ağaşirinova bizimlə söhbətində Azərbaycanda prodüserlərin azlığından şikayətləndi: "Bu günə kimi mənim prodüserim olmayıb. Məhz bu səbəbdən də prodüserləri qınaya bilmərəm. Mənim komandam menecer və köməkçilərdən ibarətdir. Amma özlərini kifayət qədər təsdiqləsələr, onlar da gələcəkdə prodüser ola bilərlər. Axı haradansa başlamalıdırlar".
Müğənnilər prodüserə yuxarıdan aşağı baxırlar
Prodüser Səbuhi Arif bizimlə söhbətində mövzunun aktuallığından danışdı. Bildirdi ki, şou-biznesdə müğənni-prodüser qalmaqalı çox olur: "Müğənni və prodüser arasında hər şeydən öncə güvən, inam, dostluq olmalıdır. Bunlar olduqdan sonra müğənni ilə işbirliyi uzunmüddətli olur. Təəssüf hissi ilə qeyd edirəm ki, indi şou-biznesdə prodüser anlamı tam qəbul edilməyib. Çünki bizdə müğənnilər yanında toya, şou-proqrama gedə biləcək hər hansı bir insanı götürüb işlərini gördürürlər. Bu da düzgün deyil. Bəzən müğənnilər prodüserə yuxarıdan aşağı baxırlar. Amma düşünmürlər ki, onların işlərini məhz prodüserlər görür. Prodüser də insandır. O da nəyin necə olacağını bilir. Əgər bir prodüser işini apara bilmirsə, əlbəttə, müğənni haqlı olaraq ondan ayrılır, onunla işbirliyini pozur. Amma işini bilib rahat şəkildə müğənninin işlərini, PR-nı görürsənsə və yenə də müğənni səndən narazıdırsa, o zaman problem müğənninin nə istədiyini bilməməyindən və kaprizindən irəli gəlir. 9 ildən artıqdır ki, bu işlə məşğulam. Uzun müddətdir ki, konsertlər və tədbirlərin təşkilatçısıyam. Bir çox müğənnilərlə işləmişəm və həmişə çalışmışam ki, işimi doğru-düzgün yerinə yetirim. Çox şükür ki, buna da nail olmuşam. Hər zaman düzgünlüyün tərəfdarı olmuşam. İşlədiyim yerdə hər hansı bir şeyin haqsız olduğunu görəndə, kimliyindən asılı olmayaraq, o işdən uzaqlaşmışam. Azərbaycan şou-biznesində prodüser-müğənni münasibətləri başqa ölkələrdəki kimi deyil. Bizdə müğənni özünü müdir, prodüseri isə işçi kimi görür. Bu səbəbdəndir ki, onların aralarında güvənsizlik, imansızlıq yaranır. Bəzi müğənnilərimiz çalışır ki, yaxınları yanında olsun ki, onların iç sirlərini qorusun, həm də xeyiri özününkünə versin. Hər işin öz peşəkarı var. Mən nəticə etibarı ilə müğənni-prodüser arasındakı problemlərinin 60 faizinin günahını müğənnidə, 40 faizini isə prodüserdə görürəm".
S.Arif işbirliyi bitdikdən sonra çalışdığı müğənnilərin arxasınca danışmadığını dedi: "Bizim işimiz çox çətindir. Hər gün gələn zənglərə cavab veririk, toyları-efirləri, verilişləri danışırıq. Şou-proqramda, toyda, tədbirdə, ümumiyyətlə, hər bir yerdə ifaçını qorumaq və onu yüksək tutmaq çətindir. Bizdə bəzi müğənnilər özlərini dağdan böyük görür. Amma vallah, prodüser də insandır, bir ananın övladıdır".
Müğənni diskini özü oxutmayacaq ki
Bir zamanlar Roza Zərgərli, Sevil və Sevinc bacıları ilə işləyən Mehri Əliquliyeva hazırda Rəvan Qarayevlə çalışır. O, bizimlə söhbətində indiyə qədər çalışdığı müğənnilərlə heç bir problem yaşamadığını qeyd etdi: "Biz prodüserlər hər zaman çalışdığımız müğənnilərin kaprizlərinə dözmüşük. Çünki mən müğənnilərlə işləyirəm və onların nazını çəkməliyəm. Ancaq çox zaman bundan istifadə edən müğənnilər də olur. Mənim çalışdığım ifaçılar xasiyyət baxımından tam fərqli olublar. Belə ki, həyat təcrübəsi çox olan ana, gənc, yeniyetmə ifaçı, hətta kişi sənətçilərlə işləmişəm. Prodüser ilə müğənni arasında çox vaxt pul problemi olub. İndiyə kimi çalışdığım müğənnilərlə belə bir problem yaşamamışam. Çalışdığım insanlarda özümə qarşı diqqətsizliyi hiss edəndə, onlarla iş birliyimə son verirəm. Salamı saxlamaq şərti ilə".
Mehri Əliquliyeva Avropada ümumiyyətlə prodüser anlayışı olmadığını, onlarda menecer və PR menecerin olduğunu dedi: "PR işini yetərincə bacarıram. Bizdə toy təşkilatçısı və prodüser anlayışı var. Hazırda Rəvan Qarayevlə çalışıram. Rəvanda nə kapriz, nə də yekəxanalıq var. Məlumatınız olsun ki, disk də daşımıram (gülür). Hər hansı bir məclisdə, yaxud çəkilişdə olarkən çalışdığım müğənninin diskini təşkilatçıya verirəm. Müğənni diskini özü oxutmayacaq ki".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Kaspi.az
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре