"Ağıllı kənd" layihəsinin faydaları və əhəmiyyəti nədir?

"Ağıllı şəhər", "Ağıllı kənd" layihələrin həyata keçirilməsi dövrün tələbidir, inkişafın göstəricisidir. İnsanın müasirləşən və yeniləşən həyat tərzini özündə etiva edən bu tipıi layihələr bilavasitə beş nəcib məqsədə - normal, mənalı yaşayışa, müasir, elmi əsaslarla idarə olunan istehsala, nümunəvi sosial xidmətlərə, ağıllı, düşünülmüş kənd təsərrüfatına, alternativ enerji mənbələrindən istifadəyə əsaslanır.

Bunu Trend-ə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, bu günlərdə Zəngilan rayonuna səfəri zamanı Azərbaycan Prezidenti cənab İlham Əliyev Ağalı kəndində "Ağıllı kənd"in əsasını qoydu və bunu "Böyük qayıdışın" təməli adlandırdı.

Komitə sədri qeyd edib ki, "Ağıllı kənd" pilot layihəsi Zəngilanın 1,2,3-cü Ağalı kəndlərini əhatə edir və ərazidə 200 evin tikintisi nəzərdə tutulub: "Bu kəndlərdə müasir məktəb, bağça, polikilinka və elektron idarəetmə mərkəzləri inşa olunacaq, turizm infrastrukturu formalaşacaq. Bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə obyektləri, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı alternativ enerji mənbələri ilə təmin ediləcək.

Sözsüz ki, "Ağıllı kənddə" hər bir sakin işlə təmin olunacaqdır. Burada bütün təminatların yaradılması insan həyatını mənalı etməklə bərabər, həm də görülən işin, xidmətin əmsalını artıracaq, hər bir anı dəyərləndirəcəkdir".

Komitə sədri vurğulayıb ki, "Ağıllı kəndi" dəyərləndirən amillərdən biri "ağıllı kənd təsərrüfatı"dır ki, bu da aqrar sektorun müasir üsullarla idarə olunmasına, inkişafına hesablanıb: "Prezidentimiz Hacıqabul rayonunda sənaye məhəlləsinin açılışında qeyd etdi ki, bu gün Hacıqabulda nəinki sənaye, eləcə də kənd təsərrüfatı müasir üsullarla inkişaf edir. Əlbəttə, müasir texnologiyanın, elmin, qabaqcıl təcrübənin kənd təsərrüfatına tətbiq edilməsi, ilk növbədə əl əməyinin yüngülləşdirilməsi, məhsuldarlığın artırılması, işin səmərəliliyinin və keyfiyyətinin yüksəldilməsi, rəqabətə davamlı məhsul istehsal edilməsi, nəticədə insanların həyat şəraitinin yaxşılaşdırılması deməkdir. Kəndlərimizdə yaradılmış şərait sözsüz ki, iri fermer təsərrüfatlarının, sənaye parklarının, məhəllələrin yaradılmasına imkan verəcək və yüksək, keyfiyyətli məhsul istehsalına şərait yaradacaqdır.

Cənab İlham Əliyev bir neçə dəfə iri fermer təsərrüfatlarının yaradılmasının vacibliyini, əhəmiyyətini qeyd etmiş, həmin təsərrüfatlarda taxılın məhsuldarlığının 60 - 70 sentnerə çatdırıldığını xatırlatmışdır. Həm də kənd təsərrüfatının müasir üsullarla idarə edilməsini əsas vəzifə kimi qarşıya qoymuşdur.

Bir daha xatırladıram ki, bu mütərəqqi layihələrin hazırlanması və həyata keçirilməsi bilavasitə Azərbaycan vətəndaşlarının maddi - rifah halının yaxşılaşdırılmasına, onların xoşbəxt həyatına hesablanmışdır və ölkənin inkişafına, tanınmasına xidmət edir".