Naxçıvanın strateji yüksəkliklərində müdafiə istehkamları möhkəmləndirilib

Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər ardıcıl xarakter alıb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, xalqımızın mübarizə və qəhrəmanlıq tarixini özündə yaşadan Naxçıvan bu gün etibarlı müdafiə olunur. Bunun nəticəsidir ki, İkinci Qarabağ müharibəsində Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları böyük şücaət göstərib, ərazi bütövlüyümüzün təmin olunmasında iştirak ediblər. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin də dediyi kimi: "Naxçıvan Muxtar Respublikasının həm respublikanın hüdudlarının müdafiə edilməsində, ümumiyyətlə, ölkəmizin ordu potensialının güclənməsində çox böyük rolu var və hər zaman Naxçıvan lazımi dərəcədə müdafiə olunacaqdır".

Ordu quruculuğu istiqamətində aparılan islahatlar nəticəsində yüksək dağ şəraitində yerləşən hissə və bölmələrimizdə nümunəvi xidmət şəraiti yaradılıb. Bu sahədə görülən işlərin tərkib hissəsi olaraq muxtar respublikanın əsas müdafiə istehkamı sayılan Təkəqaya və Soyuq bölgələrindəki hərbi birləşmələrin məişət şəraiti xeyli yüksəldilib.
Avqustun 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Təkəqaya və Soyuq bölgələrində olub, ön xətdə xidmətin təşkili və şəxsi heyətin məişət şəraiti ilə maraqlanıb.

Ali Məclisin Sədri əsgərləri salamlayıb, çətin dağlıq şəraitdə xidməti vəzifələrini uğurla yerinə yetirdiklərinə görə onlara təşəkkürünü bildirərək deyib: Ölkəmizin sərhədlərinin qorunması ordumuzun qarşısında duran əsas vəzifədir. Buranın da strateji ərazi olduğu nəzərə alınaraq 2014-cü ildə postların yaradılması və xidmətin təşkili barədə qərar verildi. Artıq 7 ilə yaxındır ki, Azərbaycan əsgəri çətin dağlıq şəraitdə fasiləsiz xidmət aparır, qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirir.

Ali Məclisin Sədri deyib: 3700 metr yüksəklikdə xidmət aparmaq cəsarət və dözümlülük, bu cür strateji yüksəkliyin əldə saxlanması isə böyük qəhrəmanlıq tələb edir. Siz bunları yerinə yetirdiniz və göstərdiniz ki, Azərbaycan əsgəri qarşıya qoyulan tapşırıqları yerinə yetirməyə qadirdir.

Ali Məclisin Sədri nümunəvi xidmətlərinə görə şəxsi heyətə təşəkkür edərək deyib: Yüksəkliklərdə xidmətin yaxşı təşkil olunması qələbələrin təməlidir. Əvvəllər bu ərazidə əsgərlər çətin şəraitdə xidmət aparırdılar. Bu gün xidmətinizi layiqincə yerinə yetirməyiniz üçün hər cür şərait yaradılıb. Həm əvvəllər, həm də indi əsgər və zabitlər bu ərazidə xidməti vəzifələrini layiqincə yerinə yetiriblər. Əminik ki, sizdən sonra xidmət edənlər də bu ənənəni davam etdirərək muxtar respublikamızın, ümumilikdə, ölkəmizin strateji yüksəkliklərini layiqincə qoruyacaqlar.

Əsgər Sənan Babayev deyib ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan qədim Naxçıvan diyarının yüksəkliklərində xidmət etməyimizlə fəxr edir, bizə göstərilən müntəzəm diqqət və qayğıya görə öz minnətdarlığımızı bildiririk. Əmin edirik ki, bundan sonra da əzəli torpaqlarımızın keşiyində mərdliklə dayanacaq, sərhədlərimizi göz bəbəyimiz kimi qoruyacağıq.

Əsgərlərdən Ceyhun Yusifov və Azər Gəncəliyev deyiblər: "Bizimlə görüşə gəldiyiniz üçün əsgər yoldaşlarımız adından öz minnətdarlığımızı bildiririk və bu, bizdə böyük ruh yüksəkliyinə və sevincə səbəb oldu. Sizi əmin etmək istəyirik ki, yeni zəfərlər qazanmaq üçün hər an əldə silah mübarizəyə qalxmağa, tarixi torpaqlarımızda qələbə bayrağı sancmağa daim hazırıq".

Əsgər Qurban Məmmədov deyib: "Yüksəkliklərdə xidmətin təşkili üçün hər cür şərait yaradılmışdır. Söz veririk ki, bundan sonra da əmr və tapşırıqların yerinə yetirilməsinə daim hazır olacağıq. Səbirsizliklə əmr gözləyirik ki, tez zamanda qədim Zəngəzur torpaqlarımızı da işğaldan azad edək. Bunun üçün canımızdan keçməyə hazırıq".
Sonra şəxsi heyət birlik və bərabərliyin ifadəsi olan "Hamı bir nəfər, bir nəfər hamı üçün!" şüarını səsləndiriblər.

Ali Məclisin Sədri xidmətdə fərqlənən hərbi qulluqçuları qiymətli hədiyyələrlə mükafatlandırıb, digərlərinə təşəkkür elan edib, yaradılan şəraitlə maraqlanıb, komanda müşahidə məntəqəsində mövqelərimizin vəziyyəti, mövcud topoqrafik və taktiki şəraitlə tanış olub.

Bildirilib ki, Əlahiddə Ümumqoşun Ordunun dəniz səviyyəsindən 3000 metrdən artıq yüksəkliklərdə yerləşən bölmələrində 2021-ci ilin ötən dövrü ərzində hərbi təyinatlı obyektlərin tikintisi uğurla davam etdirilərək, ümumilikdə, 11 müdafiə mövqeyində yeni əsgər yataqxanaları tikilib, mövcud olanlar əsaslı təmir edilib. Müdafiə mövqelərini daimi elektrik enerjisi ilə təmin etmək üçün yeni günəş panelləri quraşdırılıb. Çətin dağlıq şəraitdə yerləşən bölmələrdə, dayaq məntəqələri və mövqelərdə müşahidə məntəqələri, səngər və əlaqə yolları əlverişsiz hava şəraitinə uyğunlaşdırılıb. Bölmələrdə əsas və ehtiyat səngərlər, mövqelər və müşahidə məntəqələri salınaraq dayaq məntəqələri təkmilləşdirilib.

Sıldırım qayalıqların arasında aparılmış mühəndis işləri nəticəsində əvvəllər uzun vaxt sərf edilən yolu bu gün qısa zamanda qət etmək mümkündür. Ümumilikdə mühəndis texnikalarının köməyi ilə yaşayış məntəqələri və müdafiə mövqeləri arasında 70 kilometrlik hərəkət yolu yenidən çəkilib və 200 kilometrdən artıq təminat yolu təkmilləşdirilərək bərpa edilib.

Avqustun 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Təkəqaya yaylaqlarında Ordubad rayonunun Nüsnüs kəndindən olan oba sakinləri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb, söhbət edib, işlərində uğurlar arzulayıb.

Bildirilib ki, ərazinin etibarlı müdafiəsi heyvandarlar üçün geniş imkanlar yaradıb. Ərazidəki yaylaqların otlaq sahələri artırılıb. Yolların çəkilməsi gediş-gəlişi də xeyli asanlaşdırıb. Yüksək dağlıq ərazi olmasına baxmayaraq, təsərrüfatlara mütəmadi olaraq baytarlıq xidməti də təşkil olunur.

Yaradılan şəraitə görə oba sakinləri dövlətimizə minnətdarlıq ediblər.

Sonra Ali Məclisin Sədri Zəngəzur silsiləsinə baxıb, Ordubad çayını qidalandırmaq üçün Zəvvar arxında aparılan təmizlik-bərpa işləri ilə də maraqlanıb.

Məlumat verilib ki, 2016-cı ildə arx bərpa olunub, bu gün isə Zəvvar arxında təmizləmə, genişlətmə və bərkitmə işləri görülür.

Arxın əhəmiyyətini vurğulayan Ali Məclisin Sədri deyib ki, bu arx vasitəsilə nə qədər insan əkin işləri ilə məşğul olur. Həmçinin Əylis kəndindəki kəhrizlərdə sular artmaqla bərabər taxıl əkilməyən yerlər də artıq əkilir. Ona görə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə tapşırıq verildi ki, arxda təmizləmə işləri həyata keçirilsin.
Ali Məclisin Sədri görülən işlərə görə işçi heyətə təşəkkür edib.

Avqustun 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Soyuq bölgəsində yerləşən hərbi hissədə və müdafiə mövqelərində olub.

Şəxsi heyəti salamlayan Ali Məclisin Sədri deyib: 1992-ci ildən bu ərazilər Azərbaycan əsgərinin nəzarətindədir. Əvvəlki illərdə bu cür şərait olmasa da, Azərbaycan əsgərinin şücaəti, hünəri imkan verdi ki, çətin şəraitdə xidmət təşkil edilsin. Sonrakı illərdə burada yaradılan şərait xidmətin təşkilini xeyli asanlaşdırdı. Ötən dövrdə bu ərazilərdə xidmət layiqincə yerinə yetirilib.

Şəxsi heyətə təşəkkür edən Ali Məclisin Sədri deyib ki, Soyuq və Təkəqaya döyüş mövqeləri silsilə dağ yüksəkliklərdir. Aşağı nöqtəsi Kilitdə 400 metrdən başlayıb, ən yüksək nöqtəsi 3700 metrlik Təkəqayada bitir. Bütün bu ərazilər ölkəmizin işğalçı ölkə ilə sərhədləri içərisində ən yüksək nöqtələrdəndir. Belə çətin relyefdə xidmətin təşkili və davam etdirilməsi qəhrəmanlıq tələb edir. Azərbaycan əsgərinin cəsarət və şücaəti hesabına bu yüksəkliklərdə hərbi xidmət nümunəvi təşkil olunub. Əminliyimi bildirirəm ki, şəxsi heyət yaradılan bu şəraitdən layiqincə istifadə edərək bundan sonra da torpaqlarımızın qorunmasında mərdlik və şücaət nümayiş etdirəcəkdir.

Ali Məclisin Sədri deyib: Soyuq döyüş bölgəsinə dəfələrlə gəlmişəm. O qayalardan yolların çəkilməsi şücaət, zəhmət tələb edirdisə, o ərazilərdə xidmət aparmaq da qəhrəmanlıqdır. Bütün bunlar Azərbaycan əsgərinin nəyə qadir olduğunun göstəricisidir. Həm Soyuq bölgəsində olan, həm də Təkəqaya ərazisində olan yüksəkliklərin əhəmiyyəti nəzərə alınaraq burada daim işlər aparıldı və xidmət lazımi səviyyədə təşkil edildi. Bu ağır şəraitdə hadisəsiz xidmətin təşkili də yüksək qiymətə layiqdir.

Baş leytenant Vüsal Rəhimli deyib: "Ali Məclis Sədrinin Naxçıvan diyarının müdafiəçiləri ilə görüşü bizdə böyük ruh yüksəkliyi yaratmaqla bərabər, üzərimizə böyük məsuliyyət qoyur. Məqsədimiz yeni qələbələrə imza ataraq bütün tarixi torpaqlarımızda Azərbaycan bayrağını dalğalandırmaqdır".

Ali Məclisin Sədri xidmətdə fərqlənən hərbi qulluqçuları qiymətli hədiyyələrlə mükafatlandırıb, digərlərinə təşəkkür elan edib, yaradılan şəraitlə maraqlanıb.

Bildirilib ki, yenidən qurulan yataqxana, yeməkxana, anbarlar, çörək sexi və digər binalarda təhlükəsiz və rahat şəraitdə xidmətin təşkili təmin olunub. Buraya içməli su xətti çəkilib, istilik sistemi quraşdırılıb. Tibb məntəqəsində lazımi dərman vasitələri qoyulub. Şəxsi heyətin sağlamlığının qorunması diqqət mərkəzindədir.

İdeoloji otaqda hərbi və bədii ədəbiyyatlar qoyulub, müxtəlif məlumat stendləri asılıb. Döyüş hazırlığının ümumi hərbi-elmi əsaslarla öyrədilməsi, hərbi vərdişlərin daim təkmilləşdirilməsi diqqət mərkəzində saxlanılır.

Anbarlara baxış zamanı məlumat verilib ki, əsgərlərin qidalanması da günün nizam qaydasına uyğun təşkil olunub. Anbarda ərzaq ehtiyatı yaradılıb. Yüksək kalorili məhsulların qida rasionuna daxil edilməsi qış aylarında əsgərlərin sağlamlığının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Əşya anbarında da lazımi geyim dəstləri və digər məişət əşyaları vardır.

Sonra Ali Məclisin Sədri digər bölmələrdə olub, tabor mərkəzində və dayaq məntəqələrində hərbi qulluqçuların mənəvi-psixoloji durumu və xidmətin təşkili ilə maraqlanıb.

Ön xətdə xidmət edən şəxsi heyətlə görüşən Ali Məclisin Sədri deyib ki, siz Azərbaycan torpaqlarını qoruyursunuz. Xidmətinizin vacibliyinin bir göstəricisi də odur ki, bu ərazilərin qorunması həm də insanların rahat yaşayışına xidmət edir. Bunlar hamısı sizin xidmətinizin müqabilində mümkün olub. Ona görə də bu illər ərzində lazımi şəraitin yaradılmasına çalışılmış və bu gün deyə bilərik ki, Soyuq bölgəsində xidmətin təşkili ilə bağlı işlər qaydasındadır.

Ali Məclisin Sədri Soyuq bölgəsində qüsursuz və hadisəsiz xidmətin təşkilinə görə əsgər, gizir və zabitlərə təşəkkür edərək deyib: "Yaradılan şərait işin bir tərəfidirsə, əsas məsələ isə xidməti düzgün aparmaqdır. Bunu isə sizlər həyata keçirirsiniz. Sizin timsalınızda əminliklə deyə bilərik ki, Azərbaycan Ordusu sərhədlərimizi layiqincə qoruyur. Eşq olsun, Azərbaycan Ordusuna".

Əsgərlərdən Cavid Cabbarov və Natiq Babazadə deyiblər: "Qədim yurd yerimiz olan Naxçıvan diyarında xidmət etmək bizim üçün fəxrdir. Ona görə ki, bizim burada xidmət aparmağımız üçün hər bir şərait yaradılıb. Yaradılan şəraitə görə dövlətimizə minnətdarlığımızı bildiririk. Söz veririk ki, hər zaman ayıq-sayıq xidmət aparacaq, verilən əmr və tapşırıqları layiqincə yerinə yetirməyə daim hazır olacağıq".
Sonra şəxsi heyət birlik və bərabərliyin ifadəsi olan "Hamı bir nəfər, bir nəfər hamı üçün!" şüarını səsləndiriblər.

Ali Məclisin Sədri xidmətdə fərqlənən hərbi qulluqçuları qiymətli hədiyyələrlə mükafatlandırıb, digərlərinə təşəkkür elan edib, yaradılan şəraitlə maraqlanıb.
Məlumat verilib ki, binalarda əsgər və zabitlər üçün yataq yerləri, ideoloji, məişət, tibb və xidməti otaqlar, mətbəx, yeməkxana, əşya və ərzaq anbarları mövcuddur.
Ali Məclisin Sədri şəxsi heyətin qidalanması ilə maraqlanıb.

Bölmələrin yerləşdiyi ərazinin relyefinə və iqlim şəraitinə uyğun inşa olunan binalar keyfiyyətli mebel dəstləri və digər lazımi avadanlıqlarla, müxtəlif növ dayanıqlı rabitə, daimi işıq və istilik sistemi ilə təchiz edilib. Burada köhnə elektrik aqreqatları yeni 50 kilovoltluq "GENPOWER" markalı elektrik aqreqatları ilə əvəz olunub, ərazidə açıq idman qurğuları quraşdırılıb.

Ali Məclisin Sədri mövqelərin möhkəmləndirilməsi, təkmilləşdirmə işlərinin davam etdirilməsi barədə müvafiq tapşırıqlar verib.

Gətirilmiş müxtəlif ərzaq məhsulları anbarlara təhvil verilib.