Ermənilərin "blokada" yalanı

Müəllif: Asif Mehman, Trend

Azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 47 gündür davam edir.

Etirazçılar 47 gündür ki Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edirlər.

Ermənistan hakimiyyəti, eləcə də Ruben Vardan və onun dəstəsi azərbaycanlıların dinc aksiyasını ciddi cəhdlə dünyaya "blokada" kimi tanıtmağa çalışırlar.

Azərbaycan Böyük Britaniyadakı səfiri Elin Süleymanov "Financial Times" qəzetində yayımlanan məqaləsində bu məsələyə geniş toxunub. Səfir qeyd edir ki, Laçın-Xankəndi yolu ilə hərəkət edən yüzlərlə nəqliyyat vasitəsi Ermənistan tərəfin dediyi kimi Azərbaycan tərəfindən heç bir "blokada"nın olmadığını göstərir.

O, qeyd edib ki, Xankəndidəki separatçılara niyə Ermənistanda yerli ermənilərin səfər etməsinə mane olduqlarına dair sual ünvanlanmalıdır.

"Hətta Ermənistan hələ bu yaxında beynəlxalq sənədlərə əsasən Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını bəyan edib. Qafqazda davamlı sülhün təmin olunmasına dair hərtərəfli sazişlə davam etmək həm erməni, həm də Azərbaycan xalqlarının maraqlarına xidmət edərdi", - səfir yekun olaraq bildirib.

Politoloq Elşad Həsənov isə Trend-ə açıqlamasında bildirib ki, azərbaycanlı dinc etirazçıların əsas tələbi təbii sərvətlərimizin ermənilər tərəfindən talanına son qoyulması və həmin ərazilərdə monitorinqlərin aparılmasına şəraitin yaradılmasıdır.

"Artıq neçə gündür ki, vətəndaşlarımız ermənilərin torpaqlarımızda faydalı qazıntı yataqlarını talan etməsinə qarşı Laçın yolunda aksiya keçirir.

Bizim dövlət həmin yataqların qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqini aparmaq istədi, lakin maneə il qarşılaşdı. Bu səbəbdən də azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəalların ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası bu günə qədər davam edir. Ermənilərin uydurduğu kimi biz yolu bağlamamışıq. Əksinə aksiya müddətində humanitar məqsədlə keçən maşınların hamısı maneəsiz buraxılıb", - deyə o əlavə edib.

E.Həsənov qeyd edib ki, dırnaqarası "vətənpərvər" olan Vardanyanın məqsədi əslində biznes maraqları üzərində qurulub.

"Onun əsas məqsədi pul qazanmaqdır. O çıxışlarında da revanşist qüvvəllərin silahlandırılmasını vurğulayır. Bununla da sülh müqaviləsinin bağlanmasına mane olur. Düşünürəm ki, yaxın zamanlarda Ruben Vardanyan Qarabağdan getməyə məcbur olacaq. Çünki onun Araik Atunyunyanla da problemi yaranıb", - deyə o əlavə edib.

Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə isə qeyd edib ki, bəzi dairələr tərəfindən Azərbaycan Laçın-Xankəndi yolunu blokadaya almaqda ittiham edilir.

"Halbuki Laçın-Xankəndi yolunda keçirilən aksiyanın məqsəd və məramı işğalçı Ermənistana və onun Avropa Parlamenti kimi havadarlarına çox yaxşı bəllidir. Ermənilər istər 30 illik işğal, istərsə də postmünaqişə dövründə Azərbaycana qarşı biri-birindən dəhşətli ekoloji terrorlar törədirlər. Azərbaycanlı ekofəalların aksiyasının əsas tələbi ermənilərin bu gün də davam edən həmin ekoloji terror əməllərinə son qoyulmasıdır. Sual olunur: Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli Bəyanatın imzalanmasından sonra 300-dən çox Azərbaycan vətəndaşının Ermənistanın mina terrorunun qurbanı olması dünyanı, o cümlədən bu gün Ermənistana və separatçı rejimə dəstək missiyasını yerinə yetirən Avropa Parlamentini niyə narahat etmir? Minalar bu ərazilərə hansı yolla daşınır? Əlində heç bir real fakt, əsas olmadan Azərbaycanı Laçın-Xankəndi yolunu blokadaya almaqda ittham edən Avropa Parlamentinin bu sualların cavabını axtarması daha yaxşı olmazmı?", - deyə o əlavə edib.

Yekun olaraq qeyd etmək lazımdır ki, artıq Laçın yolundakı aksiya 46 gündür davam edir. Bu 46 gün ərzində isə Laçın yolundan 1000-ə qədər avtomobil keçib. Günlük olaraq isə bu yoldan 20-25 avtomobil keçir. Belə olan halda hansı yolun bağlanmasından və "blokada"sından söhbət gedə bilər. 47 gün ərzində dəyişən məqam odur ki, artıq ermənilər Laçın yolundan silah, mina daşınması və digər qanunsuz əməllər məqsədilə istifadə edə bilmir.