Ermənistan demoqrafik fəlakətin astanasında

Müəllif: Elvin Səxavətoğlu

Ermənistanın Auditorlar Assosiasiyasının rəhbəri Nairi Sarkisyan ölkədəki acınacaqlı demoqrafik vəziyyətlə bağlı açıqlama verib.

O bildirib ki, Ermənistanın əhalisi yaxın 10 ildə 800 min nəfər azalaraq 2,2 milyon nəfərə düşə bilər.

Sarkisyanın sözlərinə görə, bu vəziyyətin əsas səbəbləri doğum səviyyəsinin aşağı olması, mühacirət və Qarabağdakı müharibənin nəticələridir.

"O cümlədən, ötən il 48 min vətəndaş Ermənistanı tərk edib və geri qayıtmayıb. Ukraynada müharibə başladıqdan sonra Rusiyaya gedən vətəndaşların sayı azalıb, lakin ABŞ-yə getmək üçün "Green card" qazanmaq istəyənlər növbəyə düzülüb", - deyə N.Sarkisyan əlavə edib.

O, ilin sonuna kimi ölkəni tərk edənlərin sayının 2023-cü ilin göstəricisindən çox ola biləcəyini istisna etmir.

Ölkənin Statistika Komitəsinin 2023-cü ilin may ayında yaydığı məlumatda isə qeyd olunurdu ki, Ermənistanda keçən ilki siyahıyaalmanın nəticələrinə görə, 2022-ci ilin oktyabrına ölkənin daimi əhalisinin sayı 2 milyon 928 min 914 nəfər olub. Bu siyahıda Ermənistanda yaşayan, lakin siyahıyaalma zamanı bir il müddətində ölkədə olmayanlar da var.

2011-ci ildə isə bu rəqəm 3 milyon 18 min 854 nəfər idi.

Ümumilikdə doğumların sayının azalması demoqrafik qocalmaya da gətirib çıxarır. Bu isə ölkədə işçi qüvvəsinin azalması ilə nəticələnə bilər. 

Puç olan "məxməri inqilab" xəyalları

Baş nazir Nikol Paşinyan inqilabla hakimiyyətə gələndə əhaliyə iqtisadi rifah və təhlükəsizlik vədləri vermişdi. Amma inqilabdan keçən 6 il ərzində ölkənin həm təhlükəsizliyində, həm də demoqrafik vəziyyətində fəlakətli nəticələr əldə olunub.

Təhlükəsizliklə bağlı əsas problem ölkənin plasdarma çevrilmə ehtimalıdır. Məlumdur ki, hazırda Ermənistanda Rusiyanın hərbi bazası var. 2022-ci ilin 12-14 sentyabr təxribatından sonra Ermənistan təhlükəsizlik məsələsini əsas gətirərək Avropa İttifaqının mülki missiyasını ölkəyə dəvət etdi. 2024-cü il ərzində isə ABŞ-la hərbi əməkdaşlığı daha da genişləndirib və ordunu Fransa və Hindistandan aldığı silahlarla təchiz etməyə başlayıb.

Bütün bu proseslər Rusiyanın Ermənistandan sıxışdırılması fonunda baş verir. Ona görə də Ermənistanın hərbi plasdarm olacağı ilə bağlı ehtimallar artmaqdadır.

Paşinyanın hakimiyyəti dövründə təhlükəsizliklə yanaşı, demoqrafik vəziyyətdə də ciddi geriləmələr qeydə alınıb. Yuxarıda sadalan rəqəmlər buna sübutdur.

Təbii ki, demoqrafik vəziyyətin pisləşməsi birbaşa ölkənin təhlükəsizlik problemlərinin kəskinləşməsinə də səbəb ola bilər. Hazırda Ermənistan Fransa, ABŞ və Hindistandan müasir silahlar almaqla ölkənin təhlükəsizliyini artırmağa çalışır.

Amma ölkənin təhlükəsizliyini yetərli canlı qüvvə olmadan müdafiə etmək mümkünsüzdür. Təhlükəsizlik problemini həll etməyin yolu hərbi bazaları müasir silahlarla doldurmaq deyil, canlı qüvvə nisbətində rəqibdən geri qalmamaqdır. Alınan silahları istifadə edəcək canlı qüvvə yoxdursa, həmin hərbi texnikalar bazalarda cürüyəcək.

Bəs Ermənistan demoqrafik çöküşdən necə xilas ola bilər?

Ermənistanın yox olmaqdan xilas edəcək yeganə addım Azərbaycan və Türkiyə ilə dostluq şəraitində yaşamaq üçün çalışmasıdır. İki qonşusu ilə soyuq münasibətdə olan Ermənistan, heç vaxt iqtisadi cəhəddən dirçələ bilməz. Yəni Paşinyan əhaliyə verdiyi vədləri yalnız Bakı və Ankara ilə dostlaşarsa, yerinə yetirə biləcək.

Bu səbəbdən, Ermənistan sülh müqaviləsini imzalamaq üçün daha çox səy göstərməlidir. Çünki sülh müqaviləsinin bağlanması və ardından sərhədlərin açılması, Ermənistanda iqtisadi canlanmanı yaradacaq. Nəticədə əhali ölkəni tərk etməkdə maraqlı olmayacaq. 

Əks təqdirdə Ermənistan Sarkisyan və Köçəryanın dövründəki kimi "dalan dövlət" statusunu qoruyacaq.