İrəvan atəşkəsi niyə pozur?

Müəllif: Elvin Səxavətoğlu

Xəbər verdiyimiz kimi, Ermənistanın baş naziri Nikol Paşinyan sülh müqaviləsinin Azərbaycanla razılaşdırılan bəndlərini imzalamağı təklif edib.

Paşinyan bu barədə İrəvanda keçirilən "İrəvan Dialoqu" beynəlxalq forumundə çıxışı zamanı deyib.

"Sülh sazişi layihəsinin 13 maddəsi və müqəddiməsi tam razılaşdırılıb, üç maddə qismən razılaşdırılıb, onlar cəmi iki cümlədən ibarətdir. Biz qısa müddətdə razılaşdırılmış maddələri imzalamağı təklif edirik".

Əlavə edib ki, Cənubi Qafqazda sülh təkcə mümkün deyil, həm də realdır.

Düzdür, Cənubi Qafqaz sülhə bu qədər yaxın olmayıb. 44 günlük müharibədən sonra başlayan sülh danışıqları bölgədə uzun illərdir davam edən gərginliyi minimuma endirib.

Amma Ermənistanın hərbi təxribatları yekun nəticəni uzadır. Məsələn, Paşinyanın ötən gün səsləndirdiyi "sülhpərvər" bəyanatlardan sonra bu gün atəşkəs pozulub.  

Müdafiə Nazirliyinin yaydığı məlumata görə, sentyabrın 11-i saat 10:50 radələrində Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən üzbəüz mövqelərdən atıcı silahlar vasitəsilə atəşə tutulub.

Ermənistan yeni Melkonyanlar yetişdirməyə çalışır  - Branson kimdir?

Ermənistan yeni Melkonyanlar yetişdirməyə çalışır - Branson kimdir?

Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Paşinyanın  "sülhpərvər" bəyanatları fonunda atəşkəsin pozulması Ermənistanın sülhü sözdə istədiyinin bariz nümunəsidir. Çünki rəsmi İrəvan sülh istəsəydi, atəşkəsin pozulmasına imkan verməzdir.

Bəlkə Ermənistan hakimiyyəti ABŞ, Fransa və Hindistandan aldığı silahları döyüş meydanında sınamaq istəyir?

Atəşkəsin tez-tez pozulması belə düşünməyə əsas verir.

Xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycan da ordunun gücləndirilməsi istiqamətində əsaslı addımlar atıb. Hazırda Azərbaycan ordusu 44 günlük müharibə dövründəkindən daha güclüdür.

Buna baxmayaraq, rəsmi Bakı sülh niyyətlərini dildə deyil, əməldə göstərir. Amma Ermənistanın müharibə ritorikası Cənubi Qafqazda yeni gərginliyin baş verə biləcəyi ehtimallarını artırır.