ABŞ və Qərb dövlətlərinin Azərbaycanın ərazi bütövlüyünə göstərdikləri münasibət hər zaman dırnaq arası olub - Azər Qarayev
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 4-də Cəbrayıl şəhərində keçirilən açılış mərasimində etdiyi çıxış həm yerli, həm də beynəlxalq ictimaiyyətin diqqətini çəkən mühüm bir bəyanat oldu.
Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev bildirib.
A.Qarayev qeyd edib ki, Prezident çıxışında Qərb ölkələrinin, xüsusilə Fransanın, Ermənistanı genişmiqyaslı silahlandırma siyasətini kəskin tənqid edərək, bunun bölgədə sülh və sabitlik üçün ciddi təhlükə olduğunu vurğuladı:
"Prezident İlham Əliyev bildirdi ki, Qərbin Ermənistana verdiyi silahlar, Azərbaycanın şəhər və kəndlərini dağıtmaq məqsədi daşıyır. "Biz gözləməyəcəyik ki, bu binalar da bu günə düşsün" deyə Prezident açıq şəkildə xəbərdarlıq etdi. O, ölkəsinin öz təhlükəsizliyini qorumaq və gələcək inkişafını təmin etmək üçün heç bir maneəyə boyun əyməyəcəyini və heç kimin Azərbaycanı çəkindirə bilməyəcəyini qətiyyətlə bildirdi".
Azər Qarayev vurğulayıb ki, bu çıxışda Prezident Əliyev ABŞ və Qərb dövlətlərinin Azərbaycanın müstəqillik mübarizəsinə və ərazi bütövlüyünə göstərdikləri münasibəti sərt tənqid etdi:
"Amerika Konqresinin 60 ermənipərəst konqresmeni tərəfindən ABŞ-nin Azərbaycana növbəti sanksiyalar tətbiq etməsi üçün təklif etməsi ikili standartların bariz göstəricisidir. ABŞ-nin bu siyasətlərin əsasında anti-Azərbaycan mövqeyi dayanır. ABŞ və Qərb dövlətlərinin Azərbaycanın ərazi bütövlüyünə göstərdikləri münasibət hər zaman dırnaq arası olub. Onlar regionda Azərbaycanın güclənməsini, tam müstəqil siyasət yürütməsini qısqanclıqla qarşılayıblar".
Azər Qarayev bildirib ki, Ermənistanın təhlükəli oyunlara baş vurduğunu bildirən İlham Əliyev, bu ölkəyə İkinci Qarabağ müharibəsinin dərslərini unutmamağı tövsiyə etdi. Ermənistanın yeni havadarlar taparaq, onların qarşısında "diz üstə" getdiyini qeyd edən Prezident, Azərbaycan Ordusunun anti-terror əməliyyatlarını xatırlatdı və bununla ölkənin istədiyinə bir neçə saat ərzində nail olduğunu bildirdi.
"Bizimlə heç kim zarafat etməsin və səbrimizlə də oynamasın" ifadəsi, Azərbaycanın qarşılaşacağı hər hansı təhlükəni dərhal və qətiyyətlə aradan qaldıracağı mesajını açıq şəkildə ortaya qoydu".
A.Qarayev əlavə edib ki, dünyada dəyişən geosiyasi vəziyyətin fonunda Azərbaycanın mövqeyi daha da güclənir. Prezident İlham Əliyevin bu çıxışı, Azərbaycanın bölgədə sülh və sabitliyin əsas təminatçısı olduğunu göstərməklə yanaşı, ölkənin hər hansı təhlükəyə qarşı operativ və qətiyyətli mövqe tutacağını bir daha nümayiş etdirdi.
Ermənistan və onun xarici havadarlarına ünvanlanan bu xəbərdarlıq, gələcəkdə bölgədə istənilən təhlükəli ssenarilərin qarşısının alınacağına dair güclü bir mesaj oldu.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре