“Bir nar çubuğunu basdırdıq yerə” - Praqa Azərbaycan Evində ilk tədbir keçirildi - FOTO
Çexiyanın paytaxtı Praqa şəhərində yeni açılan Azərbaycan Evində ilk tədbir baş tutub.
Day.Az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Evində xalq şairi Nəbi Xəzrinin 100 illiyinə həsr olunan rəsm sərgisinin açılışı olub.
Açılış mərasimində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycanın Çex Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Adış Məmmədov, Çexiyanın Xarici İşlər Nazirliyinin nümayəndəsi, bu ölkənin Azərbaycandakı keçmiş səfiri Milan Ekert, Qazaxıstanın Çex Respublikasındakı səfiri Bakit Düsenbayev, ölkədəki Azərbaycan icmasının və yerli ictimaiyyətin nümayəndələri iştirak edib.
Şərqi Avropa Azərbaycanlıları Koordinasiya Şurasının Çexiya üzrə koordinatoru, "Natəvan Cəmiyyəti"nin təsisçisi və Praqa Azərbaycan Evinin rəhbəri Leyla Begim Cəfərova sərgi barədə ətraflı məlumat verib və nəzərə çatdırıb ki, Nəbi Xəzrinin "Bir nar çubuğunu basdırdıq yerə" misrasından ilham alaraq belə bir sərginin təşkilinə qərar veriblər.
Sərgidə azərbaycanlı rəssamların əsərləri nümayiş olunub və dərin fəlsəfi məna daşıyan əsərlər iştirakçıların böyük marağına səbəb olub.
Qeyd edək ki, Praqada Azərbaycan Evi bu il noyabrın 6-da açılıb. Artıq 18 ölkədə Azərbaycan Evləri fəaliyyət göstərir. Təhlillər göstərir ki, Azərbaycan Evləri həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılmasında, ölkəmizlə bağlı dezinformasiyaların qarşısının alınmasında, soydaşlarımızın tarix və mədəniyyətimizi, ana dilimizi öyrənmələrində, eləcə də diasporla yerli cəmiyyətlərin əlaqələrinin intensivləşməsində xüsusi rola malikdir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре