Yağış və ya qar sonrası sürücülərin bilməli olduqları vacib məqamlar

Yağış və qar sonrası təkərlərin yollarda olan su gölməçəsinə düşməsi sürücülər üçün ciddi təhlükə yarada bilər. Bu hadisə, xüsusilə yüksək sürətlə hərəkət edən avtomobillərdə "aquaplaninq" (su üzərində sürüşmək) adlanan təhlükəli vəziyyətə səbəb ola bilər.
Day.Az Milli.Az-a istinadən xəbər verir ki, aquaplaninq zamanı təkərlər yol səthi ilə təmasını itirir və avtomobil sanki suyun üzərində üzməyə başlayır.
Nəticədə sürücü idarəetməni tam itirir.
Aquaplaninq necə baş verir?
Aquaplaninq - təkərlər altındakı suyu kənara ata bilmədikdə yaranır. Normal şəraitdə təkərin protektorları suyu kənara yönəldərək yol səthi ilə təması təmin edir ki, bu da sürücünün lazım olan anda avtomobilin hərəkət istiqamətini dəyişməsinə yardımçı olur.
Lakin:
* Yolun su ilə örtülməsi,
* Sürətin yüksək olması,
* Təkərlərin aşınmış və ya havasının az olması kimi hallarda şinlərin suyu kənarlaşdırması prosesi natamam icra edilir və nəticədə idarəetmə çətinləşir, bəzən isə tamamilə mümkünsüz olur.
Sürücülər nə etməlidir?
Aquaplaninqin qarşısını almaq və bu vəziyyətdə düzgün reaksiya vermək üçün aşağıdakı qaydalara əməl etmək vacibdir:
Sürəti hava şəraitinə uyğun tənzimləmək - Yağışlı hava şəraitində və yaş yollarda yüksək sürətlə hərəkət etdikdə avtomobilin sürüşmə riski artır.
Təkərlərin vəziyyətini mütəmadi yoxlamaq - Aşınmış təkərlər suyu düzgün şəkildə kənara ata bilmir. Təkərlərin protektor dərinliyi az olduqda, yol tutumu zəifləyir və avtomobilin sürüşmə ehtimalı artır.
Təkər təzyiqinə nəzarət etmək - Həddindən artıq aşağı və ya yüksək təzyiqli təkərlər aquaplaninq riskini artırır.
Qəfil manevrlərdən və kəskin əyləcləmədən çəkinmək - Yaş yolda qəfil sükanı çevirmək və ya əyləcə basmaq avtomobilin nəzarətdən çıxmasına səbəb ola bilər. Ələlxüsus da avtomobilin bir tərəfi qismən quru, digər tərəfi isə gölməçəyə düşdüyü məqamlarda.
Təkərlər yaxşı vəziyyətdə olsa belə, ehtiyatlı olmaq - Hətta yeni təkərlərlə də yüksək sürətlə su gölməçəsinə daxil olduqda aquaplaninq riski var.
Təhlükəsiz sürüş üçün hər zaman hava və yol şəraitinə uyğun sürət seçmək və buna uyğun hərəkət etmək tövsiyə olunur.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре