Havalara görə ciddi fəsadlar var

Azərbaycanda Aqrar Sığorta sistemi elektron kənd təsərrüfatı informasiya sistemində qeydiyyata alınmış əkin sahələrinin 98 faizini əhatə etmək gücündədir.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, bunu Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ölkədə meyvə-tərəvəz əkini həyata keçirən 100 ha ərazinin 98 hektarının sığortalanmasını təmin etmək mümkündür. O həmçinin bildirib ki, fevral ayının sonlarında havaların şaxtalı keçməsi faraj meyvə istehsalçılarını çox böyük maliyyə itkiləri ilə üz-üzə qoyub.

"Aprel ayının məhz ortalarında birinci yarısında havaların kəskin dəyişməsi, Xaçmazda, Qubada sellərin olması, Aran bölgəsində də sel yağışlarının olması çox ciddi fəsadlar yaradıb. Çox böyük itkilər var. Aprel ayında Aqrar Sığorta Fondunda sığortalı olan müştərilər tərəfindən artıq 13 milyon manatlıq zərərlərin olmasına dair müraciətlər var. Ölkədə artıq pambıq mövsümü başlayıb. May ayının ortalarına qədər onların imkanları var ki, öz əkinlərini sığortalasınlar. 

Qeyd edim ki, bu hər il Azərbaycanda 30 minə yaxın əkin əraziləri, yəni pambıq əkinləri tərəfimizdən sığortalanır".

Yağışlı havaalar bağlara da ziyan vurub. Ən çox gilas və ərik ağacları zərər görüb. Çünki onların çiçək açması ilə leysan yağışlarının yağması eyni vaxta düşdü. İmişlidəki meyvə bağlarında meyvələr keçən ildən az olacaq. 

Əkin sahələri ilə məşğul olan şəxslər bildirirlər ki, keçən il bir ağacdan 18 kq məhsul götürürdüksə, bu il təxmini 5 kq məhsul götürə bilərik:

"Ağacları dərmanlamaq da çətinləşib. Çünki aöaca əl dəyəndə meyvə düşür. Belə olan halda isə ağacda heç meyvə qalmaz. Həmçinin yağışların kəskin yağması ağacların dibində həddindən çox sulu olmasına səbəb olub, ətrafda alaq otları da çoxalıb".