Özbəkistanın Fərqanə vilayətində Üzeyir Hacıbəyliyə həsr edilmiş konsert təşkil edilib

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Kokand Dövlət Universiteti ilə birlikdə Özbəkistanın Fərqanə vilayətinin Kokand şəhərində görkəmli azərbaycanlı bəstəkarı, Azərbaycan milli operasının banisi, musiqişünas-alim, publisist və pedaqoq Üzeyir Hacıbəylinin anadan olmasının 140 illik yubileyi ilə əlaqədar konsert təşkil edilib.  

Kokand şəhər Dəmiryolçular sarayında təşkil edilən tədbiri giriş sözü ilə açan Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli zəngin tarixə malik olan Azərbaycan mədəniyyətindən söz açaraq bu mədəniyyətin ayrılmaz bir parçası olan Azərbaycan musiqisinin bütün dünya mədəniyyətinə böyük töhfələr verdiyini və müsbət mənada təsir göstərdiyini qeyd edib. Azərbaycan musiqisinin inkişafında müstəsna xidmətləri olan Üzeyir Hacıbəyli yaradıcılığından söz açan A. Marifli dahi bəstəkarın həyatının, yaradıcılığının, musiqi irsinin öyrənilməsi sahəsində görülən işlərdən və ələlxüsus da ölkə başçısı cənab İlham Əliyevin bu qəbildən məsələlərə böyük həssaslıq və diqqətlə yanaşdığını vurğuladı. O, bugünkü tədbirin də ölkə başçısı tərəfindən Üzeyir Hacıbəylinin anadan olmasının 140 illik yubileyi münasibətilə verilmiş sərəncam çərçivəsində Mədəniyyət Mərkəzi tərəfindən  nəzərdə tutulmuş silsilə tədbirlərdən növbətisi olduğunu da diqqətə çatdırdı.

Daha sonra çıxış edən Kokand Dövlət Universitetinin  prorektoru Əhmədcan Xusanov Azərbaycan və özbək xalqları arasında mədəniyyət, ələlxüsus da musiqi sahəsində böyük oxşarlıq olduğunu və bunun da ortaq tarixi köklərə dayandığını qeyd etdi. Məhz buna görədir ki, Azərbaycan musiqisinin özbək xalqı tərəfindən sevilərək dinlənildiyini qeyd edən Ə.Xusanov  bugünki konsert proqramının da iştirakçılar tərəfindən böyük bir şövqlə qarşılanacağını bildirdi.

Çıxışlardan sonra bədii hissə ilə davam edən konsert proqramında Azərbaycan Mədəniyyət Mərkəzinin "Azərbaycan" rəqs qrupu, Kokand Dövlət Universitetinin rəqs ansamblı tərəfindən milli rəqslərimiz, Mədəniyyət Mərkəzinin gənclərdən ibarət teatr truppası tərəfindən isə dahi bəstəkar, publisist Üzeyir Hacıbəylinin dünyaca məşhur "Arşın mal alan" operetta-tamaşası tamaşaçılara təqdim edildi.
Konsert proqramı tamaşaçılar tərəfindən böyük maraq və gurultulu alqışlarla qarşılandı.