Daşınmaz əmlak bazarında son durum: Qiymətlərlə bağlı nə proqnozlaşdırılır?

Bakının daşınmaz əmlak bazarında qiymətlərdə artım tendensiyası müşahidə olunur. Ən son statistikaya görə, ötən ay mənzil seqmentində qiymətlər mart ayı ilə müqayisədə orta hesabla 1,34% artıb. Əmlak bazarındakı qiymət artımının əsas səbəbləri arasında tikinti materiallarının bahalaşması, əhalinin alıcılıq qabiliyyətinin artması və bazarda təklifin məhdudluğu göstərilir. Bəzi hallarda isə qiymət artımları xaotik xarakter daşıyır və ərazidən asılı olaraq qiymətlərdə nəzərəçarpacaq dərəcədə dəyişikliklər müşahidə olunur.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı-ekspert Vüqar Oruc Trend-ə açıqlamasında deyib ki, mənzil bazarında alqı-satqı aktivliyi müşahidə olunmasa da, qiymətlərdə bahalaşmaya doğru meyl hiss olunur.
Onun sözlərinə görə, bu, əvvəllər də qeyd olundu ki, bir sıra iqtisadi amillərlə bağlıdır: "Hazırda daşınmaz əmlak bazarında çox böyük ajiotaj hökm sürür. İlkin mərhələdə 7 minə yaxın, sonra isə bir neçə dəfə bundan artıq vətəndaşın istər kirayə, istərəsə də alqı-satqı bazarına müraciəti gözlənilir. Çünki artıq istismar müddətini bitirmiş qəzalı binaların söküntüsünə və böyük bir tikinti prosesinə start verilib. Buna uyğun olaraq vətəndaşlara kompensasiya ayrılacaq ki, onlar həmin məbləğə digər yerlərdə əmlak əldə edə bilsinlər".
V. Oruc vurğulayıb ki, kirayə bazarı ilə mənzillərin satış bazarı bir-biri ilə əlaqəlidir: "Əgər kirayə bazarında aktivlik müşahidə olunarsa, bu, sahibkarların marağını artıracaq. Onlar əmlak əldə etməyə daha çox cəhd göstərəcəklər ki, kirayə bazarına həmin əmlakı daxil edərək yaranan əlverişli vəziyyətdən mənfəət və gəlir əldə etmək üçün istifadə etsinlər.
Bundan əlavə, ali təhsil müəssisələrinin böyük qisminin Bakıda yerləşməsi tələbələrin buraya axınına səbəb olur və nəticədə kirayə mənzil bazarında canlanma yaranır. Yay dövründə və sentyabrda yeni tədris ilinin başlanmasına hazırlıq ərəfəsində istər kirayə mənzil bazarında, istərsə də əmlak satış bazarında mövsümi bahalaşma da ümumi qiymətlərə təsir göstərəcək".
Yeni tikililər üzrə fantastik qiymətlər təklif olunur...
Sədr qeyd edib ki, daşınmaz əmlak bazarında qiymətlərin bahalaşması tendensiyasının zərurət olması göz öndündədir: "Çünki cari ilin ilk 4 ayında daşınmaz əmlak bazarında qiymətlərdə 6-7% artımın baş verdiyini nəzərə alsaq, bu tendensiyanın yay dövründə və tədris müddətinin başlanacağı dövrədək davam edəcəyi gözləniləndir. İl ərzində proqnozlaşdırılan 15-20%-lik əmlak bahalaşmasının məhz təqribən 10%-i qarşıdakı aylara təsadüf edəcək. Hətta hesab edirəm ki, əsas bahalaşma dövrü sentyabra qədər olan hissəni əhatə edəcək.
Hazırda daşınmaz əmlak bazarında aylıq təbii olaraq təqribən 1-1,5% civarında qiymət artımı baş verir. Bunun da ən böyük payı məhz bünövrəsi qoyulmuş yeni tikililərlə bağlıdır. Həmin tikililər üzrə fantastik dərəcədə qiymətlər təklif olunur. Eyni ərazidə yerləşən köhnə tikililərlə müqayisədə yeni tikililərdə mənzillərin qiyməti 25-30% yüksəkdir. Çünki podratçılar və tikinti sahibkarları düşünürlər ki, daşınmaz əmlak artıq investisiya obyekti mənbəyi kimi çıxış etdiyindən və ən az riskli, eləcə də stabil gəlir gətirmə imkanı olduğundan yeni təklif olunan qiymətlər daha yüksək olmalıdır".
V. Orucun sözlərinə görə, təklif olunan qiymətlərin yüksək olmasına təsir edən amillərdən biri də yeni tikililərin inşaasında müvafiq icra qurumları tərəfindən normativlərə əməl olunmasının ciddi şəkildə tələb edilməsidir: "Bu da sahibkara əvvəllər olduğu kimi, eskiz layihəsindən kənar sahələrin əlavə olunmasına, daha çox tikinti sahəsi inşa etməsinə imkan yaratmır. Yeni normativ qaydalara ciddi şəkildə tələb olduğuna görə sahibkar daha az kvadratmetr həcmində tikililər inşa edir və bu da qiymətlərə artırıcı təsir göstərir. Nəticədə bazara təklif olunana katlavanların satış qiyməti daha yüksək olur.
Həmçinin maliyyə hesabatlılığı və şəffaflığın müvafiq dövlət qurumları tərəfindən qorunması baş verdiyindən bütün tikinti şirkətləri əlavə dəyər vergisi ödəməyə məcbur olurlar və bu da rəsmi hesablaşma zərurətini meydana gətirir. Nəticədə xərclər daha da artır".
Ötən il sahibkar bir kvadratmetr tikilidən təqribən 300 manat gəlir əldə etmək fikrində idisə, bu il artıq 400-450 manat qazanc götürməyi planlaşdırır...
"Digər tərəfdən, sahibkarlar dünyada baş verən qlobal inflyasiyanı nəzərə alaraq və manatın alıcılıq qabiliyyətindəki dəyişikliklərə müvafiq olaraq öz qarşılarına daha böyük mənfəət əldə etmək hədəfi qoyurlar. Məsələn, ötən il sahibkar bir kvadratmetr tikilidən təqribən 300 manat gəlir əldə etmək fikrində idisə, bu il artıq 400-450 manat qazanc götürməyi planlaşdırır. Bu da bir kvadratmetrin bazara təklif qiymətlərində artıma səbəb olur.
Bundan başqa, təbii artım da əmlak qiymətlərinə təsir edir. Yəni vətəndaşlarımızın sayı artdıqca torpağa tələbat artır və torpaq bahalaşır. Eyni zamanda təbii artım yeni yaşayış sahələri əldə etmək meyllərinə təsir göstərir ki, bu da tələbin və qiymətin artmasına gətirib çıxarır", - deyə o fikirlərini yekunlaşdırıb.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Azərbaycanda 2025-ci ilin I rübündə tikinti-quraşdırma işlərində, o cümlədən yerüstü tikililər və yol və körpü tikintisi üzrə istehsalçı qiymət indeksləri 2024-cü ilin IV rübü ilə müqayisədə 100,6 faiz təşkil edib.
Ümumilikdə, ötən ilin IV rübü ilə müqayisədə 2025-ci ilin I rübündə yaşayış evləri üzrə qiymət indeksi 100,5 faizə bərabər olub. 2025-ci ilin I rübü üzrə bu göstərici isə 2024-cü ilin I rübünə nisbətən 101,3 faiz təşkil edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре