Geosiyasi start nöqtəsi: Laçından qlobal mesaj

Müəllif: Rəşid Qarayev
Mənbə: Trend
Laçın Qafqazın təbii gözəllikləri və tarixi irsi ilə seçilən şəhərlərindən biridir. İşğaldan azad edildikdən sonra Azərbaycan hökuməti şəhəri müasir bir yaşayış məkanına çevirmək üçün genişmiqyaslı yenidənqurma proqramına start verib. Hava limanının açılışı bu proqramın ən önəmli addımlarından biri kimi Laçını təkcə Azərbaycanın deyil, bütün Qafqazın parlayan ulduzuna çevirməyi hədəfləyir. Açılışda hava limanının simvolik açarlarının İlham Əliyev və Rəcəb Tayyib Ərdoğana təqdim olunması bu uğurun Azərbaycan-Türkiyə qardaşlığının təzahürü olduğunu göstərdi.
Prezident Rəcəb Tayyib Ərdoğan öz çıxışında İnkişaf Yolu, Orta Dəhliz və Şimal-Cənub Nəqliyyat Dəhlizi kimi meqalayihələrə üç ölkənin birgə töhfə verəcəyini vurğuladı. Bu layihələr, Asiyanı Avropa ilə birləşdirən strateji ticarət yollarının inkişafını hədəfləyir. Xüsusilə Orta Dəhliz, Çindən Avropaya qədər uzanan tarixi İpək Yolunun müasir versiyası olaraq Azərbaycan, Türkiyə və Orta Asiya ölkələrinin geostrateji əhəmiyyətini artırır. Bu dəhliz, Rusiyadan asılı olan şimal marşrutlarına və dəniz yollarına alternativ təklif edərək qlobal ticarətdə diversifikasiyanı təmin edir.
Bu layihələrdə üç ölkənin əməkdaşlığı təkcə iqtisadi deyil, siyasi və təhlükəsizlik baxımından da sinerji yaradır. Ərdoğan çıxışında "Bölgəmizdə yaşanan proseslər ölkələrimiz arasındakı həmrəyliyin nə qədər vacib olduğunu bir daha sübut edir" deyərək, regional sabitliyin yalnız ortaq fəaliyyətlə təmin edilə biləcəyini vurğuladı.
Politoloq Tural İsmayılov Trend-ə açıqlamasında bildirib ki, Laçın Hava Limanının açılışı təkcə bir infrastruktur layihəsi deyil, geosiyasi iddianın açıq manifestidir:
"Azərbaycan bununla bölgədəki nəqliyyat suverenliyini praktik müstəvidə bərpa etdiyini nümayiş etdirir. Burada Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın birlikdə çıxış etməsi Qafqazda yeni güc balansının konturlarını göstərir. Bu görüntü təkcə qardaşlıq jesti deyil, həm də güc sinxronizasiyasıdır. Zirvədə Pakistanın iştirakı isə bu əməkdaşlığın regionaldan qlobal müstəviyə daşındığını göstərir. Azərbaycanın diplomatiyası bu dəfə təkbaşına deyil, kollektiv müdafiə formatına yaxın bir arxitekturaya işarə edir. Qərbin və Rusiyanın bölgəyə dair müxtəlif hesabatlar yazdığı bir dönəmdə, Bakı konkret infrastrukturla cavab verir. Hava limanı təkcə təyyarə qəbul etmir - siyasi mesaj da qəbul və ötürür. Laçın üzərində bu formada suverenlik göstərmək, 2020-ci il sonrası reallığın daimi olduğunu isbatlamanın yoludur".
Politoloqun sözlərinə görə, Ərdoğanın çıxışında Azərbaycanla qardaşlığın gələcəyə yönəlik vəd kimi təqdim olunması, təkcə emosional deyil, strateji xarakter daşıyır.
"Burada mesaj həm də Ermənistana yönəlib - sülh istəyirsənsə, bu yeni düzəni qəbul et. Hava limanı eyni zamanda, gələcək turizm və iqtisadi layihələr üçün logistika bazası rolunu oynayacaq. Yəni mesaj sadəcə güc nümayişi deyil, gələcək inkişaf planının infrastruktur təminatıdır. Bu hadisə bir daha göstərdi ki, Azərbaycan tək deyil, həm də öz gücünü bölgəyə proyeksiya edə biləcək müttəfiqlərlə hərəkət edir. Laçın Hava Limanı bu mənzərədə təkcə bir bina deyil - geosiyasi start nöqtəsidir".
Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq Hasan Oktay isə Trend-ə açıqlamasında qeyd edib ki, 1993-cü ildə Pakistan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında Azərbaycanın Dağlıq Qarabağ daxil olmaqla, yeddi rayonunu əhatə edən ərazi bütövlüyünü BMT-yə qəbul etdirdi:
"Bu, əslində Azərbaycan üçün son dərəcə mühüm bir qazanc idi. Azərbaycan 44 günlük müharibədə torpaqlarını işğaldan azad etməklə bağlı addım atdıqda, heç bir qurum və təşkilat buna etiraz edə bilmədi. Bu, Pakistana 1993-cü ildə qəbul etdirdiyi qərara əsasən yaranmış bir vəziyyət idi".
H.Oktay qeyd edib ki, mayın 28-də üç dövlətin, Türkiyə, Azərbaycan və Pakistanın başçıları Laçında bir araya gələrək gələcəklə bağlı dostlara etimad baxımından son dərəcə əhəmiyyətli olan görüş keçirdilər.
"Üç liderin hava limanının açılışı üçün bir araya gəldiyi Azərbaycanda görüş bu kontekstdə son dərəcə əhəmiyyətlidir və qarşıdakı günlərdə bu görüşlərin daha tez-tez keçirilməsi zəruridir".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре