Diplomatik korpusun nümayəndələri Laçında “Yurd” qalereyasını ziyarət ediblər

Azərbaycanda akkreditə olunan diplomatik korpus nümayəndələri Laçına səfərləri çərçivəsində "Hoçazfilm" yaradıcılıq studiyası və "Yurd" qalereyasına baş çəkiblər.

Day.Az bildirir ki, Trend-in yerli müxbiri xəbər verir ki, səfər zamanı nümayəndələr film studiyasında filmlərdə istifadə edilən müxtəlif maketlərlə tanış olublar.

"Yurd"qalereyasında qonaqlara Qarabağ xalçaları təqdim olunub. Laçında toxunulan xalçalar xüsusi maraq doğurub. Qonaqlara xalçaçılıq prosesi, o cümlədən ilmələrin necə atıldığı əyani şəkildə nümayiş etdirilib.

Qeyd edək ki, səfərdə səfirlər, beynəlxalq təşkilatların nümayəndələri, hərbi attaşelər, ümumilikdə 100 yaxın diplomat iştirak edir.

Nümayəndə heyətini Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.

Diplomatik korpusun nümayəndələri iyunun 21-i isə Şuşa və Ağdama gedəcəklər.