İşğaldan azad olmuş 8 şəhərin baş planı hazırlanıb

Azərbaycan hökuməti işğaldan azad olmuş 8 şəhərin baş planını hazırlayıb.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbərinin müavini Gülşən Rzayeva Laçında ECO Qadınlar Forumu çərçivəsində keçirilən "Şəhərsalmanın İnkişafında Qadınların rolu" adlı panel sessiyada deyib.

Onun sözlərinə görə, 2040-ci ilə qədər dünya əhalisinin 70 faizi şəhərlərdə yaşayacaq. Buna görə də yeni çağırışlara cavab verilməlidir:

"Qadınların inkişafı sözügedən sahədə yüksəkdir. Həmçinin qeyd etmək lazımdır ki, şəhərdə xidmətlərə çıxış baxımından kişilər və qadınlar arasında fərq olur. Qadınların xidmətlərə çıxışı bizim və beynəlxalq təşkilatların diqqətindədir".

G.Rzayeva bildirib ki, işğaldan azad olunmuş ərazilər də daxil olmaqla şəhərlərin inklüzivliyinin yüksək olmasına səy göstərilir:

"İctimai yerlərdə yaşıl mühitin yaradılması da vacibdir. Azərbaycan hökuməti işğaldan azad olmuş 8 şəhərin baş planını hazırlayıb. İnklüzivlik vacib meyar kimi götürülüb".

O həmçinin qeyd edib ki, şəhərsalmada qadınların rolunda Azərbaycan milli səviyyədə işlər görür:

"Biz beynəlxalq ekspertlər təcrübəsini ölkə səviyyəsinə gətiririk. 2022-ci ildən etibarən Milli Şəhərsalma Forumu keçiririk. Okytabrda Milli Şəhərsalma Forumunu keçirəcəyik. Çalışacağıq ki, onların şəhərsalma prosesində rolunu artıraq. Qadağada yenidənqurma işləri gedir. İctimai dinləmə təşkil edirik. Həmçinin onu da əlavə edim ki, növbəti ilin 17-26 mayında Dünya Şəhərsalma Forumuna ölkəmizdə Bakıda keçiriləcək. Qadınlar nəinki güclü ailə və icmaları, onlar həmçinin şəhərlərimizi dayanıqlı və sağlam etməlidir".