Azərbaycanın xarici ticarətində dövlət, özəl sektor və fiziki şəxslərin pay bölgüsü açıqlandı

Bu ilin yanvar-avqust aylarında Azərbaycana məhsul idxalının həcmi 15,052 milyard ABŞ dolları təşkil edib.
Trend bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, idxalda dövlət sektoru 4,968 milyard dollar, özəl sektor 8,691 milyard dollar, fiziki şəxslər isə 1,394 milyard dollar paya malik olub. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə bu göstəricilər müvafiq olaraq 50,6%, 6,1% və 9,6% artıb.
Hesabat dövründə dövlət sektorunun idxalda xüsusi çəkisi 33%, özəl sektorun 57,74%, fiziki şəxslərin isə idxalda payı 9,26%-ə bərabər olub.
Eyni zamanda, 2025-ci ilin yanvar-avqust aylarında Azərbaycandan məhsul ixracının dəyəri 17,065 milyard ABŞ dolları olub.
Məlumata görə, ixracda dövlət sektoru 7,571 milyard dollar, özəl sektor 9,417 milyard dollar, fiziki şəxslər isə 76,706 milyon dollar paya malik olub. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə bu göstəricilər müvafiq olaraq 11,2%, 2% və 13,8% azalıb.
Hesabat dövründə dövlət sektorunun ixracda xüsusi çəkisi 44,37%, özəl sektorun 55,18%, fiziki şəxslərin isə idxalda payı 0,45%-ə bərabər olub.
Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrlə 32,118 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,123 milyard ABŞ dolları və ya 3,6% çoxdur.
Xarici ticarət dövriyyəsinin 17,065 milyard ABŞ dolları ixracın, 15,053 milyard ABŞ dolları isə idxalın payına düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 1,166 milyard ABŞ dolları və ya 6,4% azalıb, idxal isə 2,290 milyard ABŞ dolları və ya 17,9% artıb.
Son nəticədə xarici ticarətdə 2,013 milyard dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 3,455 milyard ABŞ dolları və ya 2,7 dəfə azdır.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре