İbtidai təhsildə yeni dövr - Yeni model effektiv olacaq? - Ekspert AÇIQLADI
Xəbər verdiyimiz kimi, Elm və təhsil naziri Emin Əmrullayev mediaya açıqlamasında gələn ildən bəzi kənd məktəblərində distant təhsilin tətbiq ediləcəyini deyib.
Nazir deyib ki, bölgələrimiz var ki, orada adambaşına 1 şagird üzrə düşən xərc Bakının mərkəzindəki özəl məktəblərin təhsil haqqından daha yuxarıdır.
"Belə kənd məktəblərinin sayı 10 deyil, yüzlərlədir. Ola bilər ki, cəmiyyət bunu görmür, hiss etmir. Amma bu, dövlətin vəsaitidir. İstəsək də, istəməsək də, bu vəsait önəmlidir. Kiçik məktəblərimiz heç də ən yaxşı məktəblərimiz deyil. Kiçik məktəblərimizdə çox ciddi keyfiyyət problemi var. Sinifdə 3 nəfər uşaq varsa, onlarla hansı formada pedaqoji prosesi qurmaq olar? Normal sayda şagirdi olan siniflər 3-4 nəfərlik siniflərdən daha səmərəlidir. Elə məktəblərimiz var ki, orada işləyən heyətin sayı şagirdlərin sayından 2 dəfə çoxdur.

Emin Əmrullayevun sözlərin görə, növbəti sentyabr ayından şagird sayı az olan məktəblərdə distant təhsilə keçilməsi planlaşdırılır.
"Biz buna uşaqların rahatlığı yönündən baxırıq. Düşünürük ki, bu model mümkündür və icra olunacaq. Bu model gündəmdədir və növbəti tədris ilindən belə bir pilot layihə olacaq".
Bu açıqlama mediada və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olur.
Əsas suallardan biri budur ki, aşağı siniflərdə distant təhsil effektiv olacaq? Müsbət və mənfi tərəfləri nələrdir?
Təhsil üzrə ekspert Rizvan Fikrətoğlu mövzu ilə bağlı Day.Az-a açıqlamasında bildirib ki, distant təhsilə yanaşma birmənalı olmamalıdır və onun effektivliyi tətbiq ediləcəyi mühitdən asılıdır:
"Distant təhsil özü-özlüyündə nə müsbət, nə də mənfi modeldir. Əsas məsələ onun hansı kateqoriya üçün və hansı şəraitdə tətbiq olunmasıdır. Şagird sayı çox az olan məktəblər baxımından bu modelin müəyyən iqtisadi üstünlükləri var. Çünki azsaylı şagird üçün ayrıca bina, istilik sistemi, texniki işçi və müəllim heyəti saxlamaq dövlət üçün ciddi maliyyə yükü yaradır. Bir çox kənd məktəbində müəllimlər eyni vaxtda bir neçə fənni formal şəkildə tədris edir və bu da təhsilin keyfiyyətinə mənfi təsir göstərir".
Ekspert distant təhsilin yaratdığı risklərdən də danışıb:
"Xüsusilə ibtidai və əsas pillə şagirdləri üçün bu format həm təlim, həm də tərbiyə baxımından yetərli olmaya bilər. Regionlarda internetə çıxış, kompüter təminatı və valideyn nəzarəti ilə bağlı problemlər mövcuddur. Məktəb yalnız bilik verilən yer deyil, eyni zamanda uşaqların ünsiyyət qurduğu və sosial bacarıqlar qazandığı məkandır. Distant formatda bu imkanlar xeyli məhdudlaşır.
Digər tərəfdən, bütün bölgələrdə internetin keyfiyyəti və əlçatanlığı eyni səviyyədə deyil. Bəzi ailələrin stabil internet və texniki avadanlıq almaq imkanı yoxdur. Belə bir şəraitdə distant təhsil tətbiq edilərsə, dövlət tərəfindən şagirdlərin kompüter və internetlə təmin olunması zərurəti yaranacaq. Əks halda model effektiv olmayacaq.
Hesab edirəm ki, distant təhsil daha çox yuxarı siniflər üçün uyğun ola bilər. Aşağı sinif şagirdlərinin bu formata hazır olduğunu demək çətindir. Əslində distant təhsilə keçid pilləli şəkildə, ilk növbədə yuxarı siniflər və ali təhsil səviyyəsindən başlamalıdır. İbtidai və 9-cu sinifdən aşağı şagirdlər üçün distant təhsilin geniş tətbiqi sosiallaşma və təlim-tərbiyə baxımından müəyyən boşluqlar yarada bilər".
Elvin Səxavətoğlu
Day.Az
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре