Azad edilmiş ərazilərdə Türkiyə şirkətləri 50-yə yaxın layihə həyata keçirir

Biz azad olunmuş ərazilərimizdə Böyük Qayıdışa dair I Dövlət Proqramından irəli gələn tədbirləri dəstəkləmək üçün özəl investisiyaların cəlb edilməsini fəal şəkildə təşviq edirik. Xüsusilə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının "yaşıl enerji" potensialının səmərəli istifadəsi məqsədilə mövcud infrastrukturun yenilənməsi və yenisinin tikilməsi üçün xarici kapitalın cəlb edilməsi davam edir.

Day.Az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Bakıda keçirilən II Azərbaycan-Türkiyə İnvestisiya Forumunda çıxışı zamanı deyib.

Baş nazir qeyd edib ki, Türkiyə şirkətləri azad olunmuş ərazilərdəki layihələrin icrasına fəal şəkildə cəlb ediliblər:

"Ümumilikdə 20-yə yaxın Türkiyə şirkəti azad olunmuş ərazilərdə 50-ə yaxın layihə icra edir və bu layihələrin dəyəri təqribən 5 milyard dollardır.

Eyni zamanda ölkəmizin xüsusi iqtisadi zonalarında biznesin həyata keçirilməsi üçün hər cür əlverişli şərait yaradılıb. İnvestorlar üçün cəlbedici şərtlər təklif edən Ələt Azad İqtisadi Zonasını xüsusi qeyd etmək istərdim.

Bir sıra Türkiyə şirkətləri artıq sözügedən xüsusi iqtisadi zonalarda fəaliyyət göstərir. Burada investisiya qoyuluşu üzrə əməkdaşlıq üçün yaxşı perspektivlər görürük. Odur ki, Türkiyə şirkətlərini daha fəal olmağa dəvət edirik".