Bahalı mənzillər ucuzlaşır

2025-ci ildə bina və həyət evlərinin qiymətlərində rekord artım müşahidə olunub. Əmlak bazarı üzrə mütəxəssislər bildirirlər ki, bu artım uzunmüddətli olmayacaq və 2026-cı ildə bazarda enmə mərhələsi başlayacaq. Xüsusilə bahalı mənzillərin qiymətlərində daha ciddi ucuzlaşmanın baş verəcəyi gözlənilir.

Maklerlərin sözlərinə görə, ötən il ərzində həm köhnə, həm də yeni tikililərdə qiymətlər yüksəlib. Lakin hazırda bazarda tələbatın azalması artıq hiss olunur. Məsələn, beşmərtəbəli binalarda 29 kvadratmetr sahəsi olan birotaqlı mənzillər 110-120 min manat aralığında təklif edilsə də, alıcılar bu qiymətlərlə razılaşmırlar.

Tələsik satış etmək istəyən satıcılar 110 min manatlıq mənzili 105 min manata, 115 min manatlıq evi isə 110 min manata satmağa üstünlük verirlər. Bu isə bazarda qiymətlərin tədricən geri çəkildiyini göstərir.

Mütəxəssislər qeyd edirlər ki, alıcıların əksəriyyəti aşağı və orta qiymətli mənzillərə üstünlük verir. Bu səbəbdən 2026-cı ildə həmin kateqoriyaya aid evlərin qiymətlərində də 2-5 min manat civarında azalma mümkündür.

Tələbatın zəifləməsi bahalı mənzillərin satışında durğunluq yaradıb. Əmlakçılar bildirirlər ki, 2026-cı ildə bu seqmentdə qiymətlərin daha kəskin enməsi ehtimalı yüksəkdir.

Bəs bu durğunluğun səbəbi nədir?

Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev Day.Az-a açıqlamasında bazarda yaranan durğunluğun və qiymət dəyişikliklərinin əsas səbəblərindən danışıb. Onun sözlərinə görə, paytaxt ərazisində aparılan söküntülər nəticəsində kompensasiya alan vətəndaşların böyük bir hissəsi Bakıətrafı ərazilərdə ev almağa üstünlük verib.

"Bu səbəbdən şəhərin mərkəzində yerləşən mövcud daşınmaz əmlaklara tələbat azalıb və qiymətlər stabilləşib. Rusiyada yaşayan həmyerlilərimizin əvvəlki illərlə müqayisədə Azərbaycanın əmlak bazarına investisiya marağı da zəifləyib. Bu amil qiymətlərin enməsinə təsir göstərə bilər."

Elnur Fərzəliyev əlavə edib ki, əgər növbəti ildə əmlak bazarında ciddi dəyişikliklər baş verməzsə və xüsusilə yeni ipoteka kreditlərinin ayrılması yaxın aylarda həyata keçirilməzsə, bu, bazarda durğunluğun dərinləşməsinə və qiymətlərin aşağı düşməsinə səbəb olacaq.

Elvin Səxatəvoğlu
Day.Az