Şagirdin müəllimini güllələməsi ilə bağlı bir sıra detallar məlum oldu

"İdrak" liseyində şagirdin müəllimini güllələməsi ilə bağlı bir sıra detallar məlum olub.

Day.Az  Trend-ə istinadən xəbər verir ki, insident təhsil müəssisənin ikinci mərtəbəsində qeydə alınıb.

Güllələnən şəxs lideyin riyaziyyat müəllimi Şəhla Kamilovadır

xxx

Müəllimin xəsarət alması faktı ilə bağlı araşdırma aparılır.

Baş Prokurorluğun Mətbuat xidmətindən Day.Az-a verilən məlumata görə,fevralın 6-da paytaxtın Binəqədi rayonu ərazisində yerləşən məktəblərdən birində şagird tərəfindən odlu silahdan atəş açılmaqla müəllimə xəsarət yetirilməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Hadisəni törətməkdə şübhəli bilinən şagird prokurorluq tərəfindən tutulub.

Hazırda prokurorluq əməkdaşları hadisə yerinə baxış keçirir, eləcə də hadisənin başvermə şəraiti və səbəblərinin dəqiqləşdirilməsi istiqamətində zəruri prosessual hərəkətləri icra edir.

 

Xəsarət alan şəxsə vaxtında ilkin tibbi yardım göstərilməsi təmin edilib və xəstəxanaya yerləşdirilib.

xxx

Xəbər verdiyimiz kimi, bu gün paytaxtın Binəqədi rayonunda yerləşən "İdrak" liseyində 10-cu sinif şagirdi müəllimini güllələyib.

DİN-in Mətbuat xidmətindən Day.Az-a bildirilib ki, hadisə bu gün saat 09 radələrində baş verib.

"Binəqədi rayonunda yerləşən özəl "İdrak" liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş insident törədib.

O, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada müəllimə işləyən Ş.K-ya xəsarət yetirib.

Polis əməkdaşları tərəfindən Ə.Ş saxlanılıb. Ondan ov silahı götürülüb.

Faktla bağlı araşdırma aparılır".