Regiondakı gərginlik azərbaycanlıların Həcc ziyarətinə mane ola bilmədi

Həcc ziyarəti üçün sənəd qəbulu Ramazan bayramından sonra da davam edəcək.

Day.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

Onun sözlərinə görə, Həcc ziyarəti üzrə kvotanın 90 faizi tamamlanıb:

"İlk uçuş mayın 17-də olacaq. Həmin zəvvar qrupunda 180 nəfər olacaq. Son günlər regionda baş verən gərginliklərlə bağlı heç bir dəyişiklik yoxdur, proses normal şəkildə davam edir. Ziyarətdən imtina edənlər yoxdur, gündəlik müraciətlər qeydə alınır".

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə Nazirliyindən gələn təlimatlara əsasən, habelə, xaricdə və bölgələrdə yaşayan vətəndaşların çoxsaylı müraciətlərini nəzərə alaraq builki Həcc mövsümü üçün sənəd qəbulunun müddəti mart ayının 7-dək uzadılmışdı.

Xatırladaq ki, Həcc ziyarətinin qiyməti bu il üçün 6 100 ABŞ dolları, yəni 10 388 AZN təşkil edir.