Allergiyası olan insanlar necə ətir SEÇMƏLİDİR?

Allergiyası olan insanlar üçün ətir seçimi vacib məsələdir, çünki bəzi qoxular asqırma, burun tutulması, qaşınma və hətta baş ağrısı yarada bilər.

Day.Az xəbər verir ki, mütəxəssislər məsələ ilə bağlı araşdırma edib.

Araşdırmaların nəticəsindən məlum olub ki, allergiya riski olanlar üçün ən uyğun seçimlər minimalist tərkibli, 2-3 komponentdən ibarət ətirlərdir.

Ağ müşk, vanil, səndəl ağacı və sidr kimi yumşaq notlar, eləcə də "təmiz", yüngül və dərini xatırladan qoxular daha təhlükəsiz hesab olunur. Spirtsiz, yağ əsaslı və ya bərk ətirlər də qıcıqlanma riskini azaldır.

Mütəxəssislər həmçinin vurğulayırlar ki, güclü sitrus, darçın, mixək, jasmin və bəzi efir yağları həssas insanlarda daha çox reaksiya yarada bilər. Buna görə ətir seçərkən tərkib diqqətlə oxunmalı və əvvəlcə kiçik sahədə test edilməlidir.

Ətirin birbaşa üzə deyil, geyimə və ya saç uclarına vurulması da allergik reaksiyanın qarşısını almağa kömək edir.

Həssas insanlar üçün ən təhlükəsiz yanaşma isə az tərkibli, yüngül konsentrasiyalı və dərini qıcıqlandırmayan ətirlərə üstünlük verməkdir.