Avropa tarixin ən böyük enerji böhranı ilə üzləşəcək

Avropa İttifaqı ölkələrinin tarixində ən böyük enerji böhranı ilə üzləşə biləcəyi bildirilir.

Day.Az xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssislər Aİ-nin aviasiya yanacağı ehtiyatlarının cəmi altı həftə ərzində tükənə biləcəyini qeyd edir.

Bu vəziyyət Avropanın əsas hava limanlarında ciddi böhran yarada, yüzlərlə reysin ləğvinə, sərnişin daşımalarında fasilələrə və logistika sistemində problemlərə səbəb ola bilər. Belə ssenari region üçün indiyədək ən ciddi enerji sınaqlarından biri kimi qiymətləndirilir.

Mütəxəssislər böhranın əsas səbəbi kimi Yaxın Şərqdəki geosiyasi gərginliyi və strateji dəniz marşrutlarında yaranan məhdudiyyətləri göstərirlər. Xüsusilə Hörmüz boğazında yaranan problemlərin neft və yanacaq tədarük zəncirini pozduğu bildirilir.

Onlar Avropa ölkələrini təcili tədbirlər görməyə, strateji ehtiyatlardan istifadəyə və alternativ tədarük marşrutlarının tapılmasına çağırırlar. Əks halda, hava nəqliyyatında ciddi iflic və iqtisadi itkilərin qaçılmaz olacağı vurğulanır.