Alimlər qan şəkərini 10 dəqiqəyə azaltmağın yolunu açıqladı

Bir çox insan sağlamlıq üçün gündə 8-10 min addım atmağın vacib olduğunu düşünür. Lakin yeni araşdırmalar göstərir ki, əsas məsələ atılan addımların sayı deyil, onların nə vaxt atılmasıdır. Alimlərin fikrincə, yeməkdən sonra edilən qısa gəzinti qan şəkərinin tənzimlənməsində daha effektiv ola bilər.

Day.Az xəbər verir ki, "Scientific Reports" jurnalında dərc olunan tədqiqatda iştirakçılar üç qrupa bölünüb.

Oturaq həyat tərzi sürənlər, 30 dəqiqə gəzənlər və yeməkdən dərhal sonra 10 dəqiqəlik qısa gəzinti edənlər. Nəticələr göstərib ki, yeməkdən sonra 10 dəqiqəlik gəzinti qan şəkərinin pik səviyyəsini ən çox azaldan üsul olub. Bu qrupda qlükoza səviyyəsi orta hesabla 164 mq/dL olduğu halda, oturaq qrupda bu göstərici 182 mq/dL təşkil edib.

Mütəxəssislər bildirirlər ki, yeməkdən sonra qanda şəkər təbii olaraq 30-60 dəqiqə ərzində yüksəlir və məhz bu vaxt hərəkətə başlamaq əzələlərin qlükozadan enerji kimi istifadə etməsini artırır. Bu da qan şəkərinin kəskin yüksəlməsinin qarşısını alır və orqanizmin insulinə olan ehtiyacını azaldır.

Alimlərin qənaətinə görə, qısa, lakin vaxtında edilən hərəkət - hətta 10 dəqiqəlik gəzinti - uzun və gecikmiş fiziki aktivlikdən daha faydalı ola bilər. Bu sadə vərdiş həm sağlam insanlarda, həm də diabet riski olanlarda metabolizmin stabilləşməsinə və ümumi sağlamlığın yaxşılaşmasına kömək edir.