İnnovasiya, ixrac və yaşıl artım: Azərbaycanın aqrar gələcək PLANI
Prezident İlham Əliyevin 25 may 2026-cı il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün "Dövlət Proqramı" təsdiq edildi.
Day.Az-a açıqlamasında iqtisadçı Zaur Qardaşov deyib ki, bu proqram ölkənin qeyri-neft sektorunun inkişafı, regional iqtisadiyyatın şaxələndirilməsi və ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi baxımından mühüm strateji sənəd hesab olunur.
O, qeyd edib ki, "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın məntiqi davamı kimi hazırlanan proqram aqrar sektorda ənənəvi ekstensiv inkişaf modelindən innovativ, rəqəmsal və yüksək məhsuldarlığa əsaslanan intensiv istehsal modelinə keçidi sürətləndirməyi hədəfləyir.
"Dövlət Proqramının icrası Azərbaycanın iqtisadi inkişaf göstəricilərinə və struktur transformasiyasına əhəmiyyətli müsbət təsir göstərəcəkdir. Sənəddə aqrar sektorun ÜDM-də payının və iqtisadi səmərəliliyinin artırılması əsas prioritetlərdən biri kimi müəyyən edilib. Belə ki, 2025-ci ildə kənd, meşə və balıqçılıq təsərrüfatı üzrə ÜDM artımının 0,9 faiz səviyyəsində proqnozlaşdırıldığı halda, proqram çərçivəsində 2026-2030-cu illərdə bu göstəricinin orta illik ən azı 2 faiz olması hədəflənir.
Proqramın əsas strateji məqsədlərindən biri kənd təsərrüfatı, balıqçılıq və emal məhsullarının ixrac həcmini hazırkı 1,5 milyard ABŞ dollarından 6 milyard ABŞ dollarına çatdırmaqdır. Bu isə ölkəyə xarici valyuta daxilolmalarını artırmaqla yanaşı, tədiyyə balansının möhkəmlənməsinə və qeyri-neft ixracının genişlənməsinə ciddi töhfə verəcəkdir.
Niderland, Danimarka və Almaniya kimi qabaqcıl aqrar ölkələrin təcrübəsinə əsaslanan proqram istehsal, emal, logistika və satış zəncirinin vahid inteqrasiya olunmuş model üzrə formalaşdırılmasını nəzərdə tutur. Hazırda aqrar-emal sektorunda əlavə dəyərin ilkin istehsala nisbəti aşağı səviyyədə qalır. Yeni proqram çərçivəsində pambıq mahlıcının iplik və parça istehsalına yönəldilməsi, ən azı iki yeni bitki yağı zavodunun yaradılması, həmçinin süd, ət və meyvə-tərəvəz emalının genişləndirilməsi planlaşdırılır", - o bildirib.
Z.Qardaşov vurğulayıb ki, bu yanaşma Azərbaycanın xammal ixrac edən ölkədən yüksək əlavə dəyərli hazır məhsullar ixrac edən ölkəyə çevrilməsi üçün mühüm iqtisadi baza formalaşdırır:
"Sənəddə logistika və saxlanma infrastrukturunun gücləndirilməsi də xüsusi yer tutur. Regionlarda kənd təsərrüfatı təyinatlı soyuducu anbarların tutumunun 500 min tona, taxıl silolarının (elevatorlarının) tutumunun isə 2 milyon 50 min tona çatdırılması məhsul itkilərinin azaldılmasına və mövsümi qiymət dəyişkənliyinin minimuma endirilməsinə xidmət edəcəkdir.
Azərbaycanın məhdud torpaq və su ehtiyatları resursqoruyucu texnologiyaların tətbiqini strateji zərurətə çevirir. Müasir suvarma sistemlərinin tətbiq olunduğu ərazilərin 130 min hektardan təxminən 300 min hektara çatdırılması su itkilərinin əhəmiyyətli dərəcədə azalmasına və quraqlıq risklərinə qarşı dayanıqlılığın artmasına imkan yaradacaqdır.
Kiçik və parçalanmış torpaq strukturu isə aqrar sahədə müasir texnologiyaların tətbiqini məhdudlaşdıran əsas problemlərdən biridir. Pilot layihə kimi Salyan və Qəbələ rayonlarında 20 min hektar ərazidə həyata keçiriləcək torpaq konsolidasiyası daha iri və səmərəli təsərrüfatçılıq modellərinin formalaşmasına zəmin yaradacaqdır",- o deyib.
İqtisadçı həmçinin qeyd edib ki, Dövlət Proqramında "yaşıl artım" prinsipləri də xüsusi vurğulanır.
"Bərpa olunan enerji mənbələrindən istifadə edən təsərrüfatların sayının 15-ə çatdırılması və karbon emissiyalarının monitorinq sisteminin tətbiqi Azərbaycanın ekoloji dayanıqlılıq siyasətinə sadiqliyini nümayiş etdirir.
"Müasir iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsi innovasiya və rəqəmsal transformasiyadır. Bu baxımdan proqram "Elektron kənd təsərrüfatı" informasiya sisteminin digər dövlət platformaları ilə tam inteqrasiyasını, süni intellekt əsaslı analitik modulların sayının 30-a çatdırılmasını və rəqəmsal dövlət dəstəyi xidmətlərinin iki dəfə artırılmasını nəzərdə tutur. Bu addımlar data əsaslı idarəetmə və qərarvermə mexanizmlərinin formalaşdırılmasına şərait yaradacaqdır.
İnsan kapitalının inkişafı da proqramın prioritet istiqamətlərindən biridir. Aqrar sahədə xarici tərəfdaşlarla birgə universitetin yaradılması, ikili diplom proqramı məzunlarının sayının 500 nəfərə çatdırılması və yeni peşə standartlarının tətbiqi əmək bazarının müasir texnoloji tələblərinə cavab verən ixtisaslı kadr bazasının formalaşdırılmasına xidmət edəcəkdir", - o vurğulayıb.
Z.Qardaşov əlavə edib ki, fermerlərin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və aqrar risklərin sığortalanması proqramın mühüm istiqamətlərindəndir.
"Belə ki, aqrar sığorta xidmətləri ilə əhatə olunan ərazilərin 386 min hektardan ən azı 1 milyon hektara, sığortalanan heyvanların sayının isə 6,9 min başdan 100 min başa çatdırılması nəzərdə tutulur. Bu mexanizm iqlim dəyişiklikləri və bazar riskləri fonunda fermerlərin və investorların maliyyə təhlükəsizliyini gücləndirəcəkdir.
Ümumilikdə, 2026-2030-cu illəri əhatə edən Dövlət Proqramı yalnız kənd təsərrüfatında məhsuldarlığın artırılmasına deyil, həm də sənaye klasterlərinin formalaşdırılmasına, rəqəmsal texnologiyaların iqtisadiyyata inteqrasiyasına və regionlarda keyfiyyətli məşğulluğun genişlənməsinə xidmət edir. Kompleks və sistemli yanaşmaya əsaslanan bu proqram qlobal ərzaq bazarlarındakı qeyri-sabitlik şəraitində Azərbaycanın daxili ərzaq təhlükəsizliyinin daha etibarlı təmin olunmasına, eyni zamanda ölkənin qeyri-neft ixracatçısı kimi beynəlxalq mövqeyinin əhəmiyyətli dərəcədə güclənməsinə imkan yaradacaqdır. Bununla yanaşı, qeyd edilməlidir ki, Dövlət Proqramının uğurlu icrası yalnız bir neçə əsas icraçı qurumun fəaliyyəti ilə məhdudlaşmır. Sənəddə əsasən Kənd Təsərrüfatı Nazirliyi ilə yanaşı bir neçə dövlət qurumu ön planda göstərilsə də aqrar sektorun bu miqyasda transformasiyası çoxşaxəli institusional islahatları zəruri edir.
Əslində, proqramın effektiv nəticə verməsi üçün bilavasitə və dolayı şəkildə prosesə təsir edən digər qurumlarda da paralel islahatlar həyata keçirilməlidir. Xüsusilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Gömrük Xidməti, eləcə də tikinti və torpaq münasibətlərini tənzimləyən aidiyyəti qurumların fəaliyyətində çevik və müasir idarəetmə mexanizmlərinin tətbiqi vacibdir.
Nəzərə almaq lazımdır ki, proqram çərçivəsində iri aqroparkların, emal müəssisələrinin, soyuducu anbarların, logistika mərkəzlərinin və digər sənaye-kommersiya təyinatlı obyektlərin yaradılması nəzərdə tutulur. Hazırda isə Azərbaycanda sənaye və kənd təsərrüfatı təyinatlı tikinti layihələri üçün icazələrin alınması, torpaq ayrılması, texniki şərtlərin əldə olunması və müxtəlif dövlət qurumları ilə razılaşdırma prosedurları hələ də kifayət qədər mürəkkəb və zaman aparan proses olaraq qalır. Bu isə iri investisiya layihələrinin reallaşma tempinə birbaşa təsir göstərən amillərdəndir.
Bu baxımdan məqsədəuyğun olardı ki, Dövlət Proqramının icrası paralel şəkildə bir sıra qanunvericilik təşəbbüsləri və institusional islahat paketləri ilə müşayiət olunsun. Xüsusilə gömrük və vergi inzibatçılığı sahəsində prosedurların sadələşdirilməsi, kənd təsərrüfatı və sənaye təyinatlı tikinti icazələrinin verilməsi mexanizmlərinin optimallaşdırılması, bu proseslərdə iştirak edən qurumlarda rəqəmsallaşmanın genişləndirilməsi və "vahid pəncərə" yanaşmasının tətbiqi vacib istiqamətlərdən biri olmalıdır.
Eyni zamanda aqrar layihələrin maliyyələşdirilməsi, investisiya təşviqi, lizinq, aqrar kreditləşmə və sığorta mexanizmləri üzrə mövcud qanunvericilik bazasının da təkmilləşdirilməsinə ehtiyac yaranacaqdır. Əgər proqramın nəzərdə tutduğu strateji hədəflərə real və davamlı şəkildə nail olmaq məqsədi güdülürsə, bu proses yalnız aqrar sektorun deyil, bütövlükdə dövlət idarəçiliyi sisteminin koordinasiyalı və kompleks islahatlarla müşayiət olunmasını tələb edir", - deyə o sonlandırıb.
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре