ADY Bakı-Astara dəmir yolu xətti ilə bağlı son vəziyyəti AÇIQLADI
Azərbaycan Dəmir Yolları Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin mühüm seqmentlərindən biri olan Ələt-Osmanlı-Astara dəmir yolu xəttinin yenidən qurulması layihəsi üzrə işləri davam etdirir.
Day.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.
Bildirilib ki, dəmir yolu xəttinin ox üzrə ümumi uzunluğu 245 kilometr təşkil edir və tikinti işlərinin 2027-ci ildə başa çatdırılması planlaşdırılır.
"Layihələndirmə işlərinin 55 faizi yerinə yetirilib. Xəttin tikinti-quraşdırma işlərinin isə Ələt-Osmanlı hissəsi üzrə 56 faizi tamamlanıb.
Layihə ümumilikdə dörd mərhələdə həyata keçirilir. Birinci mərhələ 60 kilometr uzunluğunda Ələt-Osmanlı hissəsini əhatə edir. İkinci mərhələ çərçivəsində Kür çayı üzərində yeni dəmir yolu körpüsünün tikintisi başa çatdırılıb.
"Hazırda digər mərhələlər üzrə layihələndirmə işləri davam etdirilir".
Xatırladaq ki, Ələt-Osmanlı-Astara dəmir yolu xəttinin yenidən qurulması Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi boyunca yükdaşımaların həcminin artırılmasına, tranzit imkanlarının genişləndirilməsinə və regionun nəqliyyat-logistika potensialının gücləndirilməsinə xidmət edir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре