Yay aylarında qida zəhərlənməsindən necə QORUNMAQ OLAR? - Bunlara mütləq ƏMƏL ETMƏLİSİNİZ
Yay mövsümünün yaxınlaşması ilə qida zəhərlənmələrinin sayı da artır. Təəssüf ki, bir çox hallarda zəhərlənməyə səbəb olan qida məhsulunu dəqiq müəyyənləşdirmək mümkün olmur. Buna görə də qida təhlükəsizliyi qaydalarına əməl etmək, həm sağlamlığın qorunması, həm də ciddi fəsadların qarşısının alınması baxımından böyük əhəmiyyət daşıyır.
Mövzu ilə bağlı Day.Az-a açıqlamasında sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, qida zəhərlənmələrindən qorunmaq üçün ilk növbədə mənşəyi məlum olan, düzgün saxlanılan və keyfiyyətinə əmin olunan məhsullardan istifadə edilməlidir.
O, qeyd edib ki, məhsulların saxlanma temperaturuna, son istifadə tarixinə və "mal qonşuluğu" prinsipinə riayət olunması vacibdir.
"Bu qaydalar yalnız market və ictimai iaşə obyektlərinə deyil, ev şəraitində qidaların saxlanılmasına və hazırlanmasına da aiddir. Qidanın düzgün bişirilməsi, bişirildikdən sonra uyğun şəraitdə saxlanılması və vaxtında istehlak olunması zəhərlənmə riskini əhəmiyyətli dərəcədə azaldır.
Son illərdə qida zəhərlənmələrinin böyük hissəsi ət və ət məhsulları, xüsusilə də toyuq, hinduşka və balıqdan hazırlanan yeməklərlə əlaqələndirilir. Restoranlarda, küçə yeməklərində və xüsusilə dönər kimi tez hazırlanan qidalarda risk daha yüksəkdir. Zəhərlənmənin əlamətləri insanın immun sistemindən asılı olaraq fərqli şəkildə özünü göstərə bilər. Mədə ağrısı, ishal, qusma, yüksək hərarət və ümumi halsızlıq ən çox rast gəlinən əlamətlərdir. Ağır hallarda isə vaxtında tibbi müdaxilə edilməzsə, ciddi fəsadlar və hətta ölüm halları baş verə bilər," - o deyib.
M.Hüseynova vurğulayıb ki, havaların isinməsi ilə qidaların saxlanılması məsələsi daha da aktuallaşır.
"Yeməklər bir dəfəlik istehlak ediləcək miqdarda hazırlanmalıdır. Xüsusilə tərəvəzli, yumurtalı və ətli salatlar hazırlandığı gün yeyilməlidir. Otaq temperaturunda iki saatdan artıq qalan qidalar sağlamlıq üçün təhlükə yarada bilər. Növbəti günə saxlanılan qarışıq yeməklər də riskli hesab olunur. Bundan əlavə, qidaların həddindən artıq qızardılması nəticəsində zərərli trans yağlar əmələ gəlir ki, bu da ürək-damar xəstəlikləri, piylənmə və bəzi xərçəng növlərinin yaranma riskini artırır.
Xüsusi diqqət tələb edən məhsullar sırasında göyərti, meyvə-tərəvəz, balıq, düyü və emal olunmuş ət məhsulları da yer alır. Meyvə və tərəvəzlər istifadədən əvvəl yaxşı yuyulmalı, mümkün qədər mövsümündə yetişən məhsullara üstünlük verilməlidir.
Balıqlar təzə olmalı və düzgün temperaturda saxlanmalıdır. Bişmiş düyünün uzun müddət saxlanılması isə bakteriyaların çoxalmasına səbəb ola bilər. Həmçinin kolbasa, sosiska kimi emal olunmuş məhsulların və mənşəyi bəlli olmayan qidaların istifadəsi məhdudlaşdırılmalıdır. İctimai iaşə obyektlərində açıq şəkildə və uyğun olmayan şəraitdə saxlanılan mayonez, ketçup kimi souslardan hazırlanmış yeməklər də qida zəhərlənməsinə səbəb ola biləcəyindən onların istehlakında ehtiyatlı olmaq tövsiyə olunur", - o sonlandırıb.
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре