OpenAI “ChatGPT”nin yeni funksiyasını Messi ilə tanıtdı

"OpenAI" süni intellekt əsaslı "ChatGPT" platformasının yeni reklam çarxını yayımlayıb.

Milli.Az xəbər verir ki, qısa videoda 2022-ci ildə Qətərdə keçirilən futbol üzrə dünya çempionatının qalibi olan Argentina millisinin hücumçusu Lionel Messi yer alıb.

Reklam süjetində Messi "ChatGPT"dən öz fotosunun redaktə edilməsini xahiş edir. O, saçlarının Argentina bayrağının rənglərinə uyğun şəkildə dəyişdirilməsini istəyir. Süni intellekt tərəfindən emal olunan görüntüdən sonra futbolçu yenilənmiş şəkli komanda çatına göndərir.

Paylaşımda istifadəçilərə də eyni funksiyanı sınaqdan keçirmələri tövsiyə olunur.

Reklamın məqsədi "ChatGPT"nin şəkil redaktəsi və vizual generasiya imkanlarını nümayiş etdirməkdir. İstifadəçiyə verilən nümunə sorğuda isə saçların təbii görünüşü qorunmaqla ölkə bayrağının rənglərinə uyğunlaşdırılması istənilir və ölkə və ya şəkil göstərilmədikdə sistemin bunu dəqiqləşdirməsi vurğulanır.